Türkiyənin bu gün yaşadığı acının miqyası hansı böyüklükdədir? Zəlzələ baş vermiş ərazidə 13 milyondan çox insanın yaşadığını və bu ərazidə 8 mindən çox binanın yerlə yeksan olduğunu nəzərə alan zəlzələ mütəxəssisləri bu itkilərin 200 min nəfərə qədər arta biləcəyi proqnozunu verirlər. Bu dəhşətdir! İtkilərin miqyasının belə böyük olmasında kimlər günhkardır? Axı Türkiyədə ölkə ərazisinin az qala yarısına qədərinin təhlükəli seysmik zonada yerləşdiyini uşaqdan böyüyə hər kəs çox yaxşı bilir. On yeddi min insanın həyatına son qoymuş 1999-cu ilin böyük zəlzələ fəlakətindən nə üçün nəticə çıxarılmadı? Nə üçün belə dəhşətli zəlzələdən ötən dövr ərzində Yaponiya kimi seysmik zonada yerləşən ölkələrin tikinti təcrübəsindən istifadə olunmadı? Dünyanın hər yerində ən mürəkkəb tikinti işlərini yerinə yetirən türklər nə üçün özləri üçün tikə bilmirlər? Bütün bu suallara Türkiyə cəmiyyəti cavab tapmağa məhkumdur!
Görünən budur ki, Türkiyə cəmiyyətində para qazanmaq xatirinə insanların həyatını oda atmaq o qədər də çətin deyilmiş. Mümkün olan və olmayan bütün yollarla para qazanmaq seçimi edənlər bu cəmiyyətdə indi yaşanan fəlakətin başlıca günahkarlarıdırlar. Seçim dedikdə mən təbi ki, yalnız uçan binaları inşa etmiş tikinti şirkətlərini nəzərdə tutmuram. Bu sırada tikinti şirkətləri ilə yanaşı belə tikintilərə icazə verən və onları istismara qəbul edən bütün dövlət qurumları dayanırlar. Hesab edirəm ki, bu məsələdə tikənlərdən daha çox günahkarlar belə tikintilərə icazə verən və onları istismara qəbul edən dövlət təşkilatlarıdır. Bu gün zəlzələ nəticəsində uçmuş binalarda beton qırıqlarının arasından görünən adi məftil qalınlığında olan “armaturla” tikməyə kimlər icazə verib? Türkiyə cəmiyyəti bu faciədən nəticə çıxara biləcəkmi?
Bəs Azərbaycanda və xüsusilə onun paytaxtı Bakıda son iyirmi ildən artıq vaxtda tikilmiş və tikintisi davam edən binaların zəlzələyə davamlılığı hansı səviyyədədir? Bunu kim ölçüb indiyə qədər? Gəlin özümüzü aldatmayaq! Azərbaycanda tikinti sektorunda olan anarxiya bəlkə də dünyanın heç bir ölkəsinin tikinti sektorunda yoxdur. Tikmək üçün verilən rüşvətlərin miqyasını və ölçülərini bizim cəmiyyətimizdə kim bilmir ki? Bir çox hallarda tikinti üçün zəruri olan ən mühüm icazələri belə almadan tikənlərin sayı hesabı yoxdur. Tikib sonradan “icazə alamaq” isə adi hal alıb. Şəhərsalma qaydaları ortada ola-ola şəhərin mərkəzində bir-birinin içində tikilmiş binaların inşasına kim icazə verib? Bir misal! Yeni tikinti qaydalarına görə çoxmərtəbəli binaların tikildiyi ərazinin maksimum 40%-nin tikinti altında olması, qalan ərazinin isə yaşıllıq, parklanma və s. ehtiyaclar üçün istifadə edilə biləcəyi kimi tələblər ortada olduğu halda, Bakı şəhərinin göbəyində, Şamil Əzizbəyov və Salatın Əsgərova küçələrinin əhatəsində (keçmiş Təzə bazarın yaxınlığında) yerləşən 2 hektara qədər ərazidə son iki ildə ucaldılmış 20-dən artıq 15-18 mərtəbəli binaların tikintisinə (şəhərdə belə nümunələr kifayət qədərdir) kimlər icazə verib? Bu binalar demək olar ki, bir birinə bitişik tikilib.
Bütün bunlar problemin bir tərəfidirsə, onun digər tərəfi demək olar ki, vicdanını, pula satmış tikinti şirkətlərinin sahibləridir. Bu gün Azərbaycanda bir mənzili 3 və daha çox vətəndaşa satılmaq kimi yaramazlıqları kimlər edirlər? Vicdanını, ləyaqətini itirmiş belələri hansı keyfiyyətdə ev tikə bilərlər axı? Biz nə üçün bu sualları özümüzə vermirik? Türkiyədə baş vermiş zəlzələnin Azərbaycanda, onun paytaxtı Bakıda baş verməsinimi gözləyirik?
Bu gün dəniz qumundan istifadə edib beton hazırlayanlara, keyfiyyətsiz armaturdan (bir neçə dəfə emal olunmuş metaldan istifadə etməklə) istifadə edib tikənlərə xatırladıram ki, keçmiş Sovetlər dönəmində beton üçün istifadə olunan qum və çınqıl xüsusi olaraq yuyulurdu, min ədəd armaturdan birinin keyfiyyətsiz olması normal sayılırdı. Həmən armatur o qədər möhkəm olurdu ki, ondan dəmir kəcən alətlər düzəltmək mümkün olurdu və s. Bəs bu gün necə və nə ilə tikirik? Tikinti üçün ərazilər seçilərkən Azərbaycanın da aktiv seysmik zonada yerləşdiyini necə nəzərə alırıq? 2019-cu ildən ağıllı başlar tikinti üçün alınmalı olan xüsusi icazələrin içərisindən tikinti aparılacaq ərazinin seysmik vəziyyətini qiymətləndirən icazəni tamamailə çıxarıblar. Bax belə! Sözün bitdiyi yer! Seysmik zonada seysmoloji duruma qiymət vermədən tikirik!
Tikinti sektorunda yaranmış acınacaqlı vəziyyətə məsul olan yetkililər ayılın! Nə qədər ki, gec deyil ayılın və Bakıda son 20 ildən artıq vaxt ərzində ucaldılmış “novostroykaların” keyfiyyətini xaricdən – ilk növbədə Yaponiyadan mütəxəssislər dəvət etməklə yoxlatdırın. Bu işi belə tikintiyə icazə verən rüşvətxor qurumlara həvalə etməyin! Bunu edərsinizsə, deməli quzunu qurda tapşırmış olacaqsınız. Nə qədər ki, gec deyil vicdanı rüşvətlə yoğrulmuş məmurların icazəsi ilə vicdanını pula satan tikinti təşkilatlarının sahiblərinin ucatdığı binaların vətəndaşlarımız üçün məzarlığa çevrilməsi təhlükəsinin qarşısını vaxtında almağa çalışın!
Fikrət Yusifov
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar
İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru, professor