image-rt-reklam
image-img-20240528-wa0031backend

Bakıda I TİO-nun final mərhələsi keçirilir – FOTOLAR 

image-728x90

Bakıda I Türk İnteqrasiya Olimpiadasının (TİO) final mərhələsi keçirilib.
Ulusal.az xəbər verir ki, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra səhnəyə Turan və Azərbaycan bayraqları gətirilib.
Tədbiri giriş sözü ilə Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəri, dosent Şəmil Sadiq açıb.
O qeyd edib ki, cənab Prezident İlham Əliyevin andiçmə mərasimində: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu bizim üçün prioritetdir”, – kimi tarixi fikirləri Türk İnteqrasiya Olimpiadasının mayakı oldu.
Azərbaycan Respublikasının yürütdüyü dövlət siyasəti Türk Dövlətləri Təşkilatına baxışımızı çox aydın şəkildə göstərməkdədir. Məhz bu məqamı vurğulayan dövlət başçısı Türk Dövlətləri Təşkilatını yeganə ailəmiz adlandırdı: “Bu bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
TİO 10 ildən çoxdur ki, Hədəf Şirkətlər Qrupu tərəfindən keçirilən Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. Bir sualın şərtində və cavab variantlarında 2 – 5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq Türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi barədədir”.
Ş.Sadiq diqqətə çatdırıb ki, dünyada elmin bütün sahələrində inteqrasiya prosesi gedir: “Hazırda fənn kurikulumlarında inteqrativ yanaşma üstünlük təşkil edir. Bu proses elmlər arasında olduğu kimi xalqlar arasında da vacib şərtlərdəndir.
300 milyonluq türk xalqının ortaq dilə, elmə, mədəniyyətə, tarixə, coğrafiyaya, sahib olduqlarını nəzərə almaqla bu ortaqlığı elmlə vəhdətdə təqdim etmək məqsədilə çıxdığımız yolda dörd əsas məqsəd var:
– türk xalqlarının ortaq dil, əlifba və dərslik ideyasına dəstək;
– Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;
– türk xalqları yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;
– türk xalqlarının “işdə, dildə, əməldə birliy”i dərk etmələri və ortaq mədəniyyətə sahib olduqlarını əyani göstərmələri”.
Şəmil Sadiq nəzərə çatdırıb ki, olimpiadanın 2024-cü il üçün əhatə dairəsi – Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası, Kərkük türkləridir.
İdeya müəllifi onu da bildirib ki, ölkəmizin regionda elm mərkəzi olmaq şansı çoxdur: “Bu kimi addımlarla sözügedən prosesi daha da sürətləndirə bilərik. Niyə Türk dünyasına elm günəşi Azərbaycandan doğmasın və bunda bizim də dəstəyimiz olmasın?!”
Şəmil Sadiq əlavə edib ki, hazırda Bakıda final turu – Türk Dünyası Ortaq Mədəniyyət Festivalı keçirilir: “Olimpiadanın filan turunda 8 ölkədən 100-ə yaxın şagird iştirak edir”.
Mükafatlandırma tədbirindən əvvəl bütün təşkilatçı heyət və iştirakçılar ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib, əklillər qoyublar.
Açılış mərasimindən sonra Hədəf Şirkətlər Qrupunun baş direktor müavini Nizami Hüseynov çıxış edib. Olimpiadanın hədəflərindən söz açan Nizami Hüseynov bir neçə sualın izahını verib və beləcə, əyani şəkildə olimpiadanın məqsədini açıqlayıb.
Mükafatlandırma mərasimində Millət Vəkilləri – Nizami Cəfərov, Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev, Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Türk PA-nın Bakı ofisinin rəhbəri Mehmet Süreyya Er, dövlət xadimi Həsən Həsənov, Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Mirzəyev, Ədəbiyyat Fondunun rəhbəri Varis, şair Rüstəm Behrudi, sənətçilər Şəmistan Əlizamanlı və Bünyamin Aksunqur çıxış edib, bu kimi addımların önəmindən danışıblar.
Çıxışçılar TİO-nun Türk dünyasının birləşməsi yolunda əsl flaqman rolu oynayacağına əminliklərini vurğulayıblar.
Bundan başqa, olimpiadanın Azərbaycan üçün yarımfinal mərhələsinə 101 şagird cəlb edilib. Digər ölkələrdə isə yarımfinal mərhələsi strategiyasını hər ölkə özü təyin edib.
Final mərhələsinə ümumilikdə 78 şagird qatılıb, onlardan 56-sı müxtəlif medal və diplomlarla təltif edilib. Birinci yerin sahibləri 100 baldan 80 bal toplayıblar. Ümumilikdə isə olimpiadada 500-dən çox şagird biliyini sınayıb.
Mükafatlandırma mərasimi “Çanaqqala” restoranında baş tutub. Qaliblərə medallar və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Türk İnteqrasiya Olimpiadası türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında ilk dəfə keçirilən olimpiadadır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90