“Azərbaycanlılar Rusiyada birmənalı olaraq Kremlin göstərişi ilə sıxışdırılır.” – bu fikirləri politoloq Arzuman Muradlı Ulusal.az saytına verdiyi açıqlamada bildirib. O qeyd edib ki, kiçik bir məişət hadisəsi baş verdikdə, dərhal Rusiya güc strukturları və mediası Azərbaycanlıları hədəf alır.
Arzuman Muradlı vurğulayıb ki, Rusiya cəmiyyətinə azərbaycanlılar “vəhşi” kimi təqdim olunur, lakin unudurlar ki, azərbaycanlılar , indiki Rusiyanın formalaşmasında və inkişafında böyük rol oynayıb.
“Azərbaycanlılar, Rusiya iqtisadiyyatının çiçəklənməsinə öz töhfələrini veriblər. Amma bunu anlamırlar, çünki onlar hələ də imperiya təfəkküründən əl çəkməyiblər”, – deyə Arzuman Muradlı bildirib.
Politoloq, Rusiya Tver vilayətində azərbaycanlı sürücünün yol qəzası nəticəsində bir polis əməkdaşını vurmasını adi bir qəza adlandırıb.
“Rusiya mediası diqqətini yol qəzası kimi hər yerdə baş verə bilən adi bir hadisəyə yox, hadisəni törədən şəxsin milliyyətinə yönəldib. Bu da, hadisənin məzmunundan daha çox, emosional və qızışdırıcı şəkildə təqdim edilməsinin təsadüfi olmadığını göstərir”, – deyə Muradlı qeyd edib.
Arzuman Muradlı, son dövrlərdə Rusiya şəhərlərindən birindəki cüzi parklanma mübahisəsini nümunə gətirərək bildirib ki, bu qarşıdurma bir neçə dəqiqəlik söz davası olsa da, Kremlin nəzarətindəki kanallar bunu “miqrant təhdidi” və “Azərbaycanlıların aqressiyası” kimi təqdim edib. Hətta hüquq-mühafizə orqanlarının reaksiyası qeyri-mütənasib olub, sanki qarşılarında cinayətkar dəstə varmış kimi davranılıb.
“Rusiya mətbuatının Azərbaycanlıların adını bu şəkildə xüsusi vurğulaması, adi bir qəzanın ‘etnik kontekstdə’ təqdim edilməsi müasir informasiya faşizminin təzahürü sayılmalıdır. Bu hadisə bir insan faciəsidir, lakin onu milliyyət kontekstində qabartmaq artıq informasiya cinayətidir. Rusiya mətbuatı bu üsulla həm azərbaycanlılara, həm də öz cəmiyyətinə zərbə vurur – nifrət toxumu səpir və multietnik dövlətin əsaslarını sarsıdır”, – deyə Arzuman Muradlı fikrini tamamlayıb.























