image-rt-reklam
image-1679147856_88backend

“AzerGold” dəmir filizi konsentratının istehsal zəncirinin yaradılmasının dəyərini açıqladı

image-728x90

Daşkəsən rayonunda inşa edilməsi nəzərdə tutulan zənginləşdirmə zavodunun inşası layihəsinin dəyəri il 1,5 milyard manat təşkil edir.

Bu barədə Ulusal.az “AzerGold” QSC-yə istinadən xəbər verir.

“Ötən il böyük investisiya tələb edən və kifayət qədər mürəkkəb olan istehsal zəncirinin yaradılması ilə bağlı görülən işlərə 44 milyon 64 min manat vəsait sərf edilib. Dövlət büdcəsinə əlavə yük olmamaq üçün xarici investorun cəlb edilməsi, o cümlədən müxtəlif maliyyə alətlərindən istifadə imkanlarının araşdırılması istiqamətində fəaliyyət davam etdirilir”, – məlumatda deyilir.

Zənginləşdirmə zavodu i dəmir filizi konsentratının istehsalı üçün nəzərdə tutulur və dəmir filizi mədənlərin yaxınlığında yerləşəcək.Ötən il layihəsi ilə bağlı yerli mühəndislik və məsləhətçi şirkət olan “ENCOTEC” QSC tərəfindən İlkin Layihələndirmə işləri aparılıb.

Zavod ərazisində yeni tikiləcək əsas və köməkçi binaların tikintisi, yararsız binaların sökülməsi üçün layihələndirmə işləri davam etdirilib.

Bundan başqa, yardımçı binalar və yardımçı infrastruktur (su, elektrik və s.) üzrə təfərrüatlı layihələndirmə işlərinə başlanılıb, istehsalat və inzibati ərazi üzrə baş plan hazırlanıb.

“AzerGold” bildirir ki, zavod ərazisində bərpa və yenidənqurma işləri aparılıb.

“Daşkəsən” dəmir filizi sahəsindən konsentrat ötən illərdə kanat xətti ilə rayonun Quşçu qəsəbəsində yerləşən yükləmə məntəqəsinə nəql edilir, oradan isə dəmir yolu vasitəsi ilə yükdaşıma təmin edilirdi. Uzun müddət istismarda olmuş sözügedən aktivlərin hazırda yararsız vəziyyətdə olduğunu nəzərə alaraq, yeni infrastrukturun qurulması üçün alternativ və daha səmərəli həll yolları dəyərləndirilib.

Beynəlxalq təcrübə nəzərə alınmaqla aparılmış araşdırmalar nəticəsində Daşkəsən rayonundan Gəncə şəhərinin inzibati ərazisində yerləşəcək pellet zavoduna daşınmasını təmin etmək məqsədilə ölkəmizdə ilk dəfə tətbiq edilməsi planlaşdırılan şlam boru kəməri ilə nəqletmə prosesinin texniki və maliyyə baxımından daha səmərəli olduğu müəyyən edilib.

Bu istiqamətdə qlobal “Paterson&Cooke” şirkətinin Böyük Britaniya ofisi tərəfindən İlkin Layihələndirmə və Əsas Layihələndirmə işləri aparılıb. Layihələndirmə işləri çərçivəsində boru xəttinin marşrutu, konstruktiv və mexaniki tələbləri müəyyənləşdirilib, həmçinin sınaq işləri icra edilib. Hazırda təfərrüatlı layihələndirmə işləri sürətlə davam etdirilir”, – məlumatda deyilir.

Layihəyə əsasən, 45 km uzunluğa malik boru xəttinin inşası ilə Daşkəsəndə istehsal edilmiş dəmir konsentratı su ilə qarışdırılaraq şlam halında Gəncə şəhəri istiqamətində nəql ediləcək. Şlam boru xəttinin sonunda qurulacaq susuzlaşdırma stansiyasında konsentrat və su ayrılacaq, ayrılmış konsentrat pellet, texniki su isə pellet və DRI/HBI istehsalı prosesində istifadə olunacaq.

Gələcəkdə istehsal olunacaq pellet və DRI/HBI məhsulunun həm ölkə ərazisində, həm də ixrac məqsədilə daşınması üçün Gəncə şəhərinin əlverişli coğrafi mövqeyi nəzərə alınaraq, sözügedən məhsullarının istehsalı müəssisələrinin adıçəkilən şəhərin inzibati ərazisində qurulması planlaşdırılıb. Bu məqsədlə pellet istehsalı zavodu üzrə podratçı qismində cəlb edilmiş Almaniyanın “NewFer” şirkəti tərəfindən start verilmiş İlkin Layihələndirmə işləri hazırda davam etdirilir. Ötən müddət ərzində konsentrat və pellet üçün metallurji sınaqlar da həyata keçirilib.

“İstehsal zəncirinin son halqası olaraq Gəncə şəhərinin inzibati ərazisində qurulması nəzərdə tutulan ikinci müəssisə – DRI/HBI məhsullarının istehsalı zavodunun inşası layihəsi ilə əlaqədar ötən il Avstriyanın nüfuzlu “Horst Wiesinger Consulting” şirkətinin iştirakı ilə texnologiya seçimi üzrə əməliyyat və kommersiya təhlilləri aparılıb. Potensial texnologiyalar arasında ən çox bazar payına malik olan İtaliya, ABŞ, Yaponiya şirkətlərinə məxsus istehsal texnologiyaları araşdırılıb.

Qeyd edək ki, qurulması nəzərdə tutulan zavodların əhəmiyyətli miqdarda elektrik enerji mənbəyinə tələbatının formalaşacağı nəzərə alınaraq, alternativ enerji resurslarından istifadə imkanlarının qiymətləndirilməsi məqsədilə danışıqlar aparılır.

Həmçinin pellet və DRI/HBI zavodlarının tikintisi nəzərdə tutulan ərazinin ayrılması üçün müvafiq dövlət orqanları ilə fəaliyyət davam etdirilir”, – QSC qeyd edir.

“AzerGold” hesab edir ki, dəmir filizi yataqlarının istismara verilməsi ilə 2035-ci ilədək ÜDM-ə milyardlarla manat həcmində töhfə veriləcəyi və böyük həcmdə vergilərin ödəniləcəyi proqnozlaşdırılır. Ölkəmizin qeyri-neft-qaz sektorunun inkişafına xidmət edən layihənin icra müddətində birbaşa və dolayı effekti nəzərə alaraq, yüzlərlə daimi iş yerinin açılması ilə Gəncə-Daşkəsən iqtisadi rayonunun məşğulluq göstəricisinə əhəmiyyətli töhfə verilməsi planlaşdırılır.

Xatırladaq ki, “AzerGold”un törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” MMC-nin nizamnamə kapitalının artırılmasına yönəldilmiş dövlət vəsaiti hesabına nizamnamə kapitalının ümumi məbləği 183,9 milyon manat müəyyən edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90