image-rt-reklam
image-media-1-8ret9bahicvw6psknxz4-1200x630backend

Azərbaycanın sülh təşəbbüsü Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını müəyyən edir – ŞƏRH

image-728x90

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana etdiyi işgüzar səfəri çərçivəsində mayın 20-də Macarıstanın Baş naziri Viktor Orbanla birlikdə mətbuata verdiyi bəyanat postmünaqişə dövründə Azərbaycanın sülh təşəbbüslərinə sadiqliyini və regional sabitliyin təmin olunmasında aparıcı rolunu bir daha ortaya qoydu. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra sülh prosesinə start verən tərəf məhz Azərbaycan olmuşdur. Bu təşəbbüs sadəcə hərbi qalibiyyətin siyasi mərhələyə keçidi deyil, həm də regionda uzunmüddətli sülhün və əməkdaşlığın qurulması üçün strateji addım idi.” – bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Millət qeyd edib ki, hazırlanan sülh müqaviləsinin ilkin versiyasının müəllifi də Azərbaycandır.

“Ermənistan tərəfi bu sənədin əsas müddəalarını müəyyən düzəlişlər etməklə qəbul edib. Bununla belə, prinsipial məsələlər üzrə razılıq əldə olunması, Azərbaycanın təkliflərinin beynəlxalq hüquq normalarına əsaslandığını və obyektiv olduğunu təsdiqləyir. Prezident İlham Əliyev Budapeştdə bir daha bəyan etdi ki, bu gün regional sabitliyin bərqərar olması üçün iki əsas məsələ hələ də cavabsız qalır.
Birincisi, Ermənistan Konstitusiyasında hələ də Azərbaycana qarşı açıq və ya dolayı formada ərazi iddiaları qalmaqdadır. Bu, sülh sazişi bağlanması prosesində ciddi maneədir və regional münasibətlərdə qarşılıqlı etimada əsaslanan yeni dövrün başlanmasına imkan vermir. Ermənistan konstitusiya dəyişikliklərini həyata keçirmədikcə, sülh prosesindən danışmaq sadəcə formal ritorikadan ibarət olacaq. İkinci məsələ ATƏT-in Minsk qrupunun de-yure ləğv edilməsidir. Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu artıq öz funksionallığını itirib. Münaqişə faktiki olaraq həll olunub. Azərbaycan 2020-ci ildə öz ərazi bütövlüyünü təmin edib və 2023-cü ildə suverenliyini tam bərpa edib. Bu reallıqlar fonunda Minsk qrupunun saxlanılması yalnız siyasi manipulyasiyalara və prosesi ləngitmək istəyən qüvvələrin əlinə əsas verir. Bu baxımdan qurumun ləğvi hüquqi baxımdan labüddür.”- deyə Vasif Qafarov bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın təqdim etdiyi sülh təklifləri beynəlxalq hüququn prinsiplərinə və BMT-nin Nizamnaməsinə əsaslanan, ədalətli və praktik sənəddir.

“Azərbaycan bölgədə qarşılıqlı hörmət və dövlətlərin suverenliyinə əsaslanan münasibətlərin qurulmasında maraqlıdır. Bu mövqe münaqişənin həllindən sonra daimi sülh və əməkdaşlıq üçün konkret hüquqi və siyasi əsaslara söykənir. Azərbaycanın sülh təşəbbüsü sadəcə Ermənistanla ikitərəfli münasibətləri deyil, bütövlükdə Cənubi Qafqaz regionunun təhlükəsizlik arxitekturasını müəyyən edir. Son illərin gedişatı göstərir ki, Ermənistan da gec-tez bu reallıqları qəbul etməyə məcbur olacaq.”- deyə Vasif Qafarov əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90