image-rt-reklam
image-1backend

Bakıda 770 milyonluq İNZİBATİ BİNA: İnkişaf göstəricisi, yoxsa izafi xərc?

image-728x90

2020-ci ilin fevral ayında Azərbaycan Mərkəzi Bankının (AMB) yeni inzibati binasının detallı layihələndirməsi və tikintisi üçün tender elan edib. 2021-ci ildə Türkiyənin “Tekfen İnşaat və Təsisat” şirkəti tenderin qalibi olub və onunla 218 milyon avro dəyərində müqavilə imzalanıb. “Tekfen İnşaat” bundan əvvəl, “SOCAR Tower” və Bakı Olimpiya Stadionunun tikintisini də həyata keçirib. İndi isə məlum olur ki, AMB-nin Bakı şəhəri Nizami rayonunda yerləşən yeni inzibati binasının inşası üzrə baş podratçı təşkilatla bağlanılmış müqaviləyə əsasən 242,1 milyon manat və tikinti smetalara daxil olmayan digər kapital qoyuluşlarına aid yerinə yetirilmiş işlərə 39,8 milyon manat ayrılıb. Yeni binanın təhvil verilməsi üçün baş podratçı təşkilatla bağlanılmış müqavilə çərçivəsində yerinə yetiriləcək işlər üzrə 355,1 milyon manat ayrılması nəzərdə tutulub.

Bundan əlavə, Xəzinə Mərkəzinin müvafiq avadanlıqla təchizi və quraşdırılması, habelə inzibati binanın mebel və avadanlıqla təmin edilməsi üçün 132,9 milyon manat xərclənəcək. Xərclənən və xərclənməsi nəzərdə tutulan vəsaitlərin toplam həcmi 769,9 milyon manat təşkil edir. Bir inzibati binanın inşası üçün 770 milyon manatın xərclənməsi nə dərəcədə doğru qərardır?

Ulusal.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda bu cür böyük layihələrin həyata keçirilməsi, inzibati binaların tikilməsi ənənə halını alıb.

O, belə layihələrin icrası zamanı smeta dəyərinin artmasının səbəblərinə də aydınlıq gətirib: “Biz çoxdan müşahidə edirik ki, böyük şirkətlərin, o cümlədən SOCAR-ın, “Azərsu”-nun, “AZAL”-ın paytaxtda böyük və bahalı binaları tikilir. Mərkəzi Bank üçün də belə bir binanın tikilməsi barədə illər öncə qərar qəbul olunub. Həmin binanın smeta dəyərinin artmasının yeganə obyektiv səbəbi ondan ibarətdir ki, 2020-ci ildən bu yana dünyada çox kəskin inflyasiya baş verib. Nəticədə hər şeyin qiyməti qalxıb, o cümlədən tikinti materiallarının, avadanlıqların və sairin. Azərbaycan bu tikinti materialları və avadanlığı özü istehsal etmir. Söhbət adi tikinti materiallarından getmir. Müasir binaların tikintisi zamanı yüksək keyfiyyətli konstruksiyalardan, texnoloji yeniliklərdən istifadə olunur. Bu materiallar isə xaricdən alınır və ölkəmizə gətirilir. Təbii ki, kənardan ölkəyə gətirilən məhsulun da qiyməti yüksək olur. Sadəcə məsələ budur ki, böyük tikinti layihələrinin icrasında şəffaflıq təmin olunmalıdır. Müvafiq qurumlar, əlaqədar orqanlar zaman-zaman ictimaiyyətə doğru-düzgün məlumat çatdırmalıdır. Smeta xərclərinin artmasının səbəbləri, buna təsir edən amillər və sair ictimaiyyətə açıqlanmalıdır. Təəssüf ki, ictimai məlumatlılıq yoxdur”.

N.Cəfərli vurğulayıb ki, dövlət qurumlarının bahalı, müsair inzibati binalarının olmasına deyil, orada göstərilən xidmətin, görülən işlərin effektivliyinə əhəmiyyət verilməlidir: “O ki, qaldı dövlət orqanları üçün bu cür bahalı inzibati binaların tikintisinə, bu məsələyə yanaşmada fərqli fikirlər var. Mən hesab edirəm ki, belə bahalı layihələr, böyük büdcəli layihələr izafi xərcdir. Bəzi insanlar düşünə bilərlər ki, müasir binadır, şəhərin gözəlliyinə xidmət edəcək, estetikadır, ölkənin inkişaf göstəricisidir və sair. Təbii ki, belə yanaşanlar da var. Lakin mənim düşüncəm bundan ibarətdir ki, dövlət və hökumət binalarının özü deyil, orada görülən iş effektiv olmalıdır. Müasir, bahalı, estetik binanın olması deyil, oradakı xidmətin, işin effektivliyi önə çəkilməlidir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90