ABŞ-nin Kolorado ştatında yaşayan soydaşlarımız orada Azərbaycan icmasının ilk diaspor təşkilatını yaradıb.
Ulusal.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, “Koloradoda Azərbaycan Diasporu” adlanan təşkilatın təsisçisi və rəhbəri Nigar Şıxsəfiyevadır.
Təşkilatın məqsədi yerli Azərbaycan icmasının Amerika cəmiyyətində təmsilçiliyini artırmaq və bu missiyanı gələcək nəsillərə ötürməkdir.
Kolorado azərbaycanlılarının ABŞ-də yaşayan digər etnik qruplar, yerli icmalar və gənc nəsil arasında sıx əlaqələrin qurulması, habelə Azərbaycan dilinin və mədəniyyətinin təbliği də təşkilatın əsas hədəflərindəndir.
Qeyd edək ki, N.Şıxsəfiyeva bir müddət Ədliyyə Nazirliyində işləyib. O, nazirliyin mətbuat xidmətində çalışıb. Nazirlikdən ayrıldıqdan qısa müddət sonra isə fəaliyyətini Şuşa Şəhər Dövlət Qoruğu İdarəsində davam etdirib. Amma ailə həyatı qurması ilə əlaqədar ABŞ-a köçdüyü üçün öz ərizəsi ilə işdən çıxıb. N.Şıxsəfiyeva həmçinin hazırda “Baku TV”nin Amerikada xüsusi müxbiri vəzifəsində çalışır.