Niyə “onsuz da Tramp seçiləcək” fikri daha inandırıcı təsir bağışlayır?
Co Baydenin prezidentlik yarışından çəkilməsi Demokratlar partiyasının şanslarını nisbətən artırsa da, qətiyyən onların birmənalı qələbəsini təmin etmir. Ən azından ona görə ki, Baydenin dəstək ifadə etdiyi Kamala Harris yumşaq desək, heç də ABŞ-də ən poulyar, sevilən və nüfuzlu siyasətçi sayıla bilməz.
Digər yandan isə Demokratları zəif göstərən təkcə onlara başçılıq edən liderin kimliyi, onun şəxsi keyfiyyətləri və s. deyil, həm də partiyanın arxasında duranların son illərdə apardıqları siyasətin ağır fəsadları, eləcə də Respublikaçılar Partiyasının namizədinin populyarlığının artmasıdır.
Yaranmış situasiya, bir ğözü daim ABŞ-də olan Avropanın siyasi durumuna da təsirsiz ötüşməyib.
“AzPolitika” xəbər verir ki, “Politico” nəşri Co Baydenin dövlət başçısı postu uğrunda mübarizədə iştirakdan imtina etməsindən sonra Avropa İttifaqı ölkələrinin liderlərinin üç qrupa bölündüyünü yazıb.
Qəzetin fikrincə, burada birincilər Baydeni bu qərarına görə tərifləyir, ikincilər Donald Trampa etimad göstərir və dəstəkləyirlər. Üçüncülər isə sadəcə, “şəbəkədə olmaqdan həzz alırlar”. Yəni, dəqiq mövqe ifadə etmədən, neytral, ümumi ifadələrlə siyasətdəki varlıqlarını nümayiş etdirirlər.
Nəşr qeyd edir ki, Baydenin qərarını dəstəkləyənlər arasında Almaniya kansleri Olaf Şolts xüsusi seçilir.
Şolts Baydenlə bağlı deyib: “Dostum Co Bayden çox şey əldə etdi: ölkəsi, Avropa, dünya üçün. Onun sayəsində transatlantik əməkdaşlıq güclüdür, NATO güclüdür və ABŞ bizim üçün yaxşı və etibarlı tərəfdaşdır. Onun daha bir müddətə seçilməmək qərarı hörmətə layiqdir”.
Oxşar fikri Polşanın Baş naziri Donald Tusk da bildirib: “Hörmətli prezident Co Bayden! Siz Polşanı, Amerikanı və dünyanı daha təhlükəsiz edən, demokratiyanı gücləndirən bir çox çətin qərarlar qəbul etdiniz. Bilirəm ki, son qərarınızı açıqlayanda eyni motivləri rəhbər tutmusunuz. Yəqin ki, bu, həyatınızdakı ən çətin qərar idi”.
Britaniyanın Baş naziri Keir Starmer də öz növbəsində Baydenin seçiminə hörmətlə yanaşdığını deyib: “Bilirəm ki, o, bütün karyerası boyunca olduğu kimi, Amerika xalqı üçün ən xeyirli olduğuna inandığı qərarı verəcək”.
İspaniyanın Baş naziri Pedro Sançez Baydenin qərarını “cəsarətli və layiqli” adlandırıb və Baydenə heyranlığını bildirib.
Çexiyanın Baş naziri Petr Fiala isə Baydenin qərarını “öz ölkəsinə onilliklər ərzində xidmət etmiş dövlət xadiminin qərarı” adlandırıb: “Bu, məsuliyyətli və çətin addımdır və buna görə də daha dəyərlidir”.
Lakin Baydenin bu addımı və gələcək mümkün ssenarilərlə bağlı daha açıq və radikal mövqe nümayiş etdirənlər də var.
Məsələn, Britaniyanın populyar siyasətçilərindən olan sağçıların lideri, “Reform UK” partiyasının sədri Naycel Farac alternativ fikir bildirib: “Mən bunun 2023-cü ilin sentyabrında baş verəcəyini proqnozlaşdırmışdım. Onlar (demokratlar) kimi seçsələr də, Tramp noyabrda qalib gələcək”.
Avropa Parlamentinin sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasından olan deputatı Maksimilian Kraç da eyni fikirdədir. O, vitse-prezident Kamala Harrisi əvəzedici namizəd kimi dəstəkləyən Baydenin qərarının Trampı dayandırmayacağını söyləyib.
Latviya Prezidenti Edqars Rinkeviçs isə neytral mövqe tutub: “Siyasət heç vaxt bu qədər maraqlı olmamışdı”.
Bu arada Baydenlə birlikdə çalışmış keçmiş prezident Barak Obamanın mövqeyi maraq doğurub.
Belə ki, o, Baydenə seçki kampaniyasından çəkilmək qərarına görə minnətdarlığını bildirərək, onu “ən yüksək səviyyəli vətənpərvər” adlandırsa da, hazırkı prezidentin dəstəklədiyi Kamala Harrisə birmənalı dəstək ifadə etməyib: “Mən tam əminəm ki, bizim partiyanın liderləri görkəmli bir namizədin meydana çıxması ilə nəticələnəcək proses təşkil edə biləcəklər”.
Bu, o deməkdir ki, Harrsis Demokratların arasında ciddi nüfuz sahibi olan Obama üçün heç də “ən görkəmli” namizəd deyil. Doğrudur, məntiqlə Harrisin namizədliyinin irəli sürülməsi daha əlverişli görünür.Ən azından ona görə ki, Harris Baydenin seçki fondundan asanlıqla istifadə edə biləcək, yeni seçki qərargahının yaradılmasına ehtiyac olmayacaq və sair. Lakin bunlar məsələnin texniki tərəfləridir. Siyasi baxımdan isə Harrisi heç də Trampa şəksiz qalib gələ biləcək namizəd hesab etmək olmaz. Onun nə xarizması, nə populyarlığı, nə də indiyə qədərki fəaliyyəti amerikalılar üçün uğur simvolu, yaxud “vazkeçilməz miras” hesab edilə bilməz.
Demokratların tamamilə başqa bir namizəd irəli sürmək və onu populyarlaşdırmaq üçün isə nə vaxta, nə də enerjiyə sahib oduqları görünür. Odur ki, “onsuz da Tramp seçiləcək” fikri daha inandırıcı təsir bağışlayır…“AzPolitika.info”