Paytaxt yollarındakı hərəkətin nizamsızlılğına bir çox amillər səbəb olur. Bunlardan biri də ayırıcı zolaqların qaydalara uyğun çəkilməməsidir. Bakının bəzi küçə və prospektlərində birtərəfli yolda qoşa xətlər də sürücüləri çaş-baş salırdı. Uzun müddət çaşqınlığa səbəb olan bu xətlərin nəyə xidmət etməsini ekspertlər müxtəlif formada şərh edirdilər.
Hüquqşünas Ərşad Hüseynov KONKRET.az-a müsahibəsində standartlara görə bu cür yollarda qoşa xəttin olmadığını deyib: “Bakıda birtərəfli yola qoşa xətt çəkilmişdi və müəyyən vaxtdan sonra bunun yanlış olduğunu bilib yığışdırdılar. Sadəcə səhv etmişdilər. İndiyə kimi niyə yığışdırılmamasının səbəbi də bəllidir. Azərbaycanda asfalt örtüyünü zədələmədən həmin xətləri aradan qaldırmaq üçün avadanlıq yox idi. Avadanlıq son iki ayda əldə olunub. Xüsusi maşınlar asfalt örtüyünü zədələmədən xətti poza bilir. İndiyə kimi bu cür xətlərin həmin yollarda mövcudluğu məhz bununla bağlı olub. Onu çəkənlərin mülahizəsi də maraqlı idi. Onlar hesab edirdilər ki, eyni istiqamətdə beş, altı zolağın olması təhlükəlidir. Sürücülərin çox geniş məkanda hərəkət eləməsi bəzi təhlükəli manevrlərə və qəzalara səbəb olurdu. Ona görə bu xətti çəkməklə geniş hərəkət məkanını məhdudlaşdırmağı düşünüblər.
Ona görə ləğv edilən həmin qoşa xətt birtərəfli yolu ikiyə bölürdü. Məsələn qoşa xətt Heydər Əliyev prospektinin Koroğlu metrosundan üzü şəhərə tərəf hissəsini ikiyə bölür. Heydər Əliyev prospekti 4 hərəkət hissəsindən ibarətdir. Hər tərəfdə iki hərəkət hissəsi mövcuddur, üç ayrıcı zolağı var. Ayırıcı zolaq olmasa, burada aləm biri-birinə qarışar və sürücülər sağa-sola hərəkət etməklə nizamsızlıq yaradar. Bu da ciddi təhlükə deməkdir. Aeroport yolunda da bunu qoşa xəttlə tənzimləmək istəmişdilər amma özünü doğrultmadı”.
Son vaxtlar paytaxt yollarında yeni avtobus zolaqlarının yaratdığı narahatlıq da tıxaclara səbəb olur. Üstəlik üç hərəkət hissəli yolun bir hissəsini avtobus, digərini isə velosoped zolağına ayrmaq onsuz da dar küçələrdə hərəkəti bir qədər çətinləşdirir:
“Avtobus zolaqlarının çəkilməsi yaxşı haldır. Amma bunun başqa tərəfi də var. Avtobus zolağı varsa, həmin yollar avtobuslarla dolu olmalıdır. Avtobus üçün ayrılan zolaqdan saatda bir avtobus keçirsə, bunun effektivliyini başa düşmürəm. Əgər avtobuslar dəqiq qrafiklə işləsələr, bu, ümumi hərəkət sıxlığının aradan qaldırılmasına kömək edəcək. Əgər şəxsi avtomobiliylə hər gün tıxacda əziyyət çəkən bir nəfər avtobusların dəqiq qrafiklə hərəkət etdiyini görsə, o zaman ictimai nəqliyyatdan istifadəyə üstünlük verəcək. Təəssüflər olsun ki, avtobus zolaqları yaradılsa da, dəqiq qrafik anlayışı yoxdur. Deməli, avtobus zolaqlarını çəkib insanlara əzab vermək yanlışdır. Zolaq varsa, orada avtobusların intensiv hərəkəti olmalıdır. Bu velosiped zolağına da aiddir. Velosiped həm ekoloji, həm də iqtisadi baxımdan sərfəli olsa da, bu nəqliyyat vasitəsindən istifadə edən yoxdur. İndi gəlin Bakıdakı velosiped yollarına nəzər yetirək. Gün ərzində həmin zolaqlardan neçə velosipedçi istifadə edir? Çox güman ki, velosiped zolaqları bir müddət sonra yığışdırılacaq”.