Dünən İran Prezidenti Məsud Pezeşkian Tehranda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.
Ulusal.az xəbər verir ki, Pezeşkian görüş əsnasında maraqlı bir ifadə işlədib. İran-Azərbaycan münasibətlərindən danışan M. Pezeşkian İranın ikili münasibətlər zamanı yaranan bir sıra anlaşılmaz məqamlarla bağlı səhv buraxdığını etiraf edib.
“Biz Azərbaycanla olan bəzi anlaşılmazlıqları və problemləri anlayırıq və dərk edirik. Hesab edirəm ki, burada bizim bəzi səhvlərimiz olub”,-deyə İran lideri bildirib.
İranın Azərbaycanla yaxın münasibətlər qurmasına toxunan Məsud Pezeşkian əlavə edib ki, Azərbaycan qədər İrana yaxın olan ikinci ölkə yoxdur.
“Azərbaycanla bizi ortaq tarix, mədəniyyət birləşdirir. Biz Azərbaycanla daha yaxın olmalıyıq. Biz Azərbaycanla daha böyük işlər görməliyik. Düşmənlərin bizim münasibətlərə mane olmasına əsla imkan verməməliyik”, – deyə, Pezeşkian qeyd edib.