Şikayətçilər Sitat.info-ya danışaraq bildiriblər ki, bir müddət öncə məktəbdən bir qrup valideyn və müəllim yaşanan neqativ hallarla bağlı Ombudsmana müraciət ünvanlayıblar.
Daha sonra , 62 nömrəli məktəb-liseydə baş verən qanunsuzluqlar barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vətəndaşlardan ünvanlanan şikayətdə əks-etdirilmiş halların yoxlanılması ilə bağlı Elm və Təhsil Nazirliyinə tapşırıq verib.
Nazirlikdən verilən cavabda bildirilir ki, 23.05.2025-ci il tarixində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qeyd edilən məsələləri araşdırmaq məqsədilə Bakı şəhəri, 62 nömrəsi məktəb-liseydə monitorinq təşkil edilib. Monitorinq nəticəsində müəyyən nöqsanlar aşkar edilib və müvafiq qaydada aidiyyatı üzrə məsul şəxslər barəsində intizam tənbeh tədbirləri tətbiq edilib.
Qeyd edək ki, sözügedən məktəbdə baş verən qanunsuzluqlar barəsində mətbuatda xeyli sayda şikayət yazıları dərc olunub. Məktəb-liseyin direktoru Mətanət Cabbarlının rəhbərlik etdiyi məktəbi “bazar”a çevirdiyi bildirilir. O, millət vəkili Məlahət İbrahimovanın bacısıdır. 22 ildir ki, məktəbin direktoru vəzifəsində çalışır.