“Azərbaycan son illərdə enerji sektorunda qazandığı uğurlar sayəsində regionda mühüm geosiyasi oyunçuya çevrilməkdədir. Xəzər hövzəsinin zəngin təbii qaz ehtiyatlarına sahib olan ölkə, artıq təkcə enerji ixracatçısı deyil, eyni zamanda enerji vasitəsilə regional təsirini artıran strateji akyor kimi çıxış edir.” – bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı səsləndirib.
Politoloq qeyd edib ki, illərdir ki, Azərbaycan Şərqi Avropa ölkələrinə – xüsusilə də Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyaya qaz ixrac edərək həmin dövlətlərin enerji təhlükəsizliyinə töhfə verir.
“Bu, həm Azərbaycanın Avropa ilə əlaqələrini möhkəmləndirir, həm də Rusiyadan enerji asılılığını azaltmaq istəyən ölkələr üçün alternativ təchizat mənbəyi rolunu gücləndirir. Azərbaycan bu strategiyanı daha da irəli apararaq, enerji təchizat xəritəsini cənuba – Yaxın Şərqə doğru genişləndirir. Belə ki, Azərbaycan qazının Suriya bazarına daxil olması bu ölkənin enerji diplomatiyasında yeni bir mərhələyə keçdiyini göstərir. Suriyada uzun illər davam edən müharibə, ölkənin enerji infrastrukturunu ciddi şəkildə dağıdıb və əhalinin enerji təminatı ciddi problemlərlə üz-üzədir. Bu baxımdan, Azərbaycanın Suriyaya qaz nəqli, təkcə iqtisadi və ticari addım deyil, həm də humanitar və siyasi dəstək mesajı kimi qiymətləndirilə bilər. Azərbaycanın bu addımı bir neçə cəhətdən diqqətçəkicidir. Əvvəla, bu, ölkənin enerji logistik imkanlarının artdığını və qaz kəmərlərinin daha çevik və çoxşaxəli istiqamətlərə yönəldilə bildiyini sübut edir. İkincisi, bu ixrac regionda Azərbaycanın nüfuzunu gücləndirir və onu təkcə Avropa üçün deyil, həm də Yaxın Şərq üçün etibarlı enerji tərəfdaşına çevirir. Bununla yanaşı, Suriya ilə enerji əməkdaşlığı, Azərbaycanın xarici siyasətində balanslı və praqmatik yanaşmasının nümunəsidir. Bakı həm Qərblə, həm də Şərqlə strateji əməkdaşlıqlar qurmaqla, çoxqütblü diplomatik platformada mövqelərini daha da möhkəmləndirir. Bu, həm də regional sabitliyə töhfə, enerji təhlükəsizliyinin təminatı və siyasi nüfuzun gücləndirilməsi vasitəsinə çevrilmişdir. Şərqi Avropadan başlayaraq Yaxın Şərqə qədər uzanan bu enerji xəritəsi, Azərbaycanın gələcək illərdə də regionun əsas enerji oyunçularından biri kimi qalacağını göstərir.” -deyə Arzuman Muradlı bildirib.