image-rt-reklam
image-1backend

Bakıda evlər və mənzillər ucuzlaşacaq? – AÇIQLAMA

image-728x90

Bakıda kəskin hava şəraiti ilə əlaqədar yollarda uzun tıxacların olmasının, qaz və istiliyin bir çox ərazilərdə kəsilməsinin gələcəkdə əmlak bazarına mənfi təsir edəcəyi barədə proqnozlar verilir. İddia olunur ki, getdikcə Bakıdan ev alanların sayı azalacaq, mənzillərin qiyməti sürətlə aşağı düşəcək.

Əmlak məsələləri üzrə ekspert Anar Nəsirov isə Pravda.az-a açıqlamasında deyib ki, hava şəraitinin kəskin dəyişməsi, Bakıda və ətraf ərazilərdə həyatın iflic vəziyyətinə düşməsi əmlak bazarına heç bir təsir edə bilməz:

“Dünyanın bir çox inkişaf etmiş ölkələrində, məsələn, Avropada, hegemon güc olan Amerikada da bu kimi hallar qeydə alınır, kəskin hava şəraiti həyatı bir anda iflic vəziyyətinə sala bilir. Bunu əmlak bazarı ilə əlaqələndirmək olmaz, çünki müvəqqəti hal kimi qeydə alınır. Hava şəraiti o ölkələrin əmlak bazarına təsir edə bilər ki, həmin bazarda tələb və təklif eyni olsun, yaxud təklif tələbdən yuxarı olsun. Azərbaycanda isə əksinədir. Tələb təklifi bir neçə dəfə üstələyir. İnanmıram ki, yaxın 3-5 il ərzində evlərin qiyməti ucuzlaşa. Binaların tikilməsi üçün sərəncamların verilməsindən sonra, bəlkə də, bu haqda düşünmək olar. Bu isə qiymətlərin enməsinə yox, stabilləşməsinə gətirib çıxara bilər. Azərbaycana qar o qədər güclü yağmayıb. Halbuki sadaladığımız ölkələrdə nəinki yollar, hətta kommunikasiya xətləri belə aylarla iflic olur. Düzdür, Bakıda qəfil yağan qar bir çox fəsadlar törətdi – istiliyin verilməsində fasilələr yarandı, sular dondu, avtomobil yolları iflic oldu… Lakin müvəqqəti hal idi. Nəzərə alsaq ki, Nazirlər Kabinetinin fərmanına uyğun olaraq, 300-ə yaxın binanın sökülmsəi gündəmdədir. O deməkdir ki, sökülən mənzillərdən çıxan sakinlər yenidən əmlak bazarına üz tutacaqlar. Bu da əmlak bazarına təsirsiz ötüşməyəcək. Mənzillərin və kirayə evlərin qiyməti bahalaşacaq. Digər tərəfdən ipoteka şərtlərinin asanlaşdırılması, daha əlçatan olması, cənab Prezidentin İpoteka Fonduna əlavə vəsait ayrılması ilə bağlı fərmanı öz növbəsində daha çox alıcının ipoteka ilə ev almasına səbəb olacaq. Hazırkı bazarda əmlakın, təxminən, 50-55%-i daha çox ipoteka ilə mənzil alanların payına düşür. 2024-cü ildə ipotekaya yararlı mənzillərin qiymətində 18%-ə qədər artım oldu. 2025-ci ilin ilk ayları olmasına baxmayaraq, yenə də qiymət artımı davam edir. Əsasən də 1970-ci ildən sonra, eləcə də Azərbaycan suverenlik əldə edəndən sonra tikilmiş, çıxarışı olan yeni binalarda, ipoteka predmetinə yararlı mənzillərin qiymətində daha çox artım müşahidə olunur. Əsas qiymət artımı şəhərin mərkəzində – Nərimanov, 28 May, Nizami, Elmlər Akademiyası metrostansiyaları ətrafındadır. “Əhmədli” “Günəşli”, “Qara Qarayev”, “Neftçilər” tərəflərdə əvvəl şəhərlə müqayisədə qiymətlər, təxminən, 30% aşağı idi. İndi isə qiymətlərin qalxması səbəbindən müştərilər şəhərin mərkəzinə yox, məhz həmin ərazilərə üz tuturlar. Bu səbəbdən “Əhmədli”, “Günəşli”, “Qara Qarayev”, “Neftçilər” tərəflərdə də ipotekaya yararlı mənzillərin qiymətində artım müşahidə olunur”.

Ekspert bildirib ki, təkcə Bakıda yox, bütün rayonlarda, eləcə də Türkiyə, qonşu İran və başqa ölkələrdə də eyni hava şəraiti hökm sürür: “Bunu əmlak bazarı ilə müqayisələndirmək, qiymətlərin getdikcə ucuzlaşacağını demək müzakirə mövzusu deyil. Bazar bununla tənzimlənsə, onda gərək Azərbaycanda mənzillərin qiyməti ucuzlaşa. Bu gün Azərbaycanda daşınmaz əmlaka daha çox pul yatırılır. Sahibkarların bu sahədən əldə edilən gəlirə xüsusi maraqları var. Bu gün aldığın mənzili 3-4 ay sonra satsan, yüksək gəlir əldə edə bilirsən. Azərbaycanda əmlak bazarı olduqca sınanmış və sərfəli bazardır. Burada pul itirilməsindən də söhbət gedə bilməz. Əlavə olaraq bildirim ki, paytaxt Bakı və ətraf qəsəbələrdə 2025-ci ildə, təxminən, 16-20%-dək qiymət artımı proqnozlaşdırıram, daha çox artım ipotekaya yararlı və ipoteka pridmeti, çıxarışı olan mənzildə qeydə alınacaq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90