Çempionlar Liqasında növbəti hədəf aydındır: “Qarabağ” bu dəfə Makedoniyada – “Şkendiya” səfərində həlledici sınağa çıxır. İlk oyunda Bakıda minimal hesabla (1:0) qələbə qazanan təmsilçimiz cavab görüşündə də üstünlüyünü qorumağa çalışacaq. Amma futbolun yazılmamış qanunu var: bir qol hər şeyi dəyişə bilər.
Bu mərhələ “Qarabağ” üçün təkcə növbəti tur bileti demək deyil, həm də pley-offun qapısını açmaq deməkdir. Pley-offa yüksəlmək isə artıq Çempionlar Liqasının qrup mərhələsinə bir addım qalması anlamına gəlir. Burada rəqiblər tamam başqa səviyyədə olacaq – təcrübəli, təzyiqə davamlı və səhvləri bağışlamayan komandalar. Ona görə də Makedoniya səfərində hər detal vacibdir: müdafiədə səhvsiz oynamaq, yaranan hər fürsətdən maksimum yararlanmaq və oyunun gedişini öz nəzarətində saxlamaq.
İdman şərhçisi Natiq Muxtarlı açıqlamasında bildirib ki, “Qarabağ”ın Çempionlar Liqasındakı mərhələlərində asan rəqib olmayacaq.
“Asan rəqib yoxdur. Qarşıdakı bütün komandalar öz ölkələrinin çempionudur. Baxmayaraq ki, “Qarabağ”ın potensial rəqibləri olan “Ludoqorets” və “Ferensvaroş”a qarşı keçmiş illərdə qələbələrimiz olub, bu bizi arxayınlaşdırmamalıdır”, – deyə N.Muxtarlı qeyd edib.
O, Qurban Qurbanovun da fikirlərinə istinad edərək bildirib ki, hər mövsüm Avropa futbolu ilə Azərbaycan futbolu arasındakı uçurum daha da böyüyür:
“Avropa futbolu inkişaf edir, Azərbaycan futbolu isə yerində sayır. Ona görə də keçmiş qələbələrə baxıb “yenə qalib gələcəyik” demək düzgün deyil. Komandaların indiki durumu, heyəti və oyun forması analiz olunmalıdır”.
N.Muxtarlı “Qarabağ”ın hücum xəttində ciddi problemlərin olduğunu vurğulayıb:
“Ən böyük problem hücumçudur. Yanukoviçin qayıdışı üstünlükdür, amma hücum potensialında hələ də boşluqlar qalır. Bitiricilik problemi ötən mövsümdən bəri həll olunmayıb.
“Şkendiya” ilə oyunda da kifayət qədər qol şansı yaratsaq da, dəyərləndirə bilmədik. Bu çatışmazlıqlar aradan qalxmasa, pley-off mərhələsi çox çətin olacaq”.
İdman şərhçisi “Şkendiya” ilə ilk oyunda müdafiə xəttinin etibarlı çıxışını müsbət məqam kimi dəyərləndirib, amma yekun uğur üçün bunun kifayət etmədiyini deyib:
“Əgər hücum problemi həll olunsa, Çempionlar Liqasının qrup mərhələsinə düşmək mümkündür. Amma heyət tam komplektləşdirilməli, bütün imkanlardan maksimum yararlanmalı və müdafiədə səhvsiz oynanılmalıdır. Pley-off mərhələsində səhv bağışlanmır. İki oyunda minimal hesabla qələbə belə bizi arxayınlaşdırmamalıdır. Bir qol buraxsaq, hər şey yenidən başlaya bilər. Bu mərhələdən sonra “Qarabağ”ın qarşısında 1-2 həftə vaxt olacaq və hücum xəttindəki çatışmazlıqlar aradan qalxarsa, istənilən rəqiblə mübarizə aparmaq mümkün olacaq. Amma bir daha deyirəm – “Qarabağ” mütləq güclənməlidir”.Musavat.com