Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 312.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinən Rzayeva Şahnaz Valeh qızı və Verdiyeva Fərmayıl Əliqulu oğlunun məhkəmə prosesinin növbəti iclası keçirilib.
Cinayət işində 4 nəfər – 1-ci Qarabağ müharibəsi qaziləri olan şəxslər Camalov Elxan Eldar oğlu, Vəliyev Araz Abosət oğlu, Həsənov Pərvin Sadiq oğlu və Mehdiyev Əlibaba Müzadil oğlu zərərçəkən qismində tanınıb.
İttiham aktına görə, Fərmayıl ilə Şahnaz qazilərin kəsilmiş pensiyalarını bərpa etmək adı ilə 9700 manat pul alıblar. Belə ki, Şahnaz Rzayeva qazi qardaşı İlqar Əliyev vasitəsilə həmin məbləği alıb, Fərmayilə verib. Fərmayil də həmin 9700 manatın 6200 manatını dispanserdə həmin vaxt şöbə müdiri işləyən Səadət Məmmədovaya verib.
Səadət Məmmədova da qazilərin əlillik dərəcəsini müəyyənləşdirmək üçün həmin məbləği baş həkimə çatdırıb.
Məhkəmə prosesi zamanı 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi, əməkdar həkim İlhamə Həsənova vəkilin vəsatəti ilə çağırılaraq ifadə verib: “Adını xatırlamıram, 2022-ci ilin oktyabr-noyabr ayları olardı, mənim otağıma qazilər yaxınlaşdı, dedi Fərmayıl sizin Səadət xanım adlı işçiyə bizim pensiyamızla bağlı pul verib. Hazırda həmin Səadət xanım dispanserdə işləmir. Fərmayıl həmin şəxslərlə gəlmişdi, ancaq içəri girmədi. Onlar mənə dedilər ki, verdikləri pul geri qayıtsın. Qazilər pullarını Fərmayıl və Səadət xanımdan istəyirdilər. İbtidai istintaqada verdiyim ifadəni xatırlamıram. Mən maraqlı tərəf deyiləm, bilmirəm Səadət ona pul qaytarıb, ya qaytarmayıb. Mən qazilər otağıma gələndə bilmişəm ki, Səadət xanım pul alıb. Demişəm almısansa, get camaatın pulunu qaytar”.
Fərmayıl Verdiyevin vəkili Azər Rəsulov İlhamə Həsənovanın ibtidai istintaqda verdiyi ifadəsinin elan olunmasını istədi.
Hakim Cavid Hüseynov: “Səadət xanım məhkəmədə ifadə verib bildirib ki, mən qazilərdən pul almamışam, niyə qaytarmalıyam?”.
İlhamə Həsənova: “Mənim xəbərim olmayıb pul məsələsindən. İbtidai istintaqda Səadət xanım deyib ki, mən bank kartından qazilərin Fərmayıl vasitəsilə verdiyi 2000 manatı çıxarıb gətirib vermişəm baş həkim İlhamə Həsənovaya”.
İlhamə Həsənova cinayət işinin materiallarında imzaların ona məxsus olduğunu etiraf etdi. İfadəsində göstərilib ki, 2020-ci ildən 4 saylı Vərəm Dispanserinin baş həkim işləyib. 2022-ci ilin oktyabr aylarında qazilər mənim otağıma gəlib pensiyaları ilə bağlı Fərmayıl Verdiyev və Səadət Məmmədovaya pul verdiklərini bildirdilər. Həmin şəxslər ümumiyyətlə bizim dispanserdə qeydiyyatda olmayıblar. Bizim dispanserin əlillik vermə səlahiyyəti yoxdur. Səadət Məmmədova adının hallanmaması üçün mənim otağımda qazilərə pul verilməsini boynuna götürdü. Amma əvvəl inkar edirdi. Bundan sonra Səadət xanım öz ərizəsi ilə işdən azad olundu.
Ancaq Səadət xanım məhkəmədə verdiyi ifadəsində məhz həmin 2000 manat pulu İlhamə Həsənovaya verdiyini və qazilər gələndə də həmin pulu İlhamə xanımdan alıb qaytardığını etiraf etdi.
İlhamə Həsənova isə otağında qazilərə pul qaytarılmadığını və görmədiyini bildirdi.
Sonra vəkil Azər Rəsulov təqsirləndirilən şəxs Şahnaz Rzayevanın qardaşı şahid İlqar Əliyeva çarpaz sual verdi.
İlqar Əliyev qazilərlə birgə baş həkimin otağına getdiyini və orda həqiqətən Səadət xanımın qaziləri tanıdığını, ancaq pul almadığını söylədi. Pul almağını isə öz otağında qaziləri qəbul edəndə etiraf edib.
Məhkəmə prosesi 11 noyabr tarixinə kimi təxirə salındı.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən biri – Fərmayıl Verdiyev böyrək çatışmazlığı xəstəsi olduğundan bu ilin iyul ayında Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib.