image-rt-reklam
image-2backend

Azərbaycanın qlobal siyasi xəritədə mövqeləri möhkəmlənir

image-728x90

Prezident İlham Əliyevin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində həyata keçirdiyi görüşlər və beynəlxalq tribunadan səsləndirəcəyi çıxış Azərbaycanın artan nüfuzunu və ölkəmizin qlobal siyasi-iqtisadi sistemdə strateji aktora çevrildiyini nümayiş etdirir.

Ən önəmli məqam odur ki, alternativ investisiyalar sahəsində dünyanın nəhəng idarəedici şirkətləri olan “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” kimi maliyyə qurumlarının rəhbərləri ilə görüşlərin təşəbbüsü qarşı tərəfdən gəlib. Bu, bir tərəfdən Azərbaycanın güclənən iqtisadi potensialına beynəlxalq maliyyə mərkəzlərinin artan marağının göstəricisi, digər tərəfdən ölkəmizin davamlı inkişaf modelinə və strateji sabitliyinə olan yüksək inamın təzahürüdür.

Azərbaycan bu gün etibarlı tərəfdaş, risklərin minimum olduğu, gələcəyin təhlükəsiz və dayanıqlı bazarı kimi dəyərləndirilir. Eyni zamanda, BMT Baş Assambleyası çərçivəsində keçirilən ikitərəfli görüşlərin qarşı tərəfin müraciəti ilə gerçəkləşməsi ölkəmizin beynəlxalq nüfuzunun hansı səviyyəyə yüksəldiyini sübut edir. Bu fakt Azərbaycan dövlətinə göstərilən etimadın və hörmətin real təsdiqidir. Qlobal miqyasda heç bir siyasi, iqtisadi güc təsadüfi maraq göstərmir. Marağın əsasında güclü liderlik, sabit inkişaf və düzgün strateji seçimlər dayanır.

Sentyabrın 25-də Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı, xüsusilə əlamətdar oldu. Prezidenti İlham Əliyev çıxışında bir sıra mühüm məsələlərə toxunaraq qeyd edərək deyib: “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam”.

Öz çıxışında dövlət başçısı 30 ildən çox davam edən Ermənistan-Azərbaycan münaqişəsinə xüsusi yer ayırıb. Bildirib ki, 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü.

“Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı Ermənistanla sülh danışıqları ilə bağlı fikirlərini bölüşüb. Dövlətimizin başçısı deyib ki, biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsipi irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi”.

Dövlətimizin başçısının sülhlə bağlı hər bir beynəlxalq tribunadan səsləndirdiyi fikirlər bütün dünyaya ünvanlanmış mesajdır. Məhz Azərbaycan müharibədən sülhə, qarşıdurmadan əməkdaşlığa aparan yolun nümunəsini təqdim edir. Bu, region üçün, qlobal siyasət üçün mühüm modeldir. Sülh prosesinin istiqamətini və real həll yolunu müəyyən edən tərəf məhz Azərbaycandır.

Azərbaycanın qlobal siyasi xəritədə öz mövqelərini daha da möhkəmləndirib. Dövlətimizin başçısının həyata keçirdiyi çoxşaxəli diplomatik siyasət nəticəsində ölkəmiz enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, investisiya imkanları və sülh gündəliyi ilə dünya miqyasında mühüm aktora çevrilib. Bu səbəbdən, həm siyasi, həm də iqtisadi müstəvidə Azərbaycanın qarşısında yeni perspektivlər açılır, ölkəmizin strateji maraqları daha da güclənir.

Vahid İsmayılov

Tarix üzrə fəlsəfə doktoru

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90