image-2000x150
image-img-20230418-wa0027backend

Bir fotonun tarixi: Ümummilli lider Heydər Əliyev və ziyalılarımız

image-728x90

Sovet illəri ərəfəsində Azərbaycan tarixində 60-cı illərin sonu-80-ci illərin ortaları mühüm yer tutur. Dövlətin rəhbəri kommunist olmasına baxmayaraq, Ulu Öndər Heydər Əliyev hakimiyyəti illərində xalqını düşündürən problemləri məharətlə həll edir, istiqlalın bərpası üçün lazım olan şərtləri ehtiyatla, məqsədyönlü şəkildə sovet Azərbaycanında hazırlayır, milli ziyalıları qoruyur, ləyaqətli yanaşır, idealizmə uymadan dövrün şərtləri daxilində gözlərinin qarşısında olan xalqı üçün daima əmək sərf edirdi.

1991-1993-cü illərdə ziyalılara qarşı olan laqeydlik o həddə çatmışdı ki, onların çoxu baş götürüb ölkədən getmişdi. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra uzaq düşən, xaricə üz tutan alimlərimiz yavaş-yavaş geri qayıtmağa başladılar. Elmlər akademiyasının fəaliyyətində canlanma, yeni istiqamətlər müəyyənləşdi. Heydər Əliyevin ilk görüşlərindən birini 1993-cü il sentyabrın 21-də Azərbaycan Respublikasının Elmlər Akademiyasında keçirməsi də təsadüfi olmamışdır. Həmin görüşdə Heydər Əliyev heç bir şərhə ehtiyac olmayan çıxış etmişdir: “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, elm inkişaf etməlidir”. Həmin vaxt deyilmiş bu sözlər elm və təhsilin perspektivini hazırladı və o dahi şəxsiyyət həqiqətən də vədlərini yerinə yetirib ən çətin şəraitdə yaşayan dövlətdə təhsil islahatlarının təməlini qoydu və möhkəmlətdi. Ulu Öndərin 1969-1982-ci illərdə elm və kadr potensialının yüksəldilməsini təmin etmək üçün həyata keçirdiyi tədbirlər nəticəsində yetişmiş yüksək ixtisaslı elm və təhsil nümayəndələri o islahatları reallaşdırdılar.
İkinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin elm və təhsil sahəsində atdığı ən əsas addımlarından biri də 15 may 2001-ci il tarixli fərmanıdır. Həmin fərmana, əsasən, Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adı verilmiş və bununla da akademiyanın elmimizin inkişafındakı rolu və nailiyyətləri rəsmən təsdiqlənmişdi.
Azərbaycan xalqına liderlik etdiyi illər boyu ziyalıların himayədarı olan dahi rəhbər Heydər Əliyev ədəbiyyat insanlarını da həmişə diqqət mərkəzində saxlayırdı. İstər yazarların, istərsə də ədəbiyyatşünasların əsas dayağı olan Ulu Öndər ədəbiyyata bələd olmuş və sevərək ədəbiyyatlar oxuyub və öyrənmişdir. Bunları Ümummilli Liderin hələ sovet dönəmində yazıçıların V, VI, VII, IX qurultaylarında iştirak etməsi də sübut edir.
1980-ci il oktyabrın 27-31-də Bakıda “Ədəbiyyatların dostluğu-xalqların dostluğudur” ümumittifaq konfransını təşkil edərək dünya yazıçılarını bir araya yığmağı bacaran Ulu öndər Heydər Əliyev 1981-ci ildə yazıçıların VII qurultayında Cənubi Azərbaycan ədəbiyyatı məsələlərinə toxunmuşdur. Bunun təfərrüatlarını Vilayət Quliyevin tərtib etdiyi “Ədəbiyyatın yüksək borcu və amalı” kitabında görmək mümkündür. Sovet dövründə cərəyan edən bu hadisələr müstəqillik illərində anbaan reallaşdırılmaqda davam edirdi. Çünki Cənubi Azərbaycan ədəbiyyatı həmişə Ulu Öndərin diqqətində olan məsələlərdən olub. Bunun nəticəsində 1997-ci il oktyabrın 29-da “Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalanmışdır.
1990-cı illərdə ölkəmizin düçar edildiyi ədalətsizliklərə, haqsızlıqlara, 1-ci Qarabağ müharibəsinin fəsadlarına baxmayaraq, Heydər Əliyev yenə də ədəbiyyat sahəsinə öz diqqət və qayğısından ayırmırdı. 1994-cü ildə satirik qələm ustası Cəlil Məmmədquluzadənin 125 illik yubileyinin keçirilməsi həmin çətinliklər dövründə böyük hadisə idi. Həmçinin Azərbaycanın azadlıq mücadiləsində fərqlənən şairlərin, yazıçıların dövlət tərəfindən mükafatlandırılması milli müstəqilliyə xidmət edirdi. 1995-ci ildə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən Bəxtiyar Vahabzadəyə verilən “İstiqlal” ordeninə sonralar Məmməd Araz və Xəlil Rza Ulutürk də layiq görülmüşdülər.
Ümummilli lider Heydər Əliyev sovet hakimiyyəti illərində olduğu kimi, müstəqillik illərində də yazıçıların qurultayında iştirak edib. 1997-ci ilin oktyabrında Azərbaycan Yazıçılar Birliyinin X qurultayında iştirakı yazarlar üçün böyük dəstək idi. Həmin qurultayın səmərəli nəticəsi olaraq Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanları olan “Azərbaycan”, “Qobustan”, “Literaturnıy Azerbaydjan”, “Ulduz” jurnalları və “Ədəbiyyat qəzeti” dövlət tərəfindən maliyyələşdirilərək nəşr edilməyə başlandı.
Hakimiyyətə gəldiyi ilk illərdə Ulu Öndərin Qazaxda Molla Pənah Vaqifin ev-muzeyinin yaradılması qərarını verməsi, 1980-ci il dekabrın 11-də Naxçıvan şəhərində Hüseyn Cavid kimi bir şəxsiyyətin ev-muzeyinin yaradılması qərarına imza atmaq öz dövrü üçün böyük ədəbi hadisə olmaqla yanaşı, milli hadisə idi. Heydər Əliyev 1982-ci il yanvarın 15-də Şuşada M.P.Vaqifin məqbərəsinin açılışında iştirak etmişdir.
Bütün bunlarla yanaşı, onun hakimiyyətinin birinci mərhələsində istər müasir, istərsə də klassik şair və yazıçıların yubileylərinə xüsusi qayğıkeşliklə yanaşmasını unutmaq olmaz. Həmin dövrdə klassiklərə olan diqqətdən danışarkən ilbəil keçirilən yubiley tədbirlərini xatırlamaq lazımdır. 1969-cu ildə ölkə rəhbəri təyin edilən Heydər Əliyev 1970-ci ildə Rəsul Rzanın 60 illik yubileyinin, 1973-cü ildə həm Nigar Rəfibəylinin 60, həm də Nəbi Xəzrinin 50 illik yubileyləri dövlət səviyyəsində təntənə ilə qeyd olunmasına, 1973-cü il sentyabrın 13-də İmadəddin Nəsiminin 600 illik yubileyinin Bakı ilə yanaşı, Moskvada da keçirilməsi bütün imperiyanı Azərbaycana diqqət ayırmağa sövq etməyə nail olur. 1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edilir. Qərarın icrasından irəli gələrək 1981-ci ildə şairin 840, 1991-ci ildə isə 850 illiyi dövlət səviyyəsində keçirildi.
Bildiyimiz kimi, ulu öndər Heydər Əliyev hər bir ədəbiyyat insanına, ziyalılara xüsusi qayğı göstərmiş, yeri gəldikcə onların layiqli dəyərlərini almaqlarına birbaşa vəsilə olmuşdur. Bunlarla yanaşı, onun özəl olaraq sevdiyi sənətkarların və əsərlərin də olduğu heç kəsə sirr deyil. Həmin sıraya C.Məmmədquluzadənin “Ölülər”, S.Vurğunun “Azərbaycan”, M.Şəhriyarın “Heydərbabaya salam”, Ü.Hacıbəylinin “Koroğlu”, H.Cavidin “İblis” əsərləri və “Molla Nəsrəddin” jurnalı daxildir. Ulu Öndərimiz bu sevginin qarşılığını daim öz xalqı tərəfindən hiss edib və bundan ilham almışdır.

Zərinə Hümbətova—Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90