Banklarda yerləşdirdiyimiz əmanətlərdən əldə etdiyimiz gəlir 7 il idi ki, vergidən azad idi. Bu müddət bitdi və fevralın 1-dən artıq əmanətlərdən əldə etdiyimiz gəlirin 10 faizi vergi olaraq bizdən tutulacaq. Güzəşt müddətinin bitməsi xəbəri yayılandan, narahatlıq dolu suallar da yaranmağa başladı. “Hamı pulunu banklardan çəkəcək” kimi fikirlər səsləndirilib.
Ulusal.az xəbər verir ki, “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Bu fikirlərin əsasında duran səbəb elə güzəştin tətbiq olunması idi. Çünki güzəşt əhalinin banklara pul yerləşdirməsinə maraq yaratmaq məqsədi ilə edilmişdi. Belə ki, 2015-ci il devalvasiyasından sonra pulunu banklarda deyil, yastıq altında saxlayanlar çoxalmışdı. Əhalinin banka əmanət yerləşdirilməsini stimullaşdırmaq üçün müəyyən addımlar atıldı. Onlardan biri banklara yerləşdirdiyimiz əmanətlərin yüz faiz dövlət tərəfindən sığortalanması idi, biri də əmanət faizlərinə vergi güzəşti. Zamanla əhalinin banklara inamı artdı. 2021-ci ildən etibarən banklara yerləşdirdiyimiz əmanətlərin hamısı deyil, 100 min manata qədər hissəsi sığortalanır. İndi isə artıq 7 illik güzəştdən sonra əmanət faizlərindən vergi verməyə başlayacağıq.
“Vergisiz əmanətlər vətəndaşlar üçün daha cəlbedici idi”, – deyən millət vəkili Vüqar Bayramov güzəşt müddətinin daha bir il uzadılmasını təklif edirdi:
“Vergi güzəştinin uzadılmaması əmanətlərin həcminə və xüsusən də valyuta strukturuna neqativ təsir göstərə bilər. Bu, milli valyutada yığımlara marağı da azalda bilər. Belə ki, bu dəyişikliklər qəbul edilən zaman əmanət portfelində manatla depozitlərin payı cəmi 18.0 faiz idisə, indi bu rəqəm 61.0 faizədək yüksəlib. Manatın stabilliyi, milli valyutada depozitlərə daha çox dividendin ödənilməsi kimi faktorlar ilə yanaşı, vergi güzəştləri də manatla yığımlara marağı artırıb. O baxımdan, daha məqsədəuyğun olardı ki, ya məcəlləyə dəyişiklik edilib, güzəşt müddəti daha 1 il uzadılsın və ya sığorta olunan əmanətlər gəlir vergisindən azad olunsun. Birinci halda, növbəti 1 il müddətdə yeni mexanizm hazırlamaq mümkündür. 2024-ci ilin fevralında tətbiq olunan zaman hər hansı çətinlik yaratmaz. İkinci halda, əmanətçilərin əksər hissəsinin depozitləri sığortalanan olduğu üçün bu əksər fiziki şəxsləri əhatə edəcək”.
Bank məsələləri üzrə ekspert Cəfər İbrahimli ilk olaraq ödəyəcəyimiz məbləğdən danışıb:
“Xəbər ilk yayıldığında, insanlarda bir az yanlış anlaşılma da oldu. “Əmanətimdən pul tutulacaq” kimi suallar da verildi. Banka qoyduğunuz puldan hər hansı faiz tutulmur. Vergi əmanətinizdən əldə edəcəyiniz gəlirdən tutulacaq. Tutaq ki, bankda 10 000 manat pulunuz var, 10 faizlə yerləşdirmisiniz. Sizin əmanətdən illik gəliriniz 1000 manat olur. İlin axırı həmin 1000 manatın 10 faizini vergi olaraq ödəməli olacaqsınız. Yəni 1000 manat deyil, 900 manat alacaqsınız. Güzəşt dövründə isə 1000 manatı tam alırdınız”.
C.İbrahimli 10 faizlik vergiyə görə əhalinin banklardan əmanətlərini geri çəkəcəyini düşünmür:
“7 illik güzəştdən öncə də əmanətlərin faizlərinə vergi tətbiq olunurdu. O vaxt da Azərbaycan banklarında əmanətlər artırdı. Banka əmanət yerləşdirmək problemi devalvasiyaya görə yaranmışdı, həmin dövrdə bu qərar verildi. Bundan sonra təsirinin necə olacağını ölçmək lazımdır. Verginin banklara əmanət yerləşdirilməsinə ciddi təsiri olacağını düşünmürəm. Bütün sahələrdə gəlirimizin müəyyən hissəsindən vergi verməliyik. Əmanət faizləri də elədir”.
C.İbrahimlinin sözlərinə görə, əhali həm də ona görə bankdan pulunu çəkməyəcək ki, Azərbaycanda digər kapital bazarları o qədər də inkişaf etməyib:
“Digər kapital sektorları bank sektorunun kölgəsində qaldığı üçün Azərbaycan insanı investisiya deyəndə, əsas, banka əmanət qoymağı düşünür. Onu da tətbiq edir. Vəsaitləri bankdan çıxaranda investisiya etmək üçün alternativ sahələr olmalıdır. Azərbaycanda səhm, istiqraz, əmlak bazarı var, amma bu sektorlar daha çox məlumatlılıq tələb edir”.
Bank eksperti deyir ki, əgər kimsə gəlirinə görə faiz ödəmək istəmirsə, məlumatlılığı varsa, investisiyasını səhm və istiqrazlara yatıra bilər:
“Səhm və istiqrazlardan əldə edilən gəlirə görə hələ ki vergi güzəşti tətbiq edilir. Maliyyə Nazirliyi büdcəyə vəsait cəlb etmək üçün illik 2-3 milyard manat məbləğində dövlət istiqrazları emissiya edir. Onları ala bilərlər. Faizləri də təxminən əmanətlərə uyğundur. Hətta Azərbaycan bazarında korporativ istiqrazların faizi bank əmanətlərinin faizindən yüksəkdir”.
C.İbrahimlinin sözlərinə görə, əgər banklardan pul çəkilməyə başlanılarsa, banklar əmanət faizlərini yüksəldə bilərlər:
“Banklar vəsaitin banklardan çəkildiyini görsələr, o zaman əmanət faizini 1 faiz civarında yüksəldərək, əhalinin həmin itkisini kompensasiya etmiş olacaqlar”.
Mərkəzi Bankın sədri Taleh Kazımov deyib ki, verginin tətbiqi əmanətlərə hər hansı təhdid yaratmır: “Ola bilər ki, bu kredit faizlərinə təsir etsin. Bunu isə qarşıdakı təhlillərimiz əsasında deyə biləcəyik”.
C.İbrahimli bildirib ki, verginin tətbiqi təklikdə kredit faizlərinə ciddi təsir göstərə bilməz. Ancaq uçot dərəcəsinin artırılması fonunda, iki amilin bir yerdə müəyyən qədər təsiri ola bilər:
“Əmanət faizlərinin 1 faiz artımının kredit faizlərində ciddi dəyişiklik yaradacağını düşünmürəm. Ancaq Mərkəzi Bank fevralın 1-i uçot dərəcəsini artırıb 8,5 faiz etdi. Bu artımda da məqsəd istehlak kreditlərinin azalmasıdır. İnflyasiyanı tənzimləmək üçün istehlak kreditlərinin əlçatanlığı bir az çətinləşdirilir. Bu da bir dönəm üçündür. Yəni hər iki faktorun təsiri ilə kredit faizlərində yüksəlmə ola bilər. Ancaq böyük artım olacağını düşünmürəm”.