image-rt-reklam
image-1backend

“Baktelecom” və “Nokia” Bakıda 10 Gbit/s və daha yüksək sürətdə xidmətlər təqdim edəcək

image-728x90

Azərbaycanın dövlət operatoru “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Baktelecom) ölkənin kommersiya yönümlü XGS-PON (10G PON) xidmətini təqdim etmək üçün telekommunikasiya texnologiyaları sahəsində qlobal şirkət olan “Nokia” ilə əməkdaşlığa başlayıb.
Əməkdaşlıq çərçivəsində 2024-cü ilin mart ayından etibarən ev təsərrüfatları və biznes subyektlərinə XGS-PON həlli vasitəsilə genişzolaqlı və yüksəksürətli internet xidmətlərinin təqdim edilməsi üçün şəbəkənin qurulmasına başlanılıb.
Texnoloji innovasiyalarda müştəriyə fokuslanmağı prioritetləşdirən “Baktelecom” tərəfindən ötən ilin iyun ayında laborator mühitdə texniki infrastruktur yaradılıb. Layihənin tətbiqi üçün fərqli model mobil cihaz və noutbuklarda müxtəlif tezliklər və kanal genişliyində edilən testlər uğurla nəticələnib və 1 Gbit/s sürət əldə edilib.
“Baktelecom” “Nokia”nın XGS-PON fiber-optik infrastrukturundan istifadə etməklə ilkin mərhələdə 1 Gbit/s-ə qədər sürət üzərindən tariflərin formalaşdırılmasını və bazara təqdim edilməsini hədəfləyir. Belə ki, “Nokia”nın “Quillion” çipseti ilə təchiz edilmiş 25G PON həlli eyni fiber-optik kabel üzərindən GPON və XGS-PON ilə birlikdə işləyir. Bu, “Baktelecom”a, müştərilərinə gələcəkdə 10 Gbit/s və daha yüksək sürətdə xidmətlər təqdim etmək üçün mövcud fiber şəbəkəsindən istifadə imkanı verir.
“Baktelecom” MMC-nin baş direktoru vəzifəsini icra edən Tural Pirverdiyev xidmət standartlarının yüksəldilməsinin hər zaman prioritet olduğunu vurğulayaraq bildirib: “Ölkəmizdə gedən rəqəmsal transformasiya prosesinin bir hissəsi olaraq müştərilərimizə gələcəkdə daha yüksək sürətdə xidmətlər təqdim etmək üçün apardığımız işlər çərçivəsində “Nokia”nın XGS-PON həlli ilə dəyərli müştərilərimizin həyat keyfiyyətinin yüksəldilməsi və kommersiya baxımından yüksəksürətli bağlantı təqdim etmək vədimizi yerinə yetiririk”.
“Nokia”nın Avropa ofisinin Genişzolaqlı şəbəkələr infrastrukturu üzrə vitse-prezidenti Bjorn Capens öz növbəsində qeyd edib ki, “Baktelecom” sabit şəbəkə həlli ilə etibarlı, yüksəksürətli qoşulma tələb edən yeni xidmətlər və proqramlar təqdim etmək üçün müştərilərinin artan genişzolaqlı internet tələblərinə çevik cavab verə bilər. “Baktelecom”un şəbəkəsi dayanıqlı olacaq və bu, mövcud fiber şəbəkəsindən istifadə etməklə gələcəkdə onu 25G PON-a yüksəltmək imkanı verəcək”, – deyə o vurğulayıb.
Qeyd edək ki, “Baktelecom” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas tərəfdaşlarındandır. Ümumilikdə ölkə üzrə 2,29 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud olan ev təsərrüfatı və biznes subyektlərinin 78%-ni təşkil edir.
Layihənin icrasına başlanıldığı 2021-ci ildən etibarən Bakı şəhərində genişzolaqlı internetin əhatəsi 5 dəfə genişlənib və 0,99 milyona yaxın ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı təmin edilib. Bu, paytaxtda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 90,2%-ni təşkil edir. Görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90