image-2000x150
image-sebine-xasayeva-ggbackend

Azərbycan dünya dövlətlərinin siyasi ehtiramı ilə əhatələnib…

image-728x90

Hər sərgi müəyyən yeniliyin geniş mənada ictimailəşdirilməsi deməkdir. Beynəlxalq sərgi yeniliyin beynəlxalq miqyasda ictimailəşdirilməsi olduğu üçün həmişə iqtisadi, bəzən siyasi ma­raq­la izlənilir. Nəticə etibarilə dövlətlərarası münasibətlərdə müəyyən əhəmiyyətə mailik olur.

Bakıda may ayının 31-də 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışı oldu. Açılış­da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi. Bu çıxış təkcə sərgilərin fəlaliyyətə başlamasının bildirişi deyildi, şübhəsiz, açılış həm də sərgilərin dövlətlərarası münasi­bət­lərə, iqtisadi və siyasi əlaqələrə yeni yanaşmaların mahiyyətini də tənzimləyəcək.

1994-cü ildə ilk dəfə neft və qaz sərgisinin keçirilməsi sonrakı dövrlər üçün bir başlanğıc oldu. Həmin il “Əsrin müqaviləsi”nin imzalanması da bu başlanğıcın zəruri davamı idi. Nəzərə al­saq ki, onda Azərbaycanın dövlət müstəqilliyi cəmi üç il idi bərpa olunmuşdu, onda bu müqa­vi­lə­nin imzalanmasının əhəmiyyətinin nə olduğu daha əhatəli bilinər. Azərbaycanda vətəndaş qarşı­dur­ması yaranma ərəfəsində, Azərbaycanın torpaqlarının işğal edilməsi dövründə belə bir müqavilənin bağlanması dövlətin iqtisadi dayanıqlığını təmin edirdi. Neft kəmərləri, infrastrukturu olmayan bir ölkə üçün belə bir müqavilə dövlətçiliyin möhkələndirilməsində olduqca mühüm əhəmiyyətə malik oldu.

ABŞ-ın və Böyük Britaniyanın Azərbaycanın bütün təşəbbüslərini dəstəklədiyini nəzərə alsaq, qətiyyətlə deyə bilərik ki, Azərbaycan dünya ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq aparır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi: “Əhəmiyyətli tədbirlərdən biri Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışıdır. Bunun nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçiririk və tezliklə qonşu ölkələrə də bizim qazımız nəql ediləcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Bu ilin sonuna qədər qazımız Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da bizim qaz ixracımızın coğrafiyası genişlənəcəkdir”.

Avropa İttifaqı ilə Azərbaycanın ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalaması, memorandumun uğurla yerinə yetirilməsi, Azərbaycanın həm Avropa İttifaqının, həm də Cənub Qaz Dəhlizi Məşvərət şurasının üzvü olması da təsdiqləyir ki, Azərbaycan bu sahə üzrə də dünya dövlətləri üçün etibarlı tərəfdaşdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdi ki, görü­ləcək işlər çoxdur, TANAP və TAP genişlənməlidir. Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır və Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Çünki biz burada böyük sərmayə qoymalıyıq.

Prezident İlham Əliyevin cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərində çıxışı bir daha təsdiqlədi ki, Azərbaycanın siyasi nüfuzunun yüksəlişi reallığa, gerçəkliyə əsaslanır. Azərbycan dünya dövlətlətinin siyasi ehtiramı ilə əhatələnib…

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90