Biz Tehrandakı səfirliyimizə qarşı terror aktını törədən şəxsin edam olunmasını istəyirik.
Bu barədə Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun atası Rizvan Əsgərov bildirib.
“Təxminən 1 il yarım öncə İran İslam Respublikasının Baş Prokuror müavini Bakıya gəldi və Azərbaycan Respublikasının Baş Prokurorluğunda görüşümüz oldu, başsağlığı verdilər və bildirdilər ki, İran İslam Respublikasının qanunlarına uyğun olaraq kompensasiya və ya edam cəzası verilə bilər. Orxan Əsgərovun atası olaraq, şüphəsiz ki, mən həmin dəqiqə edam cəzasını dedim”, – o bildirib.
R.Əsgərov qeyd edib ki, bir il yarım öncə bununla bağlı müvafiq sənədlər hazırlandı.
“Mən və kiçik oğlum qisas qismində edam istədiyimizi tələb məktubu kimi yazdıq. İndi isə bu tələbi yenidən istəyirlər. Biz də bu tələb məktubunu yenidən yazacağıq. Biz həmin terror aktını törədən şəxsin edamını istəyirik. Bizim başqa bir tələbimiz yoxdur. Yanvarın 27-də Orxan Əsgərovun ölümünün ildönümüdür. Həmin vaxt gedib müvafiq sənədləri notarial qaydada təsdiq edib, verəcəyik”, – deyə o bildirib.
Xatırladaq ki, ötən il yanvarın 27-də səhər saat 08:30 radələrində avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış şəxs Azərbaycanın İrandakı səfirliyinə qarşı xain terror hücumu törədib. Hücumun qarşısının alınması zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, iki nəfər isə yaralanıb.
Ötən gün isə Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib. Cinayət işi icra olunması üçün məhkəməyə göndərilib. Məhkəmə zərərçəkənlərin yaxınlarını dəvət edəcək. Zərərçəkənlər edamın icrasını tələb etdiyi halda, cinayət işi icra olunması üçün əlaqədar quruma göndəriləcək.