Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda həbsdə olan separatçı Ruben Vardanyanı Qarabağa Rusiyanın göndərdiyinə işarə etmişdi. Onun bu açıqlaması Ermənistanda ciddi müzakirələrə səbəb oldu. Əslində Paşinyan haqsız deyildi, çünki Rusiya vətəndaşlığından imtina edərək, Qarabağa qanunsuz şəkildə gələn Vardanyanla bağlı müəyyən planların olduğu görünürdü. Ötən ilin sentyabr ayında Azərbaycan ordusu anti-terror tədbirləri ilə erməni separatizmini ləğv etdi və Vardanyan da daxil olmaqla terror dəstələrinin rəhbərləri həbs olundu.
Ulusal.az xəbər verir ki, Ermənistanda Nikol Paşinyanın Vardanyanın Qarabağa gəlişindən məlumatlı olduğu, onun qondarma “dövlət naziri” təyin edilməsinə xeyir-dua verdiyinə dair iddialar irəli sürülüb.
Erməni siyasətçi, keçmiş deputat Naira Zöhrabyan həbsdə olan separatçı Araik Arutyunyanın bu haqda ona dediklərini açıqlayıb.
“Araik Arutyunyan Bakıda həbsdə olsa da, mənz onunla şəxsi söhbətimi açıqlayacam. Müharibədən sonra (44 günlük-red) mənə (qondarma) “artsax”ın Rusiyadakı nümayəndəsi olmağı təklif etdilər. Mən imtina etdim. O vaxt Xankəndidə olarkən, Araik Arutyunyan şəxsi söhbətimizdə dedi ki, Ruben Vardanyanın səlahiyyət müddəti Paşinyanla razılaşdırılıb.
Vardanyan da Bakıdan verdiyi cavabda bildirdi ki, təyinatından sonra Paşinyan onunla görüşüb. Hakimiyyət bir dəfə bəyan etdi ki, onlar (separatçılar) Ermənistana gəlsələr, dövlət çevrilişi edəcəklər, bu haqda səs yazılarının olduğu iddia olunurdu. Bu baxımdan, onların Bakıda həbsdə qalması Paşinyana sərf edir”, – Zöhrabyan iddia edib.Publika.az