Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki İvan Voroniçin sifarişli qətli ətrafında yayılan iddialar və ehtimallar getdikcə daha da mürəkkəbləşir.
Xatırladaq ki, iyulun 10-da səhər saatlarında polkovnik Voroniç Kiyevdəki evinin yaxınlığında güllələnib. Qətlin sifarişli olduğu artıq təsdiqlənib. Voroniç Ukraynanın işğal olunmuş ərazilərində təxribat əməliyyatlarının təşkili və yüksək rütbəli komandirlərin zərərsizləşdirilməsi ilə məşğul olan SBU-nun 5-ci Əks-Kəşfiyyat İdarəsinin rəhbərlərindən biri idi.
Qətldən qısa müddət sonra şübhəlilər müəyyən edilərək yaxalanıb. Onlardan biri – Güləlizadə Xəqani və onun şəriki, hər ikisi Azərbaycan vətəndaşı olan Nərmin Quliyeva – Rusiya kriminal qruplaşmaları ilə əlaqəli şəxslər kimi tanınıb. Onlar həbs zamanı silahlı müqavimət göstərərək zərərsizləşdiriliblər. Bu fakt Rusiya xüsusi xidmət orqanlarının cinayətkar ünsürlərdən öz məqsədləri üçün istifadəsinə dair məlum praktikanı bir daha gündəmə gətirir.
“The Base” və Amerikan izləri
Böyük Britaniyanın “The Guardian” qəzeti qətldən bir həftə sonra məsələ ilə bağlı maraqlı iddia irəli sürdü. Qəzetin yazdığına görə, ABŞ-da yerləşən “The Base” adlı neonasist qruplaşma Voroniçin qətlinə görə məsuliyyəti öz üzərinə götürüb. Qrupun Telegram kanalında yayılan bəyanatda “SBU polkovnikinin qətli son deyil, yalnız başlanğıcdır. Ədalət zəfər çalana qədər mübarizəmizi davam etdirəcəyik” deyilib.
Bəs, bu radikal ABŞ qrupunun Ukraynadakı SBU zabiti ilə nə əlaqəsi ola bilər?
Yeganə iz – “The Base”in qurucusu Rinaldo Nazzaroya gedib çıxır. Keçmiş hərbi veteran və təhlükəsizlik şirkətinin sahibi olan Nazzaro ABŞ-da “ağ dövlət” yaratmaq planları səbəbilə FTB-nin nəzarətindən yayınıb və Rusiyanın Sankt-Peterburq şəhərinə köçüb. O, rusiyalı Lyudmila Sergeeva ilə ailəlidir. Belə bir şəxs Rusiya xüsusi xidmətlərinin diqqətindən yayınması mümkün olmayan fiqurlardandır.
“The Guardian”ın məlumatına görə, 2024-cü ilin aprelində “The Base” öz Telegram kanalında Ukraynada hökumət, ordu və infrastruktur obyektlərinə hücum edənlərə maddi mükafat vəd edərək açıq şəkildə terrora çağırış edib.
Transkarpatiyada “ankaʟav” planı və sui-qəsd versiyaları
Qrup Transkarpatiyada “ağ hərbi anklav” yaratmaq ideyası ilə çıxış edib. Lakin bu fikir, görünür, Ukraynadakı İkinci Dünya Müharibəsi partizanları haqda tarixi bilgilərə əsaslanır. Belə layihələrin arxasında kimin dayandığı, hansı məqsədlərlə informasiya manipulyasiyası aparıldığı qaranlıq qalır.
Amerikalı neonasistlərin SBU polkovnikinə qarşı çıxmasının motivləri isə tam aydın deyil. Üstəlik, Rusiya rəsmi təbliğatına əsaslansaq, “ən dəhşətli nasistlər” elə Kiyevdəki hakimiyyət dairələrindədir. Belə olan halda, amerikan mənşəli “nasistlər” niyə Ukrayna əleyhinə çıxış edirlər?
Cavab aydındır: informasiya məkanını sui-qəsd nəzəriyyələri ilə çirkləndirmək və beynəlxalq auditoriyanı çaşdırmaq məqsədilə aparılan psixoloji əməliyyatların bir hissəsidir. Bu da göstərir ki, keyfiyyətli analiz və dəqiq informasiya bu informativ hibrid müharibə dövründə daha da böyük əhəmiyyət kəsb edir.haqqin.az