Martın 4-də saat 12 radələrində “Bravo” hipermarketinə silahlı basqın edən şəxslərlə bağlı bəzi məqamlar üzə çıxıb.
Həyata keçirilmiş xüsusi əməliyyatla saxlanılan Lənkəran sakini, 2002-ci il təvəllüdlü Dəyanət Canəli oğlu Qüdrətovdur, eləcə də zərərsizləşdirilən 2001-ci il təvəllüdlü Ağcabədi sakini Ruhlan Rövşən oğlu İsmayılovla kriminal aləmin pərəstişkarı olublar.
Onlar cinayəti xeyli əvvəldən birgə planlaşdırıb və silah əldə ediblər. Həmçinin onların Azər Məmmədov və Səbuhi Qurbanov adlı digər dostları da hipermarketdə bankomata yaxınlaşan inkassatorlara hücumla bağlı plana dəstək veriblər.
Cinayəti törətməkdə şübhəli bilinən Ruhlan və Dəyanət sosial şəbəkə səhifələrində dəfələrlə kriminal avtoritet fotoları paylaşıblar. Onların və dostluq etdikləri şəxslərin də bir çoxunun sosial şəbəkə səhifələrində kriminal aləmə pərəstişi göstərən paylaşımlar mövcuddur.
Sözügedən şəxslərin profillərindəki açıq paylaşımlar 2019-2020-ci illərə aiddir.
Qeyd edək ki, polisin həyata keçirdiyi xüsusi əməliyyat zamanı ilk olaraq Dəyanət Qüdrətov və Ruhlan İsmayılovun yeri müəyyən edilib. R.İsmayılov silahlı müqavimət göstərərkən zərərsizləşdirilib, Dəyanəti isə sağ tutmaq mümkün olub. Davam etdirilən əməliyyat tədbirləri ilə digər iki nəfər də müəyyən edilərək saxlanılıb.