Fevral ayının 24-də baş tutacaq növbədənkənar Prezident seçikilərinin mühüm mərhələsindəyik. Seçkinin bütün mərhələləri kimi təbliğat-təşviqat mərhələsi də uğurla, bütün namizədlərə bərabər imkan və şəraitin yaradılması ilə davam edir. 7 fevral seçkilərindən gözləntilər, cəmiyyətin bu seçkilərə olan marağı ilə bağlı Gülər Mübarizlə söhbətləşdik.
-Gülər xanım, qarşıdan növbədənkənar prezident seçkiləri gəlir. Seçkilərdən gözləntiləriniz nədir?
-Bildiyimiz kimi 7 dekabr 2023-cü il tarixdə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında dövlət başçısı İlham Əliyev tərəfindən Sərəncam imzalandı.
Bu seçkilər iqtidar nümayəndələri və jurnalistlər tərəfindən kütləvi informasiya vasitələrində Zəfər seçkisi olaraq da adlandırılmışdır. Əminliklə deyə bilərəm ki, ilk növbədə bütün xalq bu ada könüldən qoşuldu. Bu könüllülüyə və birliyə güvənərək bu seçkilərdən tam qalibiyyətlə doğru seçimi- qalib sərkərdəni lider kürsüsündə görməyi gözləyirik.
-İstər seçkidə iştirak edən, istərsə də iştirak etməyən əksər siyasilər 7 fevral seçkilərinin favoriti kimi İlham Əliyevi görürlər. Bu onu deməyə əsas verirmi ki, seçkilərinn qalibi məhz Cənab İlham Əliyev olacaq?
.Bəli, tamamilə doğru vurğuladınız, bu, əksər siyasilərin, siyasi partiyaların, birliklərin, daha doğrusu, bütün xalqın favoritidir. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan xalqı bu seçkidə bir yumruq kimi birləşib, oz sözünü deyir. Burada artıq sən, mən, o yoxdur; birlik var, xalq var, birlikdən doğan qüvvət var, gələcəyə inam var, liderə güvən var. Xalqın bu inamı , bu birliyi əksini düşünməyə izn verərmi?
Bizim bir sərkərdəmiz , bir qalibimiz var!
-Bir qayda olaraq gənclər ölkədəki ictimai-siyasi proseslərdə fəal olublar. Bəs növbədənkənar seçkilər ərəfəsində müşahidələriniz nədən ibarətdir? Azərbaycan gənci bu seçkidə də fəaldırmı və öz layiqli seçimini edə biləcəkmi?
-Bu çox gözəl hisdir, bu gün Azərbaycan gənci hər sahədə öz sözünü deyir, 44 günlük müharibədə şanlı əsgər adını tarixə yazdırdı, qəhrəmanlıq salnaməsinə imza atdı. Qarabağın hər guşəsinə üçrəngli bayrağımızı sancdı.
Bu gün ictimai-sosial həyatın bütün sahələrində gənclərin fəallığı qürurvericidir, elm aləmində artıq gənc imzalar güclü rol oynayır, alimlərimizin səsi dünyanın hər yerindən gəlir.
Ən önəmlisi də dar günündə zəncir kimi kilidləndi bu gənclik, hər kəs bir ailə kimi vətənə yardıma can atdı. Bundan əzəmətli nə olar, bundan sevincli, fəxarətli hansı hiss olar doğma vətənə?
Bəli, bu gün mən inamla deyirəm bunu, Azərbaycan Respublikasına vətən deyən hər bir seçici-istər gənc, istər yaşlı nəslin nümayəndəsi, hər kəs öz səsini doğru kəsə ünvanlayacaq. Bizim bir səsimiz var- o da qalib sərkərdəyədir! O sərkərdə ki, Qarabağımızı yenidən bizə qaytardı, o sərkərdə ki, düzgün strategiyası və siyasəti ilə bütün dünyaya adından bəhs etdirdi, o sərkərdə ki, torpaq həsrətindən, vətən yarasından bizi xilas etdi.
7 fevral- seçki günündə həmin o Qarabağ , həmin o xalq və bütöv Azərbaycan o qalib sərkərdəyə öz borcunu qaytaracaq. Və bunu könül xoşuyla, dərin məhəbbət və inamla edəcək. Bu da bizim öz sərkərdəmizə könül borcumuz olsun. Qarabağı xalqına geri qaytaran, qələbə sevincini ərmağan edib, zəfər qazandırana xalq da öz səsini ərmağan edib zəfər qazandıracaq!