Bakının Suraxanı rayonunda 1986-cı il təvəllüdlü Səbuhi Zülalov tanışı, 1984-cü il təvəllüdlü Əfqan Qədəşovu qətlə yetirib.
Səbuhi 26 sentyabr 2022-ci ildə 4 ay müddətdir tanış olub, dostluq münasibətində olduğu Əfqan ilə birlikdə öz doğum gününün qeyd edilməsi münasibəti ilə bir neçə məkanda, son olaraq Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “34” adlandırılan kafedə yemək yeyib, spirtli içki qəbul edib.
Səbuhi orta dərəcəli sərxoş halda olmaqla sentyabrın 27-də, gecə saat 4 radələrində evə gedərkən Əfqanın ondan doğum günü ilə bağlı ona digər dostu tərəfindən hədiyyə edilmiş qol saatını doğum günündə iştirak edən tək dostu olduğunu bildirməklə istəyib.
Səbuhi ona hədiyyə edilmiş saatı Əfqana verməməsinə görə onunla aralarında narazılıq yaranıb.
Narazılıq səbəbindən Əfqan onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, kəllə ilə onun burun nahiyyəsinə zərbələr vurub.
Bu səbəbdən Səbuhi Əfqandan qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. Bu məqsədlə yaxınlığından keçdikləri yaşadığı evə gedib və üzərində qan ləkələri olan paltarlarını dəyişdikdən sonra evin mətbəxindən bıçaq götürərək şalvarının bel hissəsində gizlətdikdən sonra evdən çıxıb.
Daha sonra Səbuhi Əfqanı axtarmağa başlayıb vıə onu yaşadığı evin yaxınlığında taparaq Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən “Hovsan parkı” adlanan parka gətirib. Səbuhi şalvarının bel nahiyyəsindən çıxardığı bıçaqla Əfqanın bədəninin müxtəlif nahiyyələrinə iki dəfə zərbə vurub.
Əfqan ondan qaçaraq xilas olmaq istəyən zaman aldığı xəsarətdən ağrı və iztirab çəkməklə öldürülməməsinə dair yalvarışlarına məhəl qoymadan müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək yolun digər tərəfində yerləşən “Gəncə təndiri” adlanan iaşə obyektinə daxil olan zaman onu təqib edib.
O, həmin yerdə Əfqana daha bir neçə zərbə vurub. Əfqan aldığı xəsarətlərdən vəfat edib.
Hadisəni törədən Səbuhinin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 228.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səbuhi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, hadisə 26-sı gecə, olub:
“Sadəcə olaraq, o insanla mənim düşmənçiliyim olmayıb. 4 ay dost kimi olmuşuq. İçkili olmuşam. Bir də ən çox, yəni söyüşə görə davalarımız olub. Birinci mübahisəyə o başlayıbm, söyüşə görə vurmuşam. Başqa bir düşmənçiliyim, problemlərim olmayıb. Hətta parkda oturaraq onu 2 dəfə bıçaqla vurmuşam. 15 dəqiqə parkda söhbət etmişəm ki, səhər mənim ad günü idi. Aramızda mübahisə oldu, burnum da sındı, onlar hamısı düzələn şeydir. Sadəcə olaraq, həmin adam təzədən skamyadan qalxandan sonra dedi ki, gedək, səhər ad günündür, səhər işimiz çoxdur.
Durandan sonra qayıdaraq dedi ki, bilirsən nə var? Nə demişəm, nə söymüşəm, düz eləmişəm.
Ondan sonra bıçaqdan istifadə etdim. Mən vurduqdan sonra Əfqan qaçaraq təndir dükanına girdi. Orada da mübahisələrimiz oldu. Mən bıçaq vurduqdan sonra Əfqan qaçdı. Arxasınca çıxdım, onu axtardım. Həmin parkın yanında təcili yardım var idi. Gəlib gördüm ki, artıq təcili yardım çağırıblar. Nasılkaya onu qoydular, özüm də mindim, məni də xəstəxanaya apardılar. Xəstəxanaya çatanda o keçindi. Parkda iki dəfə bıçaq zərbəsi vurandan sonra hərəkətlərimə ona görə davam etmişəm ki, içkili olmuşam, özümdə deyildim. Ən çox söyüşə görə hadisə olub. Çünki o insanı oturub başa da saldım ki, ailə söyüşü olmaz. Mən bildiyim qədəri ilə, onun dediyinə görə, anası-atası rəhmətə gedib. Ona başa saldım ki, öz zarafatımız var, o başqa şey, ailə söyüşü götürmürük. Yəni heç bir şəxs götürməz. Onun yerində mən də ola bilərdim. Vurmuşam ki, sabah, yəni bu adam çıxandan sonra nə olacağını bilmirəm. Bu adam təzədən mübahisəsini mənimlə davam etdirə bilər. Ailə söyüşü söymüşdü. Ailə üzvlərim haqqında söyüş söymüşdü”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Əfqanın işlətdiyi söyüşlər məhkəmə zalı olduğu üçün deyiləsi söz deyil:
“Nəsil, var-yox, ana barədə söyüşlər idi. Əfqan məni vurdu. Əfqan birinci mənə 3 dəfə kəllə vurdu. 3 yerdən sınıqlarım olub. Nəfəs almağımda da problem var idi. Xəstəxanaya çatdırılmasında iştirak etmişəm. Əfqan yolda keçindi”.
İş üzrə zərərçəkmiş Əfqanın hüquqi varisi qismində ifadə verən qardaşının sözlərinə görə, o hadisə yerində olmayıb:
“Yalan heç nə deyə bilmərəm. Sadəcə olaraq, ittiham aktında belə bir şey oxumuşam ki, Səbuhi Əfqanın gəzəndə onun qabağına çıxdığını deyıb, ancaq yolda qabağına çıxmayıb.
O Əfqanı gedib evdən tapıb. Səbuhi onu gecə saat 3-4-ün yarısı evdən çıxarıb. Əfqanın qızı və yoldaşı eşidib. Dediklərinə görə tək olmayıb, 2 nəfər olublar.
Əfqan çağırıb, digəri də bir az dayanaraq deyib ki, şərəfsiz qalxdı, ailəsinin yanına, gəl gedək. Onu evdən çağırıb çıxarıblar. Onlar dalaşıblar. Əfqanı evdən çölə çıxarıb ki, gedək, danışaq. Mən orada olmamışam. Əfqanın yoldaşı belə deyib. Mən də bilirəm ki, yoldaşı yalan demir. Yoldaşı deyib ki, Əfqan gedib, yarım saat və yaxud qırx dəqiqə sonra zəng ediblər, ancaq zəng çatmayıb”.
Hüquqi varis bildirib ki, qardaşı Əfqan xaraktercə “dəymə mənə, dəyməyim sənə” kimi insan olub:
“Haqsız danışan, dalaşan insan olmayıb. Qardaşımın məhkumluğu olub. Bir dəfə oğurluq və xuliqanlıqla məhkum olunub. Qardaşım evli idi, bir qız övladı olub”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Səbuhi 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.Demokrat.az