image-rt-reklam
image-1backend

Bir cümlənin qurbanı olan ağırçəkili qubernator: Azərbaycanın dostu belə xatırlanacaq

image-728x90

Kemerovo vilayətinin keçmiş rəhbəri və Rusiya tarixinin ağırçəkili qubernatorlarından biri Aman Tuleyev 80 yaşında dünyasını dəyişib.

Ulusal.az Azərbaycanın da dostu olan Aman Tuleyev haqqında maraqlı məqamları təqdim edir.

“Bütün həyatını Kuzbasa və Rusiyaya xidmətə həsr etmiş parlaq, qeyri-adi bir insan”. Tulayevi hər kəs məhz belə xatırlayır.

Aman Tuleyev 1944-cü ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. Novosibirsk Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu və Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.1990-cı ildə Kemerovo Vilayət Xalq Deputatları Şurasının deputatı seçilib, bundan sonra Kemerovo vilayətinin Qanunvericilik Məclisinin rəhbəri olaraq, Kuzbassdan Federasiya Şurasının deputatı olub.

Tuleyev Kemerovo vilayətinə çətin vaxtlarda, mədənçilərin relslərdə oturduğu, Trans-Sibir dəmir yolunda hərəkətə maneə törətdiyi bir vaxtda rəhbərlik edib. Kuzbass sakinləri Tuleyevi öz fəaliyyətində həmişə xalqın mənafeyini üstün tutan əsl xalq qubernatoru kimi xatırlayırlar.

1990-cı illərin əsas siyasi fiqurlarından biri

Aman Tuleyev hələ rayona rəhbərlik etməmişdən əvvəl xalqın böyük sevgisini qazanıb. 1991-ci ildə dördüncü yeri tutduğu RSFSR prezident seçkilərində namizədliyini irəli sürüb. 1991-ci ilin avqustunda Kemerovo vilayət icraiyyə komitəsinin sədri olan Tuleyev Dövlət Fövqəladə Hallar Komitəsinin (QKÇP) çevrilişini dəstəkləyib. Bundan sonra prezident seçkilərində qalib gələn Boris Yeltsin onu vəzifəsindən uzaqlaşdıraraq Kuzbass fəhlə hərəkatının liderlərindən birini – Mixail Kislyuku vilayət administrasiyasının başçısı təyin edib.

Lakin Tuleyev regionda hakimiyyət uğrunda mübarizədən əl çəkməyib. 1994-1996-cı illərdə Kemerovo vilayətinin Qanunvericilik Məclisinin sədri vəzifəsində çalışıb və Federasiya Şurasında Kuzbasın nümayəndəsi olub.1997-ci ilə qədər Kislyukun populyarlıq səviyyəsi son dərəcə aşağı düşüb. Bu şərtlər altında Kreml Tuleyevi Kemerovo vilayətinin yeni rəhbəri olmağa dəvət edib.

Tuleyev qubernator olanda rayonda sosial mühit partlayış ərəfəsində idi. O vaxta qədər Kuzbasda bir çox şaxtalar bağlanaraq işçilərin kütləvi şəkildə ixtisarına səbəb olub. 1998-ci ilin may ayında bölgədə mədənçilərin tətilləri başlayıb. Onlar uzun müddət ödənişlərin olmamasından, ərzaq çatışmazlığından və iş şəraitinin pisləşməsindən narazı idilər.

Bu tətillərin nəticəsi olaraq etirazçılar bir sıra yolları, eləcə də ölkənin şərqinə yük və sərnişin daşımalarını iflic edən Trans-Sibir dəmir yolunu bağlayıblar.

Tuleyev isə öz növbəsində etirazçıların tələblərinin qanuni və ədalətli olduğunu bildirərək nümayişləri dağıtmaqdan imtina edib. “Dəmir yolu müharibəsi” yalnız işçilərə maaş borcları ödəndikdən sonra başa çatıb. “Ağırçəkili qubernator” sözünün çəksinində ağır olduğunu bu hadisədən sonra sübüt edib.

Kuzbasın 20 illik sadiq rəhbəri

Tuleyev 1997-ci il iyunun 1-dən 2018-ci il aprelin 1-dək Kuzbas qubernatoru vəzifəsində çalışıb, üç dəfə seçilib. Belə ki, 1997-ci ildə keçirilən qubernator seçkilərində o, 94,5 faiz, 2001-ci ildə 93,5 faiz, 2015-ci ildə 96,69 faiz səs toplayıb.

Tüleyevin qubernatorluğu illərində bölgədə kömür sənayesinin yenidən qurulmasına başlanılıb ki, bunun nəticəsində 1998-ci ildən 2016-cı ilə qədər kömür hasilatı ildə 160 milyon tondan 227 milyon tona yüksəlib. Bir sıra perspektivsiz və təhlükəli şaxtalar bağlanıb, qapalı kömür hasilatı azaldılıb. Buna baxmayaraq, bölgədə mədənçilərin kütləvi ölümü ilə bir sıra fəlakətlər baş verib. Belə ki, 2007-ci il martın 19-da Ulyanovskaya mədənində metan-hava qarışığının və kömür tozunun partlaması nəticəsində 110 nəfər həlak olub, 8-9 may 2010-cu ildə Raspadskaya mədənində 91 nəfərin ölümünə səbəb olan partlayışlar baş verib, 11 qurbanın cəsədi tapılmayıb. Siyasətçi dörd dəfə girovların xilas edilməsi əməliyyatlarında şəxsən iştirak edib.

Mərd, cəsur, açıqsözlü, daima xalqın yanında olan Tuleyev

1992-ci ilin iyununda Tuleyev Moskvadə avtobusda girov götürülən qızın azad edilməsində iştirak edərək girov qızla özünün dəyişdirilməsinə nail olub. 1995-ci il avqustun 17-də Kemerovoda sərnişinləri olan avtobusu ələ keçirmiş şəxslə də birbaşa özü danışıqlar aparıb. 27 avqust 2001-ci ildə Kemerovo hava limanında Tuleyev taksini ələ keçirən terrorçunu təslim olmağa inandırıb. 2009-cu il martın 13-də Kuzbas rəhbəri Leninsk-Kuznetskidə bank filialının işçilərini girov götürən cinayətkarla da danışıqları uğurla başa vurub. Mərd, cəsur, açıqsözlü və ən əsası sadə xalqın yanında olması ona hər zaman böyük sevgi və hörmət qazandırıb.

“Qış albalısı”nda yanğın və ya bir cümlənin qurbanı olan Tuleyev

Aman Tuleyev Kemerovo vilayətinin qubernatoru postunu vaxtından əvvəl tərk edib. Buna səbəb 2018-ci il martın 25-də “Qış albalı” ticarət mərkəzində baş verən güclü yanğın olub. Onun yanğında dünyasını dəyişənlərin qohumları haqqında səsləndirdiyi ifadə o vaxt böyük rezonansa səbəb oldu: Kuzbas rəhbəri qəzəbli Kemerovo sakinlərini fitnəkar adlandırmışdı.Və bundan sonra siyasətçi öz istəyi ilə 20 ildən artıq rəhbərlik etdiyi Kemerovo vilayətinin qubernatoru vəzifəsindən istifa edərək ərizəsini yazıb. O, son illərdə Kuzbas Peşə Təhsilinin İnkişafı İnstitutunun rektoru vəzifəsində çalışıb.

Yaxşı xatırlanan adam

80 illik ömür yolunda Aman Tuleyev müxtəlif dövlət mükafatlarına layiq görülüb. Onların arasında IV, III və II dərəcəli “Vətənə xidmətə görə” ordenləri və Aleksandr Nevski ordenləri də yer alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 may 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni”, “Aleksandr Nevski” ordeni ilə də təltif edilib.

Tuleyev yaddaşlarda yaxşı insan, vicdanlı rəhbər, peşəkar və səriştəli ictimai xadim, ən əsası siravi rus xalqının ən çox sevdiyi bir şəxsiyyət kimi qaldı. Mühüm olanı da budur: Özün gedirsən, əməllərin xatırlanır, sözün yaxşı mənasında.publika

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90