image-2000x150
image-1backend

“Biz bu yola gəlib çıxmaq üçün çox çətin sınaqlardan keçmişik” -VİDEO

image-728x90

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun sədri Cavanşir Feyziyevin başçılıq etdiyi deputat qrupu Şimali Kiprdə “İtirilmiş avtobus” abidəsinin açılışında iştirak edib.

Ulusal.az xəbər verir ki, 60 il əvvəl işə gedərkən yunan millətçiləri tərəfindən qətlə yetirilən 11 kiprli türkün xatirəsinə həsr olunmuş mərasimdə ŞKTR-in Prezidenti Ersin Tatar, parlamentin spikeri Zorlu Töre, Baş nazir Ünal Üstel çıxış ediblər.

O faciəli gündə – 1964-cü il mayın 13-də fəhlələri daşıyan həmin avtobusu tapmaq mümkün olmayıb, faciə qurbanlarının cəsədlərinin qalıqları isə 2009-cu ildə kənd quyularının birində aşkar edilib. Qatillər onları güllələdikdən sonra quyuya atıblar.

Prezident Ersin Tatar çıxışında azərbaycanlıların günahsız dinc insanların öldürülməsi kimi faciələrin acısını bütün xalqlardan yaxşı bildiyini qeyd edərək, ermənilərin Xocalıda törətdikləri qanlı soyqırımı aktını nümunə göstərib.

Siyasətçi mərasimdə iştirakına görə azərbaycanlı parlamentarilərə təşəkkür edib, türk xalqlarının yaxınlaşmasında Azərbaycan rəhbərliyinin və şəxsən Prezident İlham Əliyevin mövqeyini yüksək qiymətləndirib.

ŞKTR-in Baş naziri Ünal Üstel çıxışında Lefkoşanın Ankara və Bakı ilə həmrəyliyinin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, Azərbaycanla yaxınlaşma istiqamətində atılan hər yeni addım digər dövlətləri Şimali Kipr Türk Respublikası ilə dialoqa stimullaşdırır.

Baş nazir Şimali Kipr sakinlərinin gənc nəslini tarixi faktları yadda saxlamağa və yalan təbliğatla mübarizə aparmağa çağırıb.

Sonra çıxış edən ŞKTR parlamentinin sədri Zorlu Töre ölkəsinin suverenlik və müstəqilliyin təmin edilməsi istiqamətindəki kursunun dəyişmədiyini bildirib. “Xalqın tarixini unutdurmaq yolverilməzdir. Bundan dərs almaq və gələcək nəsillərə çatdırmaq vacibdir. Əks halda, faciəli hadisələr təkrarlana bilər və dezinformasiya Kiprdə baş verən hadisələrin təhrif olunmasına gətirib çıxarar.”, – deyə o vurğulayıb.

Azərbaycan və ŞKTR parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun sədri Cavanşir Feyziyev xatırladıb ki, Azərbaycan tarixi boyu dəfələrlə çağırış və təhdidlərlə üzləşib, lakin sonda bəlalara və problemlərə son qoyub. Millət vəkili buna misal olaraq Vətən müharibəsində ölkəmizin Qələbəsini göstərib.

“Əminəm ki, ŞKTR xalqı da müstəqillik mübarizəsində uğurlar qazanacaq. Azərbaycan sakinləri Kipr türk xalqına dərin rəğbət bəsləyir və həm parlament, həm də digər strukturlar səviyyəsində dəstəyə hazırdırlar. Biz bu yola gəlib çıxmaq üçün çox çətin sınaqlardan keçmişik. Faciələrə şahidlik etmişik.”, – deyə Feyziyev vurğulayıb.

Onun sözlərinə görə, Milli Məclis ŞKTR ilə dialoq üzrə gələcək addımları müzakirə etməyə hazırdır.

Mərasim iştirakçıları “İtirilmiş avtobus” abidəsinin açılışını bildirən qırmızı lenti kəsiblər. Heykəlin ətrafında yunan millətçilərinin qurbanlarının qalıqlarının yanında aşkar edilmiş əşyaların nümayiş olunduğu stend yaradılıb.

Daha ətraflı videomatrealda:

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90