image-rt-reklam
image-media-3-k6ax8gw4hyuvzre2i5p7-620x443backend

Bakıdakı Hərbi Paradin mesaj və dərsləri

image-728x90

Noyabrın 8-də Bakının baş meydanında Zəfərimizin 5 illiyi münasibətilə Qələbəmizdən sonrakı sayca 3-cü Hərbi Parad keçirildi.

İlk Qələbə Paradı (2020-ci dekabrın 10-da ) savaşda qələbəmizin, ikinci hərbi parad 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində-separatçılığın məhvinin və tam suverenliyimizin bərpasının bəyanı və təcəssümü oldu.

Zəfərin 5-ci, “2025-ci Konstitusiya və Suverenlik ili”ndə baş tutan Hərbi paradı – Azərbaycanın otuz ildən sonra regiona gətirdiyi sülh geosiyasətinin, “sülhə məcbur etmə” diplomatiyasının nümayişi oldu.

Bu paraı fərqləndirən yeniliklər o qədər çoxdur ki, onların tarixi əhəmiyyəti ilə bağlı hələ çox yazılacaq. Ən böyük yekun isə Hərbi paradda bütün dünyanın “Bakı- Ankara- İslamabad” strateji üçbucağının yüksələn güc konfiqurasiyasına şahidlik etməsi oldu.

XXI əsr müharibələrin görünməmiş çətinliyi ilə fərqləndiyi üçün burada qazanılan qələbələr də ayrıca milli şərəf məsələsidir və hələlik dünyada yeganə Azərbaycan nümunəsidir! Azərbaycandan başqa hələlik bu əsrdə hər hansı başqa ölkə belə möhtəşəm bir tarixi hadisəni qeyd edə bilməyib! 5 illiyin Hərbi paradı ilə Müzəffər Ali Baş Komandanın siyasi iradəsinin, Qalib Ordumuzun rəşadət və hünərinin, şəhidlərimizin fədakarlığının, xalqımızın şovinist separatçılıq və işğala qarşı mübarizədə göstərdiyi qətiyyətin nümayişi Zəfər salnaməsində daha bir yeni bir səhifə yazıldı. Hərbi paradda baş verən tarixi ilk: yeni dünya nizamının formalaşmasında həlledici yüksələn güc – Azərbaycan, Türkiyə və Pakistan strateji üçbucağının təqdimi dünya gündəmindədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin də iştirak etdiyi Hərbi paradda xarici ölkələrdən görünməmiş sayda 75 ölkənin nümayəndələri tribunada səfirlər, hərbi attaşelər səviyyəsində təmsil olundu.

Hərbi-müdafiə sənayesində dünyada qibtəedici texnoloji suverenliyə qısa müddətdə nail olan Türkiyə NATO hərbi blokunun üzvü və regional strateji aktordur. Pakistan- yeganə “islam atomuna” malik strateji nüvə dövlətidir.

Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna malikdir. Eyni zamanda, ölkə üçbucaqlı geosiyasi münaqişədə qalib çıxmış yeganə tərəfdir və enerji və regional logistika resursları ilə strateji əhəmiyyətə malik “dayaq və istinad nöqtəsi”dir.

Hərbi paradda Azərbaycan ilk dəfə olaraq milli ordusunun arsenalına daxil edilmiş bir sıra müasir silah sistemlərini nümayiş etdirərək, hərbi-texnoloji suverenlik iddiasını qətiyyətlə ortaya qoydu.

Azərbaycanın Müzəffər Ordusu ilə yanaşı, qardaş Türkiyə və Pakistan hərbçilərinin hərbi paradda keçidi ilk dəfə baş tutdu. Zəfər səmasında süzən Türkiyənin altı F-16 qırıcısı fonunda, ilk dəfə bir Cənubi Qafqaz ölkəsinə təqdim olunan Çin istehsalı “HQ-9” uzaqmənzilli zenit-raket kompleksinin nümayişi, dron aviasiyası və 5-ci nəsil hava-yer raketi hərbi ekspertlərin diqqətini cəlb etdi.

Hərbi analitiklər qeyd edirlər ki, bu raketin Azərbaycan Ordusunun arsenalına əlavə edilməsi Xəzər dənizindəki potensial düşmənlər üçün strateji siqnal olmaqla, Bakının yeni texnoloji suverenlik səviyyəsini nümayiş etdirir.

Türkiyə, NATO üzvü olaraq, güclü daxili müdafiə sənayesi və yaxşı maliyyələşdirilmiş ordusu ilə dünyanın ilk 10 hərbi gücü arasında yer alır. Pakistan isə strateji nüvə dövləti kimi dünyanın ən güclü 15 ordusundan biridir və çoxsaylı şəxsi heyət və avadanlığa malikdir.

Son illərdə dünyada qlobal güc balansını yönləndirən strateji üçbucaqların konfiqurasiyası köklü dəyişikliklərə uğrayıb. İkiqütblülük artıq mövcud deyil; əsas geosiyasi tendensiyalar Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və Sakit Okean bölgəsinə yönəlib. Ukrayna-Rusiya münaqişəsi və Yaxın Şərqdəki müharibələr strateji üçbucaqların konfiqurasiyasını dəyişmiş, əvvəllər güc sayılan ölkələr isə yeni üçbucaqlar arasında manevr etməyə məcbur olub.

Mövcud dünya nizamının çökməsi və yeni dünya düzəninin formalaşması fonunda, Azərbaycan kimi yüksələn regional güclərin yaratdığı strateji üçbucaqların təməli tarixi dostluq və qardaşlıq irsi, eləcə də ortaq hərbi-siyasi maraqlarla qoyulub. Bu, regionda sülh gündəliyinin reallaşdırılması şəraitində istənilən xarici geosiyasi aktorun müdaxilə səylərini effektiv şəkildə balanslaşdırmağa imkan verir.

“Regional strateji üçbucaq” formatlarının xüsusiyyəti odur ki, geostrateji maraqlar üst-üstə düşməsə belə, iştirakçı ölkələrin siyasi davranış modeli əməkdaşlıq və dostluq üzərində qurulur.

Beləliklə, Azərbaycan-Türkiyə-Pakistan “Yüksələn strateji güc üçbucağı” hərbi-siyasi, iqtisadi, enerji dəhlizləri və müdafiə sənayesi sahəsində üst-üstə düşən maraqları ilə strateji tərəfdaşlığı təmsil edir. Burada Pakistan müdafiə ixracatçısı, Türkiyə strateji regional aktor, Azərbaycan isə hərbi və enerji resursları ilə yeni dünya nizamını formalaşdıran geosiyasi aktor rolunu oynayır.

Üçlük arasındakı qarşılıqlı etibarın və əməkdaşlığın sarsılmaz təməli otuz il əvvəlki işğal dövründəki tarixi sınaqdan çıxmış dəmir etibar, dərin dostluq və qardaşlıq ənənələrinə əsaslanır. Bu münasibətlər qarşıdakı onilliklərdə regional və qlobal proseslərdə həlledici rol oynayacaq, dünya səhnəsində balansı qoruyacaq və beynəlxalq təhlükəsizliyə töhfə verəcək potensiala malikdir.

Bakı-Ankara-İslamabad strateji üçbucağının yüksələn və genişlənən geosiyasi gücü, üç ölkə arasındakı qarşılıqlı təsirlər və güclənən əməkdaşlıq potensialı ilə dünya səhnəsində yeni rol oynamağa, həm regional, həm də qlobal təhlükəsizlik dinamikasına təsir göstərməyə qadirdir.

Zəfərin 5 illiyi münasibətilə keçirilən hərbi parad xüsusi təyinatlı xarakter daşıyırdı. Azərbaycanın hərbi-texnoloji suverenlik sahəsində əldə etdiyi irəliləyişlər, savaşdan böyük sülh zəfərinə doğru mesajlar, həmçinin yeni hərbi, siyasi və iqtisadi gücün istinad ölkəsi kimi nümayişi bütün dünyaya göndərildi.

Parad zamanı təqdim olunan yeni geostrateji üçbucaq — Azərbaycan, Türkiyə və Pakistan — regionda güc balansını öz xeyrinə dəyişmək və ya sülh gündəliyinə müdaxilə cəhdlərini effektiv şəkildə balanslaşdırmaq potensialını göstərdi. Üç ölkənin ortaq hərbi, siyasi, iqtisadi və ideoloji aktivləri yüksələn gücə çevrilməsini təmin edən əsas faktorlar arasında dayanır.

Bu tərəfdaşlığın ən fundamental amili otuz illik tarixi sınaqdan alnıaçıq çıxan qardaşlıq və dostluq resursudur. G. Kissingerin ifadə etdiyi kimi, bu üçbucağın regional liderliyi qorumağa qadir olması, bölgədə dominantlıq iddialarını dəf etməyə imkan verir.

Son beş il ərzində Zəfər tarixinin hər ili, hətta hər ayı siyasi, iqtisadi, diplomatik və informasiya cəbhələrində qələbələrin davamı olub. Bu zəfərlərin memarı və canlı rəmzi Müzəffər hərbi sərkərdə, Prezident İlham Əliyevdir. O, Vətən müharibəsində qələbənin əsas faktoru, XXI əsrdə dünya miqyasında hərbi əməliyyatlara rəhbərlik edən yeganə qalib sərkərdə və yeni Zəfər tarixinin müəllifidir.

Həbib Məmmədov – ehtiyatda olan polkovnik

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90