“Türk dövlətləri liderlərinin Şuşa şəhərində keçirilmiş qeyri-rəsmi Zirvə görüşü ilk növbədə Azərbaycan tərəfindən bölgədə yaradılmış yeni reallıqların beynəlxalq səviyyədə daha bir təsdiqidir. Bu görüşü və orada aparılan müzakirələri beynəlxalq siyasət kontekstindən dəyərləndirməli olsaq bu keçmiş Azərbaycan-Ermənistan münaqişəsinə bənzər etno-siyasi qarşıdurmalara türk dövlətlərinin vahid yanaşma prinsiplərini nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Onun sözlərinə görə, bununla türk dövlətləri bu kateqoriyadan olan münaqişələrin həllinə və nəticələrinə yeni ədalətli yanaşma presedenti yaradırlar: “Bu, öz-özlüyündə həm də beynəlxalq siyasətdə yeni dəst-xətdir və ənənəvi dünya düzənində baş verən mütərəqqi dəyişikliklərdən xəbər verir.
Digər tərəfdən, bu Zirvə görüşü türk xalqlarının əsrlər boyu can atdığı birlik və bərabərlik siyasətinin reallaşmasının xəyal deyil, reallıq olduğunu göstərən daha bir mütərəqqi təşəbbüsdür. Bu təşəbbüsün mərkəzində Azərbaycan dövləti və Prezident İlham Əliyev dayanır. Prezidentin inauqurasiya mərasimində türk dünyası ilə bağlı söylədiyi fikirlərin məntiqi davamı kimi biz bütün türk dövlətlərinin başçıları tərəfindən Şuşada Qarabağ Bəyannaməsinin imzalandığını gördük. Bu Bəyannaməni yaxın perspektivdə türk dövlətləri arasında inteqrasiya proseslərinin dərinləşdirilməsini hədəfləyən çoxşaxəli fəaliyyət proqramının preambulası da hesab etmək olar”.
Millət vəkili əlavə edib ki, doğrudur, praktik baxımdan belə bir ittifaqa nail olmaq üçün hələ çox işlər görülməlidir: “Lakin Qarabağ Bəyannaməsinə imza atmaqla türk dövlətlərinin liderləri faktiki olaraq beynəlxalq siyasət üçün vahid siyasi, iqtisadi, hərbi, mədəni əsaslara malik olacaq yeni bir ittifaqın yaranmasının anonsunu vermiş oldular. Bu hər bir türk xalqının tarixinə yazılacaq cəsarətli bir siyasi addımdır. Bu XXI əsrdə dünya türklüyünün yeni bir siyasi, iqtisadi, mədəni inkişaf mərhələsinə qədəm qoymasının müjdəsidir. Bu türk xalqlarının tarixində yeni bir mənəvi yüksəliş dövrünün başlanğıcından xəbər verir”.