image-rt-reklam
image-danisiqbackend

Bakı separatçılarla danışıq aparmayacaq: Araik Qobustan həbsxanasında “istirahət” edəcək

image-728x90

Qondarma Dağlıq Qarabağın baş separatçısı Araik Arutunyan bildirib ki, Bakı ilə dialoqa hazırdırlar. Lakin o bəzi şərtlər irəli sürüb. Onun istəyinə görə, dialoq ABŞ-ın yox, Rusiyanın vasitəçiliyi ilə olmalıdır. Maraqlıdır, onun bu şərti irəli sürməkdə məqsədi nədir? Separatçılar niyə Rusiyadan yapışırlar?

Publika.az-a məsələ ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Azərbaycan heç bir halda separatçı və terrorçu Araik Arutunyanla danışıqlara getməyəcək.

“Biz daha əvvəl Qarabağdakı erməni ictimaiyyəti ilə danışıqlar üçün Xankəndiyə getmişdik. Orada azərbaycanlı nümayəndə heyəti ilə Qarabağın erməni ictimaiyyəti arasında bir görüş baş tutdu. Sonra onları Bakıya dəvət etdik. Onlar gəlmədilər. Üçüncü təklifimizi də onlar rədd edəndən sonra biz bu təklifi masadan qaldırıb Laçın sərhəd-keçid məntəqəsini quraşdırdıq.

Azərbaycan tərəfi Qarabağdakı erməni ictimaiyyəti ilə Laçın sərhəd-keçid məntəqəsi vasitəsilə artıq əlaqələr də qurur, kontaktlar da yaradır. Əgər erməni ictimaiyyətinin Azərbaycan üçün hansısa təklif və ya irdaları varsa, bunu yazılı olaraq bizim əsgərlərimizə verə bilərlər. Biz bu təkliflərə baxarıq, dəyərlərndirərik, məqsədəuyğun, ağlabatan təkliflərə müsbət yanaşa bilərik, digərlərini isə zibil qutusuna atarıq. Araik Arutunyanın Rusiyanı seçməsi təsadüfi deyil”.

Ekspert bildirir ki, ABŞ-ın bu məsələdə münasibəti bəllidir. Bunu iki gün əvvəl ABŞ-ın Ermənistandakı səfiri aşkar şəkildə bəyan etdi ki, Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanəti Azərbaycan verəcək.

“Yəni başqa bir ölkə Azərbaycan ərazisində bizim vətəndaşa zəmanət verə bilməz. Bu birmənalıdır. Rusiyaya gəlincə, dünən erməni jurnalistin sualına cavabında Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova konkret olaraq bildirdi ki, nə Qarabağ rejimini tanıyır, nə onun rəhbərlərini tanıyır, nə də onların hansısa ifadələrinə açıqlama vermək niyyətində deyil.

Odur ki, Qarabağ mövzusunda Araikin nə deməsindən asılı olmayaraq dəyişən heç nə olmayacaq. Azərbaycan öz planlı, məqsədyönlü addımlarını bundan sonra da atmaqda davam edəcək. Əksinə, səsləndirilən bu tip bəyanatlar və erməni silahlılarının Azərbyacan ərazisindən çıxarılmaması Araikin və digərlərinin daha sərt bir şəkildə cəzalandırılması ilə də nəticələnə bilər.

Azərbaycan Qarabağ məsələsini kimsə ilə müzakirə etmək niyyətində deyil. Bu təklifi verən Araik və onun kimilər isə Azərbaycan üçün Qobustan həbsxanasında “istirahət” edəcək ən dəyərsiz məhkumlarından biridir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90