Azərbaycan bayrağını təhqir edən 3 erməni “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
Ulusal.az Trend-ə istinadən xəbər verir ki, 2021-ci ildə Azərbaycan bayrağını təhqir edən şəxslərdən üç nəfəri saxlanılıb.
Xatırladaq ki, 2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılmışdı.
Həmin zaman faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
Azərbaycan tərəfi dəfələrlə qanunpozuntuları törətmiş ermənilərin bağışlana biləcəyi ilə bağlı humanist açıqlamalar verib. Ehtimal olunur ki, Azərbaycan dövləti növbəti dəfə humanist yanaşma sərgiləyərək saxlanılan şəxslərin gənc və idmançı olduqlarını nəzərə alaraq inzibati qayda məsuliyyətə cəlb edə bilər.
İstənilən halda isə, Azərbaycan bayrağını təhqir edən və azərbaycanlılara qarşı nifrət, düşmənçilik ruhunda olan şəxslərin Azərbaycan ərazisində yaşaması qeyri mümkündür və onlar mütləq qayda da Ermənistana deportasiya olunmalıdır.