image-rt-reklam
image-1721481770_271752732_436826877809819_6243652150800973905_nbackend

Bəzilərinin cığallığına baxmayaraq, Azərbaycan həqiqətlərini artıq çoxları etiraf edir

image-728x90

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün iyulun 18-də İngiltərəyə işgüzar səfər etdi. Azərbaycan Prezidentinin tədbir çərçivəsində 12 ölkə və təşkilat lideri ilə keçirdiyi təkbətək görüş bir daha nümayiş etdirdi ki, bəzi bədxahlarımızın siyasi qısqanclığına və erməni təəssübkeşliyindən irəli gələn cığallığına baxmayaraq, dövlətimizin başçısı ilə təmas qurmağa maraq göstərən Avropa liderlərinin sayı dəfələrlə çoxdur. Böyük Britaniyanın ölkəmizdəki səfirliyi tərəfindən “X” hesabında Kral lll Çarlzın Prezident İlham Əliyev ilə görüşünü əks etdirən fotonun paylaşılaraq ona “Hər şeyin təzəsi, dostun köhnəsi” kimi şərh verilməsi, heç şübhəsiz ki, Ermənistanı və onun himayədarlarını bu dəfə də məmnun etməyəcək.

Fransa Prezidenti Emmanuel Makronun Zirvə toplantısı çərçivəsində keçirdiyi mətbuat konfransında Azərbaycan əleyhinə yenidən qərəzli fikirlər səsləndirməsi və ölkəsinin Ermənistanı silahlandırmaq siyasətinə haqq qazandırmağa cəhd göstərməsi bir daha təsdiq etdi ki, müharibələrsiz və dinc Cənubi Qafqaz, iddialarının əksinə olaraq, onların marağında deyil. Azərbaycan tələb edir ki, imzalanacaq sülh müqaviləsi, ilk növbədə, beynəlxalq hüquq normalarına və tarixi ədalət prinsipinə əsaslansın, Ermənistan zəruri hüquqi prosedurları həyata keçirərək ölkəmizə qarşı Konstitusiyasında və digər qanunvericilik aktlarında nəzərdə tutulan ərazi iddialarından birdəfəlik imtina etsin. Ermənistanın hamiləri isə Azərbaycan Prezidentinin bu haqlı tələbini riyakarcasına təhrif edir, onu dünya ictimaiyyətinə təhdid və ya yeni müharibəyə hazırlıq kimi sırımağa çalışırlar. Üstəlik, gələcək sazişə “ləyaqətli”, yaxud “şərəfli” sülh anlayışını calamaq üçün səy göstərirlər. Belə bir cəhd, əslində, o deməkdir ki, guya Azərbaycan nədəsə yanlışlıq edib və bu səbəbdən Ermənistanın xeyrinə hansısa güzəştə getməlidir…

Bu, Ermənistanın 30 illik təcavüzkar işğal siyasətini “malalamağa”, onu unutdurmağa yönəlmiş uğursuz və iyrənc təhrifetmə cəhdidir. Əgər belə olmasaydı, Prezident Makron mətbuat konfransında ölkəsinin Ermənistanı hücum silahları ilə müntəzəm şəkildə silahlandırmaq siyasətinə gülünc iddia ilə haqq qazandırmağa çalışaraq deməzdi ki, guya “bu, ilk növbədə, müharibədən qaçmaq üçün edilir”. Fransa Prezidentinin “ geriyə dönüb baxsaq görərik ki, 2020-ci ildə müharibəyə başlayan tərəf Azərbaycan olub” məzmunlu bəyanatı isə yalnız ona dəlalət edir ki, ölkəmizin 30 ildən sonra beynəlxalq hüquq normaları, o cümlədən BMT Nizamnaməsi əsasında öz ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün legitim haqqından istifadə etməsi Ermənistanın havadarlarını hələ də ciddi narahat edir. Əslində, bu cür riyakarlıq Azərbaycan cəmiyyəti üçün yenilik deyil. Prezident Makronun həqiqətləri təhrif edən yeni açıqlamaları onun 44 günlük Vətən müharibəsinin ilk günlərində verdiyi, beynəlxalq hüquqa zidd olan başqa bir bədnam bəyanatını xatırladır: “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”. Elə bütün bunlara görə, Ermənistan Baş naziri N.Paşinyanın Böyük Britaniyada Prezident İlham Əliyev ilə görüşdən qaçmasını təsadüfə bağlamaq, yaxud onun müstəqil seçimi kimi dəyərləndirmək sadəlövhlük olardı.

Zaman ötdükcə Avropada bu siyasi gerçəkliyi görməyə başlayan və onu obyektiv qiymətləndirən liderlərin sayı artmaqdadır. Artıq çoxları razılaşır ki, Azərbaycan ümum-Avropa qaz təchizatçısı missiyasını həyata keçirən ölkə kimi hərbi toqquşmalarda və yeni müharibələrdə, əsla, maraqlı deyil. Qəbul etməyə başlayırlar ki, Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən və ciddi iqtisadi-siyasi dividendlər qazanan Azərbaycan regional sabitlikdə, iqtisadi əlaqələrin genişlənməsində və yeni kommunikasiyaların açılmasında daha çox maraqlıdır. Bədxahlarımız qərəzli şəkildə bunun əksini iddia etməklə obyektiv gerçəkliklə yanaşı, həm də sağlam məntiqin əleyhinə çıxırlar. Artıq daha çox beyin mərkəzləri bunun fərqindədir. Ümidverici olan budur ki, Avropada sağlam məntiqə, siyasi gerçəkliyə və Azərbaycanla qarşılıqlı şəkildə faydalı olan iqtisadi-siyasi əlaqələrin genişlənməsinə üstünlük verən ölkə və təşkilat liderlərinin sayı gözlərimiz önündə artmaqdadır. Azərbaycan dövlət başçısının Böyük Britaniyada keçirdiyi ikitərəfli görüşlər bunu bir daha təsdiq edir. Prezident İlham Əliyevin Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda keçirilən dəyirmi masada verdiyi növbəti açıqlama da ona dəlalət edir ki, qlobal reallıq həqiqətləri təhrif edən bədxahlarımızın qərəzli mövqeyindən dəfələrlə üstün və məntiqlidir: “Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi-Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir-Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Sessiyadan əvvəl cənab Baş nazirlə müzakirə etdik ki, dünən Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq”.

Reallıq və məntiqli arqument elə budur. Azərbaycanın COP29 kimi nüfuzlu beynəlxalq tədbirə yekdilliklə ev sahibi seçilməsinin özü də geosiyasi reallıqla yanaşı, beynəlxalq hüquq normaları əsasında ərazi bütövlüyü və suverenliyimizin bərpa olunması faktının beynəlxalq miqyasda qəbul edilməsi deməkdir. Özü də bəzi bədxahlarımızın davam edən və dövlət ərkanı ilə uyuşmayan çığallığına baxmayaraq.

Ülvi Quliyev

VI çağırış Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90