image-rt-reklam
image-sssbackend

Bir yaşında atasını itirdi, anasıyla eyni gündə səhnəyə çıxdı, Cəfər Cabbarlı onun haqqında yazı yazdı…

image-728x90
Bu gün Xalq artisti, aktrisa Sona Hacıyevanın doğum günüdür.

Ulusal.az Kulis.az-a istinadla aktrisa haqqında maraqlı faktları təqdim edir.
Sona Salman qızı Hacıyeva 25 iyun 1907-ci ildə Şəkidə ziyalı ailəsində dünyaya göz açıb. Anası Əzizə Məmmədovanın aktrisa olması, gözəl qarmon ifa etməsi, babası Əbdülbağı Zülalovun xanəndəliyi onda musiqiyə maraq oyadıb.
***
Sonanın bir yaşı olanda atası vəfat edib. O və qardaşı babası Əbdübağı Zülalovun himayəsində qalıb. Onlar 1916-cı ildə anası ilə Tiflis şəhərinə köçüblər. Sonra Tiflisdən Türkmənistanın Aşqabad şəhərinə, 1919-cu ildə isə oradan Bakıya gəliblər. Əvvəl anası, sonra isə Sona şəhərdəki Əli Bayramov klubunda fəaliyyət göstərən dram dərnəyinə üzv olublar.
Ana ilə övlad eyni vaxtda səhnəyə gəliblər. Bu barədə Sona Hacıyeva xatirələrində yazır: “Bir gün anam mənə dedi ki, bu axşam tamaşamız var. Gəl, səni də ora aparım. Bir şərtlə ki, sakitcə oturub tamaşa edəcəksən. Mən buna çox sevindim. Yadımdadır ki, klubda bir kişi mənə yaxınlaşıb dedi:
“Qızım, sən bizə lazımsan. Bu gün Çimnaz olacaqsan”.
Onun sözlərindən təəccüblənib dedim ki, mənim adım Çimnaz deyil, Sonadır. Özüm də Əzizə xanımın qızıyam”.
***
Balaca Sonaya tapşırıblar ki, çıxarsan səhnəyə, suflyorlar nə desə, təkrar edərsən. O, bu sözləri təəccüblə qarşılasa da, anasının səhnədə bülbül kimi ötməsi onu ürəkləndirib. Səhnəyə çıxanda ayaqları əsib, dili tutulub, nə edəcəyini bilməyib. Çətinliklə də olsa, suflyordan eşitdiklərini təkrar edib. Sultanməcid Qənizadənin “Axşam səbri xeyir olar” tamaşasındakı Çimnaz surəti 13 yaşlı Sonanın teatr aləmində ilk addımı olub.
***
Səhnədəki ilk rollarından sonra dövrün görkəmli aktyorlarından Mirzağa Əliyev və Hacıağa Abbasov onu Bakı İşçi Teatrına dəvət ediblər.
Sona Hacıyeva 1923-cü ildə Azərbaycan Dövlət Dram Teatrında işə qəbul olunub. Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-cadu” əsərində Səlimə obrazını yaradıb. Bu onun dram teatrının səhnəsində ilk rolu olub. Mənbələrdə qeyd olunur ki, Sona xanımın oynadığı bu rol teatrın direktoru Rza Təhmasibin çox xoşuna gəlib. Aktrisa uzun illər bu teatrda çalışaraq müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında diqqəti cəlb edən obrazlar yaradıb.
***
Səhnəmizin ilk aktrisalarından olan Sona Hacıyeva bəzən Opera və Balet Teatrında da çıxış etmək məcburiyyətində qalıb. Çünki o dövrdə aktrisa sarıdan teatrlarımız çox korluq çəkib. Görkəmli sənətkar Hüseynqulu Sarabski də onun aktrisalıq məharətini və səsini çox bəyənib. Onun yaratdığı Leyli, Əsli, Asya, Şahsənəm obrazları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. O vaxtadək operada qadın rollarını kişilər və qeyri-millətlərdən olan aktrisalar oynayıblar.
Bu səbəbdən də Üzeyir Hacıbəyli, Müslüm Maqomayev çalışıblar ki, geniş yaradıcılıq imkanlarına malik olan Sona Hacıyeva tez-tez opera səhnəsində çıxış etsin. Beləliklə, o həm opera, həm də dram teatrın səhnələrində müntəzəm rol alıb. Bir səhnədə muğam oxuyubsa, digər səhnədə dramatik obraz yaradıb, hər iki vəziyyətdə çıxışları təbii və təsirli alınıb.
***
Sona Hacıyeva ömrünün sonuna kimi çalışdığı Dövlət Dram Teatrının səhnəsində klassik dramaturqlarımızla bərabər, xarici müəlliflərin əsərlərində də müxtəlif obrazlar yaradıb. Kazım Ziya, Rza Əfqanlı, Ülvi Rəcəb, Mərziyyə Davudova, İsmayıl Osmanlı, Möhsün Sənani, Mustafa Mərdanov, Ağasadıq Gəraybəyli kimi korifey sənətkarlarla tərəf müqabili olub.
***
Böyük dramaturq Cəfər Cabbarlı Sona Hacıyevanın teatr aləmindəki xidmətlərini yüksək qiymətləndirərək yazıb: “Azərbaycanlı aktrisalar içərisində nəzəri cəlb edən qüvvətli simalardan biri də Sona xanımdır. Səhnədə keçən günlər bu incə, zərif qızı böyüdüb yaradıcı bir sənətkara çevirmişdir”.
Çətin zamanlarda səhnəyə gələn, 200-dən artıq müxtəlif rollar yaradan, həm lirik, həm də komik obrazların mahir ifaçısı Sona Hacıyeva Azərbaycan kino sənətinin də inkişafına xidmət edib. “Bəxtiyar”, “Sevimli mahnı”, “Qızmar günəş altında”, “O olmasın, bu olsun”, “Səhər” filmlərinə çəkilən Sona Hacıyeva milli kinomuzun tarixində silinməz iz buraxıb.
***
Onun ən çox sevilən rolu isə “Bəxtiyar” filmində yaratdığı Zəhra obrazıdır. Zəhra klub müdiri Ağabalanın xalasıdır. Bacısı oğlu kimi saxtakar və müftəxordur. Uzun illər Ağabalanın sayəsində pul qazandığı üçün özünü ona borclu bilir. “Hüseynova bacıları”ndan biri olan Zəhranın kluba yoxlama gələrkən düşdüyü gülünc vəziyyət tamaşaçıda gülüş doğurur. O səhnədə “Gülbacı və Gülbadam” bacılarından biridir.
Sona Hacıyeva 1949-cu ildə Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülüb, “Şərəf nişanı” ordeni və başqa medallarla təltif edilib. Aktrisa 4 dekabr 1979-cu ildə 72 yaşında Bakıda vəfat edib.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90