30 ildən sonra ilk dəfə olaraq sentyabrın 1-də Azərbaycanın bütün ərazilərində Milli Məclisə növbədənkənar seçkilər keçirilib. VII çağırış Milli Məclisə seçkilərdə lider namizədlərin adları məlumdur.
VI çağırış Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Unikal”a müsahibəsində seçkilərin keçirilməsindən, bəzi keçmiş deputatların yerinə övladlarının seçilməsindən, vəzifədə olan şəxslərin yenidən seçkilərdə iştirak etməsindən və digər məsələlərdən danışıb.
– Siyavuş müəllim, məlum olduğu kimi, sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirildi. Siz də 2 saylı Şərur-Kəngərli seçki dairəsindən namizədliyinizi irəli sürdünüz və həmin dairənin lider namizədisiz. Seçkilərin nəticələrini necə qiymətləndirirsiz?
– Azərbaycanda həmişə olduğu kimi, azad, demokratik, şəffaf seçkilər keçirildi. Ölkəmizdə həmişə seçkilər ən yüksək şəkildə təşkil olunub. Seçkilərdə bütün partiyalara bərabər şərait yaradılmışdı. Yaşı 18-dən yuxarı olan 6 milyondan artıq seçici var. Onların hər birinin seçmək və seçilmək hüququ var. Bu hüquqdan istifadə etmək üçün hər bir şəxsə kifayət qədər şərait yaradılmışdı. Bu prosesdə 25 siyasi partiya iştirak etdi və namizədlərini irəli sürdü. 1500-ə yaxın vətəndaş namizədliklərini irəli sürdülər. Onlardan sənədlərini təqdim edənlər və etməyənlər oldu. Təxminən 1000-ə yaxın şəxs namizəd kimi qeydə alındı. Hər bir siyasi partiya öz potensialına uyğun şəkildə dairələrdən müxtəlif namizədlər irəli sürmüşdü. Qarşılıqlı rəqabət şəraitində proses gedirdi. Hər bir dairədə orta hesabla 7-8 namizəd mübarizə aparırdı. Bu da ciddi rəqəmdir. Dünyanın istənilən ölkəsini götürsək bu cür nümunəvi seçkilərin keçirilməsi olmayıb. Hər bir yerdə seçkilərdə uduzan tərəf məğlubiyyət ilə razılaşmır. Uduzduğunu demir, müxtəlif bəhanələr gətirir, fikirlər söyləyir.
– Seçkidən sonra bəzi müxalif partiya rəhbərləri istefa verdiyini, bəziləri isə istefa verəcəyini açıqladı. Bu nə ilə bağlıdır?
– Bunun özü də yeni normadır. Hesab edirəm ki, bunlar hamısı qanunauyğun proseslərin həyata keçirilməsi ilə əlaqədardır. Siyasi partiyanın ən əsas funksiyalarından biri seçkilərdə iştirak etməkdir. Əgər siyasi partiya seçkidə iştirak etmirsə, hansı siyasi partiyadan danışa bilər? O artıq dərnəkdir. Siyasi partiyanın birinci məqsədi seçkilər yolu ilə hakimiyyətə gəlmək və öz proqramlarını həyata keçirməkdir. Partiyanın proqramı yoxdursa, seçkidə iştirak etmirsə, yer qazana bilmirsə, təbii ki, burada müxtəlif dəyişikliklərə ehtiyac var. Azərbaycan müstəqillik əldə etdikdən bu günə qədər siyasi partiya rəhbərləri seçkidə uduzduqca əl çəkmirlər. Yenidən həmin partiyaya rəhbərlik edirlər. Seçkinin nəticələrini təhlil etmirlər ki, hansı dairədə güclü, hansında zəif idilər. Əksinə görmüşük ki, siyasi partiya rəhbəri seçilməyibsə, başqa biri seçilibsə, həmin şəxsi partiyadan uzaqlaşdırıblar. 1995-ci ildə Müsavat Partiyasından Şirzad Əyyubov deputat seçilmişdi. İsa Qəmbər, Arif Hacılı isə seçilməmişdi. Nəticə etibarı ilə Şirzad Əyyubovu partiya sıralarından xaric etdilər. 2000-ci ildə Vaqif Səmədoğlu Müsavat Partiyasından deputat seçilmişdi. Onu da partiyadan xaric etdilər ki, niyə İsa Qəmbər və yaxud oradakı hansısa funksioner seçilməyib. Ona səs verməyiblər. Vaqif Səmədoğlunu xalq sevirdi, ona səs veriblər. Digər partiyalarda da bu cür anlayış, düzgün olmayan təfəkkür irəli sürülmüşdü ki, ancaq partiya sədrləri seçilməlidir. Sən birinci partiya daxili seçki keçir gör ki, partiya sədrinə səs verirlər ya yox. Gizlin şəkildə qurultay keçirib öz tərəfdarlarını yığıb özlərinə səs verdirirlər.
Məsələn, İsa Qəmbər Arif Hacılıya ötürür, o da yenidən ona qaytarır. Xalq Cəbhəsi Partiyasından Əbülfəz Elçibəyin müavinlərinin hamısı seçilib. Məsələn, Mirmahmud Fəttayev, Fazil Mustafa, həmin hakimiyyətin baş naziri olmuş Əli Məsimli, Pənah Hüseyn, sədr müavinləri Asim Mollazadə, Qüdrət Həsənquliyev və s. şəxsləri sadalamaq olar ki, deputat olublar. Axırıncı Razi Nurullayev Əli Kərimlinin müavini idi. Deputat seçildiyi üçün partiyadan uzaqlaşdırdılar. Bu onu göstərir ki, partiya sədri özünün seçilməsini istəyir. Deyir ki, mən olmasam, qalanları heç kimdir. Əgər sən fəaliyyətinlə partiyanı geri çəkirsənsə, istefa verib getməlisən ki, partiya inkişaf etsin. Bu addımı atmırsansa, ancaq evdə oturub TikTok-da mənə səs verin, layk edin deyib blogerliklə məşğul olursansa, bu cür siyasətlə məşğul olma. Bu gün görürük ki, yeni bir situasiya yaranıb. Bu yaxınlarda Türkiyədə seçkilər keçirildi. Parlamentdə ikinci yeri tutan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu istefa verdi. Digər partiya sədrlərindən də istefa verənlər oldu ki, yeniləri gəlib partiyanı qələbələrə hazırlasınlar. Bu normal bir prosesdir və dünyanın hər bir yerində rast gəlinir. Azərbaycanda da bu proses başlayıb. Seçkidən sonra üç partiya sədri bunu elan etdi ki, yeni insanlar partiyaya rəhbərlik edib inkişaf etdirsinlər. Həmin şəxslər də digər sahələrdə daha yaxşı uğur əldə edə bilərlər. Daha AXCP kimi partiyanı gəlir mənbəyinə, ailə biznesinə çevirməli deyillər.
– Məlum olduğu kimi, məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində xüsusi ittiham qaydasında edilən şikayəti icraata götürüb. Ə.Kərimli barəsində AXCP-nin sabiq partiya üzvü Aydın Əliyev məhkəməyə müraciət edib. O Ə.Kərimlinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyib. Məhkəmə bu şikayətlə bağlı hansı qərarı verə bilər?
-Biz hüquqi dövlətdə yaşayırıq və hamı qanun qarşısında bərabərdir. Kimin partiya rəhbəri, üzvü olmasından asılı olmayaraq, hamı qanun qarşısında cavabdehlik daşıyır. Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri olan icra başçıları var idi ki, rüşvətxorluq və korrupsiyaya görə həbs olundular. Onlara müxtəlif cəzalar kəsildi. Onların YAP-ın sıralarında olması törətdikləri cinayəti himayə etmir. Hər bir partiya üzvü, insan bunu dərk etsin ki, qanun hamı üçün bərabərdir. Biz dəfələrlə onların xəyanətlərini də görürük. Xaricdən oğurluqla necə pul almaqları sübutlarla görünür. O cümlədən xaricə necə işlədikləri də məlumdur. Xaricdə başladılan anti-Azərbaycan kampaniyasını burada necə həyata keçirdiklərinin şahidiyik. İndiyə qədər arayış satırdılar. Həmin dövrə qədər guya onlar burada sıxışdırılır və s. Həmçinin Əli Kərimli partiyanın üzvü olmayan şəxslərə 3 min dollara arayış satırdı. Bir gün məhkəmə qarşısında bunların cavabını verməlidir. Onu-bunu məhkəmələrə göndərmək deyil, artıq özü də gəlib cavab verməlidir.
– Növbədənkənar parlament seçkilərində əvvəlki deputatlardan bir neçəsinin övladı seçkilərə qatıldı və həmin dairələr üzrə də lider namizədlərdir. Bu da geniş müzakirə olundu, atalar getdi, yerinə övladları gəldi. Bununla bağlı nə deyə bilərsiniz?
-Bir-iki nəfər var. Bu, təyinat, irsi keçən məsələ deyil, seçkidir. Vətəndaş hesab edirsə, onu seçir, istəmirsə, seçmir. Ona görə də qınaya bilmərik. Məsələn, bəstəkarın oğlu bəstəkar ola bilir, heç kim nə isə demir. Müğənnilərdən də görürük ki, övladlarıdan onların yollarını davam etdirənlər var. O cümlədən digər bir neçə sahəni misal göstərə bilərik. Amma bunlardan fərqli olaraq deputatlıq seçki yolu ilə olur. Əgər seçicilər səs verəcəklərsə, olacaq, səs verməyəcəklərsə, olmayacaq. Burada başqa variant ola bilməz.
– Bu seçkilərdə diqqət çəkən məqamlardan biri də odur ki, əvvəl deputat olub sonra vəzifəyə gedənlərin bir neçəsi yenidən seçkilərə qatıldı. Həmin şəxslərin hər biri lider namizədlərdir. Onların yenidən parlament seçkilərinə qatılmasına münasibətiniz necədir?
– Dünyanın hər bir yerində belə yerdəyişmələr olur. Türkiyədən, Rusiyadan, ABŞ-dən, Almaniyadan, Böyük Britaniyadan və s. belə misallar göstərmək olar. Məsələn bir şəxs millət vəkili seçilir, sonra nazir olur və yenidən parlamentə qayıdır. Bu insan ictimai-siyasi həyatdadır, ondan uzaqlaşmır. Qanun buna qadağa qoymur. Qanun buna qadağa qoymursa, vətəndaş istənilən an öz hüququndan istifadə edə bilər.
-Bir neçə yaşlı deputat yenidən seçkilərə qatıldı və uğur qazandı. Bununla bağlı da müzakirələr oldu. Necə düşünürsüz, parlamentdə ancaq gənclər olmalıdır ya yaşlı nəslin nümayəndələri də yer almalıdır?
– O fikrin əvvəldən də əleyhinə olmuşam. Hər bir insan yaşlanacaq. Görürsən ki, gənclər bu məsələni daha çox ortaya atırlar. Sən ağlını onun ağlı ilə yanaşı qoyub yoxla ki, sənin ağlın ona çatır ya yox. Birinin atası yaşlıdırsa, onda evdən qovmalıdır? İnsana da belə suallar verərlər. Biz həmişə demişik ki, yuxarı başda ağsaqqalı, böyüyü əyləşdiririk. Əlbəttə, parlamentdə yaşlı da, orta nəslin nümayəndəsi də, gənc də olmalıdır. Eyni zamanda, müxtəlif siyasi baxışlı insanlar, mütəxəssislər olmalıdır. Yenə də bunların hamısı seçimə bağlıdır. Elə zona var ki, orada deyirlər bura uşağı niyə göndəriblər, yaşlı adam olsun. Digər bir yerdə isə deyirlər ki, bura niyə yaşlı adamı göndəriblər? Onun iki nəfər qolundan tutub güclə qaldırır, bura cavan gəlməlidir. Ona görə də hər bir şəxs namizədliyini irəli sürəndə o dairədə ilk növbədə tədqiqat aparmalıdır ki, buradakı seçici kimi istəyir.