21 oktyabr İsveçli kimyaçı, mühəndis, iş adamı Alfred Nobelin doğum günüdür.
Ölkə.Az doğum günü ərəfəsində onunla bağlı maraqlı faktları bir araya toplayıb.
Alfred Nobel 1833-cü ildə İsveçin Stokholm şəhərində anadan olub. 1842-ci ildə Alfredin 9 yaşı olanda ailəsi ilə bilikdə Rusiyanın Peterburq şəhərinə atasının yanına köçüb.
Alfredin memar, inşaatçı və ixtiraçı olan atası Emmanuel Nobel Peterburqda maşın mağazası açıb və qısa zamanda müdafiə silahlarının istehsalı ilə bağlı Rusiya hökuməti ilə olan müqavilələr sayəsində böyük uğur qazanıb.
Təhsilli bir kimyaçı olmaqla yanaşı, Alfred ədəbiyyatı çox sevirdi və ingilis, alman, fransız, isveç və rus dillərini mükəmməl bilirdi.
O, təbiətcə sülhpərvər və ixtiraçı olsa da, dinamiti ixtira etmişdi. Çünki Alfred bu ixtirası ilə bütün müharibələrə son verəcəyini düşünürdü.
O, dünya sülh müdafiəçisi Berta von Sutnerə belə demişdi: “Mənim zavodlarım sənin iclaslarından daha tez müharibəyə son qoya bilər. 2 ordunun 1 saniyədə bir-birini məhv edə biləcəyi gün gəldiyində, bütün sivil dövlətlər müharibədən geri çəkiləcək və öz qoşunlarını təxliyə edəcəklər.”
Alfred həyatının 2 ilini səyahətdə keçirdikdən sonra atası müflis olana qədər onun zavodunda işləyib.
1863-cü ildə Alfred öz partladıcısı, “Nobel alışqanı” üçün İsveç patenti almışdı. Öz ixtirası vasitəsilə atasına kömək etmək üçün İsveçə qayıdaraq bu ölkədə kiçik zavod təsis edir. 1 il sonra onun zavodunda baş verən partlayışda kiçik qardaşı Emil həlak olur.
1867-ci ildə Alfred yeni və idarəsi daha təhlükəsiz olan dinamit ixtira edib.
Nobel və qardaşları Krım müharibəsinə cəlb olunmuş çar ordusu üçün silah istehsal etməyə başlayırlar. Əvvəlcə Azərbaycana Robert gəlir. O, tüfəng qundağı üçün qoz ağacı axtara-axtara Lənkərandan Bakıya səfər edir. O, Bakıda neftlə bağlı geniş biznes imkanları görür və qardaşlarını burada şirkət açmağa inandırır. 1875-ci ildə Nobel qardaşları Bakıda “Tovarişestvo Neftyanoqo Proizvodstva Bratyev Nobel” – Nobel Qardaşları şirkətini yaradırlar. Az müddətdə Nobel qardaşları Abşeronun bir sıra neft mədənlərinin sahibi olur, zavodlar alır və xeyli kapitala yiyələnirlər.
1920-ci ilin aprel ayında bolşeviklər Bakıya daxil olur və neft sənayesini milliləşdirirlər. Nobel qardaşlarının milyonları xarici banklara yatırıldığından pulları batmır.
Hazırda məhz həmin pullar “Nobel mükafatı” formasında müxtəlif sahədə mühüm kəşf və ixtiraları olan alimlərə təqdim olunur. Nobel mükafatının məbləği təxminən bir milyon üç yüz min ABŞ dollarına bərabərdir.
Alfred sağlığında sülh görmədi. O, 1886-cı ildə İtaliyada beyin qanamasından dünyasını dəyişdi. Son vəsiyyətində varidatının təxminən 94 faizini “il ərzində bəşəriyyətə böyük töhfələr vermiş şəxslər” üçün 5 mükafatın təsisinə ayırmışdı.
Onun qohumları elə təəccüblənmişdilər ki, bir çoxu vəsiyyətnaməyə etiraz etmək istəmişdi.
Vəsiyyətnamənin quruluşunda Fransada vəsiyyətnaməyə etiraz etməyə səbəb ola biləcək rəsmi nöqsanlar var idi. Alfredin qanuni yaşayış yerinin hansı ölkə olması naməlum idi. O, 9 yaşına qədər İsveç vətəndaşı olmuşdu, lakin sonralar Rusiya, Fransa və İtaliyada bu ölkələrin vətəndaşı olmadan yaşamışdı.
Alfredin vəsiyyətnaməsindəki natamamlıqlar və digər maneələr nəticəsində Nobel fondunun təsisinə və ilk mükafatın təqdim olunmasına qədər maneələrlə dolu 5 il keçmişdi.
Hazırda isə Bakı neftindən əldə olunan gəlir hesabına təsis edilən Nobel mükafatı Kimya, Fizika Fiziologiya və tibb, Ədəbiyyat, Sülh və İqtisadiyyat üzrə verilir.