Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsi, 41 A saylı binanın sakinləri Binəqədi rayonu İcra Hakimiyyətinin təhdidləri ilə üz-üzədir. Artıq bir aya yaxındır ki, Binəqədi rayonu İcra Hakimiyyətinin göstərişi ilə 37 ailənin yaşadığı bu binaya nə su, nə qaz, nə də elektrik enerjisi verilmir. Səbəb olduqca ilgincdir. Bina sakinlərinin saytımıza verdiyi məlumata görə 37 ailənin yaşadığı bina İcra Hakimiyyəti tərəfindən qəzalı bina kimi qeydiyyata salınıb. İcra Hakimiyyəti sakinlərin binanı tərk etməsini tələb edir. Məhkəmə qərarı olmadan Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin göstərişi ilə binada bütün komunal xidmətlər dayandırılıb. Ən gülməlisi odur ki, Binəqədi rayon İcra Hakimiyyəti çıxarışlı mənzillərə cəmi 32 min AZN məbləğ təklif edir. Binadan çıxmaq istəməyən sakinlər artıq 25 gündür ki, qaranlıq və soyuq otaqları tərk etmirlər. Hal- hazırda Bakıda havanın olduqca soyuq olması belə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin yumşaltmayıb. Bina sakinlərinin saytımıza təqdim etdiyi videonu sizə təqdim edirik: