Bu ölkədən İrəvana siyasi, maliyyə və hərbi yardım edilir, ən müxtəlif səviyyədə amerikalı məmurların səfərlərinin ardı-arası da kəsilmir; analitiklər görünməz səbəbləri açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində çoxsaylı danışıqlarda iştirak etsə də, onun ABŞ prezidenti ilə qısa da olsa görüşü olmadı. Halbuki cəmi bir neçə gün əvvəl Ermənistanın müstəqillik günü ilə bağlı İrəvana göndərdiyi məktubda Bayden iki ölkə arasında münasibətləri strateji müttəfiqlik kimi qiymətləndirmişdi.
Üstəlik, bir neçə aydır ki, İrəvana siyasi, maliyyə və hərbi yardım edilir, ABŞ-dan bu ölkəyə ən müxtəlif səviyyədə məmurların səfərlərinin ardı-arası da kəsilmir. Ekspertlər bu baxımdan hesab edirlər ki, Bayden-Paşinyan görüşü olmalı idi. Amerikaşünas politoloq Suren Sərkisyan Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin təşkil etdiyi “ABŞ-da seçkilər və onların postsovet məkanına təsiri” adlı dəyirmi masada bu mövzuda maraqlı fikir bildirib.
O deyib ki, ABŞ öz fəaliyyətində Ermənistan-ABŞ deyil, regional gündəliyi rəhbər tutur. Sərkisyan da xatırladıb ki, Co Bayden administrasiyası ilə Nikol Paşinyan arasında yüksək səviyyəli təmaslar – telefon danışığı və ya görüş olmayıb. Politoloq hesab edir ki, “bu, Ermənistanla münasibətləri inkişaf etdirməkdə deyil, ilk növbədə Rusiyanın Cənubi Qafqazda təsirini zəiflətməkdə maraqlı olan ABŞ-ın regional gündəliyinin konturlarını göstərir”.
Politoloq Fərhad Məmmədov (Azpolitika.info) deyib ki, bu görüş Paşinyan üçün vacib idi: “Baydenlə görüş, ən azı bir kənarda fotoşəkil, çiyninə dostcasına sığal çəkmək daxili siyasi kontekstdə, xüsusən də ayın sonunda Kazanda Putinlə görüş ərəfəsində çox faydalı olardı. Paşinyan ABŞ-a səfərindən əvvəl də KTMT-ni Ermənistanın təhlükəsizliyinə təhdid adlandırmışdı. Lakin belə təxribatçı bəyanat belə ABŞ prezidenti ilə bir auditoriyanı bölüşmək üçün kifayət etmədi”.
Siyasi analitik Maykl Rubinin dediyi kimi, “ABŞ Ermənistana dəstək verməyə hazırdır, amma Paşinyana yox – və bu, fundamental bir fərqdir”. Paşinyanın Nyu-Yorka səfəri cavablarından daha çox sual doğurdu. Baydenin erməni lideri ilə görüşdən qaçması, ehtimal ki, seçki ilə bağlı narahatlıqlarından qaynaqlanır, çünki o, erməni diasporasının dəstəyini itirməkdən çəkinirdi. Buna baxmayaraq, bu imtina aydın bir mesaj verir: Ermənistanın rəhbərliyi öz xarici siyasət ambisiyalarında təkcə ABŞ-a güvənə bilməz. Rusiya ilə münasibətlərdə gərginliyin artdığı bir şəraitdə Paşinyan çətin bir seçimlə üz-üzədir – Qərblə yaxınlaşmanı davam etdirmək, yoxsa Vaşinqton və Moskva arasında tarazlığı bərpa etməyə çalışmaq.
“Bayden Zelenski ilə görüşdü. Onun gündəliyində qlobal müharibə var. Paşinyanın Rusiyanın sanksiyalardan yayınmaqda xidməti ABŞ-ın xoşuna gəlmir. Amerikalılar istədikləri nəticəni tam ala bilmirlər. Son vaxtlarda Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyanın da adı təsadüfi çəkilmir və Vaşinqtonun ona “stavka” etdiyi haqda iddialar var. Ona görə də Nikolun Putinə iqtisadi spektrdə köməyi Baydenin ürəyincə deyil”, – deyə professor Qabil Hüseynli “Yeni Müsavat”a görüşün olmamasını belə şərh etdi. Onun qənaətinə görə, əslində Ağ Ev rəhbəri Zelenski istisna, bir çox liderlərlə bir araya gəlmədi. Q.Hüseynli hesab edir ki, ABŞ regiona Ermənistan üzərindən təsirlərini artırır, amma İrəvana ayrılıqda yanaşmır, Cənubi Qafqaza bütöv baxır: “Onu demək olar ki, Blinkenin təşəbbüsü ilə nazirlərin görüşü baş tutdu. Bayden BMT tribunasında çıxışı zamanı da Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə bir cümlə ilə toxundu. Bu mənada Bayden əlavə görüşə zərurət görmədi. İkincisi, Paşinyan və Ermənistan ABŞ üçün siyasətini həyata keçirməyə bir alətdir. Bununla belə, görüşün olmamasında əsas səbəb kimi Ermənistanın Rusiyanın sanksiyaları dəlməsində köməyini görə bilirəm”.
Professor Paşinyanın Ərdoğanla Türk Evində görüşünü daha vacib sayır: “Ermənistanın baş naziri Nyu-York səfərində Baydendən daha çox Ərdoğana ehtiyacı olduğunu hiss etdirdi. Çünki Ermənistanın Avropaya çıxışı, Qərbə inteqrasiyası Türkiyədən asılıdır, nəinki Amerikanın o taydan verdiyi silah-sursat, yaxud hərbi təlimlərdən. Paşinyan anlayır ki, Türkiyə və Rusiya ilə münasibətlərə baxmaq məcburiyyətindədir. Hətta bugünlərdə baş nazirin müavini Mqer Qriqoriyan qeyd elədi ki, Rusiya ilə problemlər var, amma həll yollarını tapmaq lazımdır. Ona görə də Ermənistan region ölkələri ilə əlaqələrinə nəzər yetirməlidir, nəinki ABŞ-dan mədəd ummalıdır. Həmçinin Bayden administrasiyası son dövrlərini yaşayır. Bu cəhətdən görüş olmaması da mümkündür. İndi Paşinyan Harrisin qələbəsinə ümid edir. Düzdür, yanvara qədər Bayden prezident vəzifəsini icra edəcək, amma Trampın qalibiyyəti olacaqsa, erməni baş nazirin qəm dəryasına qərq olması gözləniləndir”.
Siyasi şərhçi Fuad Əliyevin sözlərinə görə, Paşinyanın heç zaman Baydenlə görüşü olmayıb: “Ümumiyyətlə, Amerika lideri Ermənistan rəhbərini şəxsən qəbul etməyib. Bayden buna zərurət görmür. ABŞ Cənubi Qafqazdan Rusiyanı sıxışdırmaq üçün strateji planlar qurur və həyata keçirməyə çalışır. Ermənistan bu planın tərkib hissəsi və icraçısı rolundadır. Bu məqsədlə hərbi və siyasi dəstək verilir. Əsas hədəf Rusiyanın hərbi mövcudluğuna son qoymaqdır. Yəni Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi, iqtisadi əlaqələri hələ ki Vaşinqton üçün ikinci dərəcəli məsələdir. Əgər gələcəkdə Ermənistan Avropa Birliyinə üzv olarsa, o zaman Rusiyanın iqtisadi təsirlərinin azaldılması istiqamətində də siyasət yürüdüləcək. İndiki halda Rusiyanın Gümrüdə olan hərbi bazasını evakuasiya etmək, Türkiyə və İran sərhədlərindən rus hərbçiləri çıxarmaq, Ermənistanın KTMT üzvlüyündən de-yure çıxması ABŞ-ın prioritet hədəfləridir”.
Siyasi təhlilçinin fikrincə, ABŞ-ın Ermənistanda bu niyyətinə müvəffəq olması çətin görünür, hətta nonsensdir: “Hər şey Ukrayna müharibəsinin təsirlərindən, Putin iqtidarının iradəsindən və Cənubi Qafqazda gedən proseslərdən asılı olacaq. Rusiyanın bizim bölgədə dominantlığı güclənməyə başlasa, Ermənistanın planları suya düşəcək. ABŞ Gürcüstanda uzunmüddətli bir anti-Rusiya ab-havası yarada bilmişdi. Hazırda reallıq dəyişir. Hətta gürcü hökuməti ruslarla dil tapıb Abxaziya probleminin həllinə ümid edirlər. Paşinyan da “gözü çıxmış” Saakaşvili nümunəsini yada salmalıdır. Məncə, ABŞ-ın çoxşaxəli strategiyasında Rusiyanın Cənubi Qafqazdakı imkanlarını minimuma endirmək planları varsa da, bunu reallaşdırmaq asan olmayacaq”.“Yeni Müsavat”