image-rt-reklam
image-1backend

“Babam özünü güllələdi, sonra məzarı da itirildi”-“Bəxtiyar” filminin qəhrəmanının babasının ölümünə kimlər səbəb olmuşdu?

image-728x90

“Rəhmətlik atam hüquqşünas idi. Məndən böyük qardaşlarım da hüququ bitiriblər. 1955-ci ildə “Bəxtiyar” filminə çəkiləndən sonra anam dedi ki, “get Moskvada Kinematoqrafiya institunda təhsil al”. Atam bu sözü eşidib bərk əsəbləşdi və dedi ki, “mənim bütün övladlarım hüquqşünasdır, Oqtay da onlar kimi hüquqşünas olacaq”. 1962-ci ildə hüquqşünaslığı bitirdim. Hal-hazırda 85 yaşım var, İqtisadiyyat Universitetinin professoruyam”

Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın ilk ali təhsili memarı Zivərbəy Əhmədbəyovun nəvəsi Oqtay Əfəndiyev deyib. O daha sonra əlavə edib.

“Uşaqlıqda biz Çəmbərəkənddə yaşayırdıq. 1967-ci ilə qədər baba ilə bağlı bütün məlumatlar yadımdadır. Rəhmətlik anam Firəngiz xanım Zivərbəyin yeganə qızı idi. Çox qorxa-qorxa həmişə babamdan danışardı. Çünki Sovet dövründə vəzifə çətin idi. O heç kimə deyə bilməzdi ki, mən Zivərbəyin qızıyam. Babam 1920-ci illərdə Avropa ölkələrinə tez-tez gedərdi. Yadımdadır, Çəmbərəkənddəki evində ən böyük otaq 62 kvadrat metr idi. Orada cürbəcür şəkilləri, vazalar var idi. Babam onları Avropadan gətirmişdi. Babam Bakının baş memarı idi. 1951 ci ildə özünü güllələmişdi. Əlbəttə ki, bəzi səbəblər var idi. Əsrin əvvələrində Azərbaycanın görkəmli ziyalılarını məhvetmə siyasəti həyata keçirilirdi. Bu, Zivər bəydən də yan keçmədi. Ermənilər tərəfindən dəfələrlə təqiblərə məruz qalmışdı. Hətta o illərdəki hakimiyyətə bu dözülməz şəraitdə işləməyin çətinlikləri haqda məlumat da vermişdi, amma buna baxmayaraq heç kim onun sözünü ciddi qəbul etmirdi. Özünü güllələyəndə 52 yaşı var idi. O vaxt Akademik Fətullayev öz kitabında bu haqda yazmışdı” deyə o bildirib.

Oqtay Əfəndiyev deyir ki, babasının məzarından bu günə qədər xəbər yoxdur.

“Babamın taleyi çox uğursuz olub. Babamı elə evinin yanındakı Dağüstü parkda dəfn edirlər. Çox keçmir ki, Çəmbərəkənd qəbirstanlığı dağıdılır və məzarların üstündə park salınır. Anam yenidən babamın məzarını başqa yerə köçürür. Fəxri Xiyabanı tikəndə yenidən köhnə qəbirstanlıq yerlə-yeksan edilir və babamın məzarı itib, torpağa qarışır. Bu günə qədər biz bilmirik ki, babamın məzarı hardadır? Anam o vaxt bu hadisədən sonra bərk xəstələnir, depressiya yaşayır” deyə o bildirib.
Oqtay Əfəndiyev bildirib ki, dövlətimiz babası Zivərbəy Əhmədbəyovun adını daim əbədiləşdirib.

“Babam Şamaxılı idi, orada İmam məscidinin memarı idi. Bakıya köçəndən sonra Təzəpir, Göy məscid və s. memarlıq abidələrinin müəllifi oldu. Əmircanda da memarlıq abidələri yaratmışdı. Nizami metrosunun ətrafındakı binalar babamın layihələri əsasında tikilib. Ona görə də heykəli orada qoyulub. Cənab prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə babamın heykəli Nizami metrosunun qarşısında ucaldıldı. Ötən il heykəlin postamentinə məlumat lövhəsinin vurulması ilə bağlı icazə aldım. Məlumat lövhəsində iki dildə-Azərbaycan və inglis dillərində babam haqda məlumatlar yer alıb. Məqsədim odur ki, babamı gənclər tanısınlar” deyə memarın nəvəsi bildirib.

Oqtay Əfəndiyev həmçinin bildirib ki, “Bəxtiyar” filmində Bəxtiyar obrazının uşaqlığını oynayıb.

“15 yaşım var idi, hələ məktəbdə oxuyurdum. Bir də gördüm ki, bir neçə adam sinfə daxil oldu. Məni seçib dedilər ki, “sən Rəşid Behbudovun uşağlığına oxşayırsan”. Xəbərim yoxdur ki, məni nə üçün seçirlər?! Atam-anamdan icazə aldılar, məni filmə çəkdilər. Filmdə Rəşid Behbudovun uşağlığını oynadım. 1 həftə Zaqulbada qaldıq. İndi də həmin yerlərdən keçəndə kövrək xatirələr göz önümə gəlir. Filmin ilk 12 dəqiqəsində mən görünürəm. O vaxt filmdən 6 min qonorar vermişdilər. Atam bu pula maşın almışdı. Filmdə dilimdən oxunan mahnıları Şövkət Ələkbərova ifa edirdi. Filmi də onun həyat yoldaşı Lətif Səfərov lentə alırdı. Həmin uşaqlardan indiyə qədər xəbərim yoxdur. Saşa obrazı ilə görüşmək istərdim” deyə Oqtay Əfəndiyev bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90