Qarşılaşmalarla bağlı öz proqnozlarını “Yeni Sbah”la bölüşən tanınmış idman jurnalisti və keçmiş futbolçu Ağa Dadaşzadə bildirib ki, indiki halda “PSJ” – “Barselona” finalı daha real görünür:
“Avropada müəyyən qüvvələrin idmanı siyasətə qatmaları çox şeyi dəyişib. “Barselona” ilə bağlı Kataloniya faktoru var, “Arsenal”ın milyonçu azarkeşləri komandaya ilk qitə nailiyyətini qazandırmaq istəyirlər, “PSJ” isə aydındır ki, ərəblərindir. “İnter” isə 2011-ci ildən bəri Çempionlar Liqası kubokuna həsrətdir.
Artıq yarımfinaldır və bura gəlib çatan komandalar zəif deyil. Obyektiv baxsaq, çempion “İnter” ola bilər. Çünki bu gün “İnter” “Bavariya”nı məğlub etməklə, özünü bir daha sübut edib. Ancaq fikrimcə, finalda “Barselona” – “PSJ” oyununu görə bilərik. “İnter” “Barselona” ilə oyunda məğlub etdiyi klublarla oynadığı kimi oynasa, final “İnter”indir. Amma mən də kütləyə qoşularaq deyirəm ki, finalda “Barselona” – “PSJ” qarşılaşması olacaq. “Arsenal” isə bu dördlük arasında nisbətən zəifdir”.
Ağa Dadaşzadə qeyd edib ki, yarımfinalın ən maraqlı qarşılaşması “İnter” və “Barselona” arasında baş tutacaq:
“Gəlin etiraf edək ki, “Arsenal”ın indiki heyətindən daha güclü 2008 və 2010 heyəti idi. “Arsenal”ın indiki gücü digər komandaların zəifləməsi deməkdir. “Barselona” La Liqada ilk 5 turu başlayanda heç kim əmin ola bilməzdi ki, gəlib bu yerlərə çıxacaq. Burada siyasət faktoru var. “PSJ”nin rəqibi olan “Arsenal” bir az nagüman komandadır. Çünki stabil çıxış edən klub deyil. “Barselona”, “Real Madrid”, “İnter” kimi komandalar üçün proqnoz vermək olar ki, növbəti 10-15 oyunda stabil qələbə qazanacaq və xal itirməyəcək.
Bunu “Arsenal” üçün deyə bilmirik. Ola bilər ki, “Mançester Siti”ni, “Çelsi”ni, “Liverpul”u udar, sonra gedib “Vest Bromviç”ə elə bil hesabla uduzar ki, biabırçılıq. “PSJ” isə ahəng və sərrast oyun oynayır. Hər bir komandanın liqası özünə görə çətindir. Mən sizi əmin edirəm ki, “Barselona”ya La Liqadan çox Çempionlar Liqasını qazanmaq vacibdir. “Barselona” 2015-ci ildən bəri bu turnirdə çempion ola bilmir və bu faktoru nəzərə alanda görürük ki, bu ehtimal onlar üçün uyğundur.
Bu cütlüklər arasında ən maraqlı qarşılaşma “İnter” “Barselona” oyunudur. Amma bu qarşılaşmalar bol qollu olmayacaq. Çünki hər ikisi ağır futbol oynayır. “İnter” çox qapalı futbol oynadığı olduğu üçün qol sarıdan kasad matçlar görə bilərik”.