Beynəlxalq siyasətin tam hüquqlu subyekti olan Azərbaycan mötəbər beynəlxalq regional və regionlararası təşkilatların üzvüdür. Belə nüfuzlu təşkilatlardan biri də Türk Dövlətləri Təşkilatıdır (TDT). Təqdirə layiq haldır ki, Azərbaycanın TDT-nin bütün üzv və müşahidəçi ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı faydalı
əlaqələr saxlaması qurumun fəaliyyətinə güclü təsir göstərir. Prezident İlham Əliyevin Bişkekə son səfəri və səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, rəsmi Bakı dünya siyasətinin qlobal proseslərinə birbaşa və ya dolayısı ilə təsir göstərən türk dövlətləri ilə münasibətləri dərinləşdirməkdə maraqlıdır və türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi, türk dünyasının gücləndirilməsi onun xarici siyasətinin prioritet istiqamətidir.
Azərbaycan türk dövlətləri ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi hesab edir və bu təşkilatın daha da güclənməsi və regional güc mərkəzi kimi inkişaf etməsini istəyir. Prezident İlham Əliyev 2024-cü il fevralın 14-də andiçmə mərasimindəki çıxışında demişdi ki, TDT Azərbaycan üçün əsas beynəlxalq təşkilatdır. Dövlət başçısı bunu təşkilat üzvlərinin bir ailə olması ilə əlaqələndirmişdi. Azərbaycanın bu baxımdan unikallığı həm də ondan ibarətdir ki, onun təkcə
çoxillik qardaşlıq əlaqələri deyil, həm də təşkilatın bütün iştirakçıları ilə müasir əlaqələri var. Azərbaycan müasir tarixinin böyük hissəsini məhz Mərkəzi Asiya respublikaları ilə bölüşür. Əməkdaşlığın əsası da ortaq tarix və maraqlardan qaynaqlanır.
Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra bu birlik daha da möhkəmlənir, türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Dövlətimizin başçısının TDT-
yə üzv ölkələrin inteqrasiyasına və inkişafına verdiyi töhfələr hamıya yaxşı məlumdur. Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündəki çıxışında səsləndirdiyi fikirlər də Azərbaycanın bu təşkilata diqqət və hörmətinin bariz nümunəsidir. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan TDT-ə maliyyə dəstəyi verəcək. Təşkilatın Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi ayrırıb. Dövlət başçısı
əmin olduğunu da diqqətə çatdırdı ki, ayrılan büdcə təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək. Əlbəttə ki, Azərbaycanın ideya və təşəbbüsləri TDT-nin gələcək inkişafına öz güclü təsirini göstərir.
Azərbaycanı türk dövlətləri ilə təkcə ortaq tarix və dil birləşdirmir. Ölkəmizi qardaş türk ölkələri ilə strateji əhəmiyyətli nəqliyyat dəhlizləri də bağlayır. Ölkəmizin Avropa ilə Asiyanın qovşağında yerləşməsi təşkilatın
üzvləri və müşahidəçiləri üçün nəqliyyat əlaqələri baxımından dəyərli üstünlük hesab olunur. Coğrafi mövqeyi Azərbaycana Cənubi Qafqazdan keçən bütün iri nəqliyyat layihələrində iştirak etməyə imkan verir. Belə layihələrdən biri də Avropanı Asiya ilə birləşdirən Şərq-Qərb nəqliyyat dəhlizidir. Hazırda Azərbaycan bu dəhlizin vacib iştirakçısıdır və bunu dəhliz vasitəsilə ölkəmizin ərazisindən daşımaların artması təsdiqləyir. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən
bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur.Təbii ki, bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.
Sənan Hüseynov – ADNSU III kurs tələbəsi
Nyu-York Elmlər Akademiyasının üzvü
ADNSU THİK Kitab Klubu sədri