“Bank of Baku” 2024-cü ilin ilk yarısını 11 milyon manat xalis mənfəətlə bitirib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 35,4 % və ya 6 milyon manat azdır.
Valyuta.az xəbər verir ki, bank ötən ilin eyni dövründə 17 milyon 43 min manat xalis mənfəət açıqlamışdı.
Hesabat dövründə bankın xalis faiz gəlirləri 7,6% artaraq 45 milyon 811 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 8 milyon manata (illik müqayisədə 54,7% çox), qeyri-faiz xərcləri isə 40,2 milyon manata (illik müqayisədə 27 % çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 13 milyon 171 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19 % azdır.
Cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 9,2 % və ya 80,2 milyon manat artaraq 951 milyon manata yüksəlib. Cari ilin ilk 6 ayında “Bank of Baku”nun kredit portfeli (müştərilərə verilmiş kreditlər) 8,1 % və ya 53,6 milyon manat artaraq 712,7 milyon manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 527,5 milyon manat, biznes kreditləri 142,3 milyon manat, daşınmaz əmlak kreditləri isə 42,9 milyon manat təşkil edib.
Bu dövrdə “Bank of Baku”nın cəmi öhdəlikləri 811 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 10,8 % və ya 79,2 milyon manat çoxdur. Hesabat dövründə bankda fiziki şəxslərin və hüquqi şəxslərin depozit portfeli artıb. Belə ki, cari ilin iyulun 1-nə bankda fiziki şəxslərin depozitləri 12,1 % artaraq 533,3 milyon manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 17,4 % artaraq 47 milyon manat təşkil edib. Beləliklə, bankın ümumi depozit portfeli cari ilin ilk 6 ayında 12,5 % və ya 64,6 milyon manat artaraq 580,3 milyon manata bərabər olub.
2024-cü il iyul ayının 1-nə “Bank of Baku”nın cəmi kapitalı ilin əvvəlinə nisbətən 0.07 % və ya 1 milyon manat artaraq 140 milyon manat təşkil edib.