Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası öz işinə başlayıb. Bütövlükdə, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha təsdiq etdi ki, ölkəmizin bu sahədəki fəaliyyəti BMT daxil olmaqla, beynəlxalq və qlobal təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan regionda “yaşıl enerji”nin inkişafına ən çox investisiya yönəldən ölkələrdən biridir. Son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard ABŞ dollarından artıqdır. COP29 bir sıra istiqamətlərdə – Azərbaycanın iqtisadiyyatı, eyni zamanda “yaşıl enerji” sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da çox vacibdir.
Azərbaycan “yaşıl enerji” sahəsində bir sıra aparıcı şirkətlərlə, beynəlxalq qurumlarla əməkdaşlıq edir və ölkəmizin “yaşıl enerji”nin istehlakda payı ilə bağlı bəlli hədəfləri var. Bu hədəflərin reallaşması istiqamətində intensiv addımlar atılır. Eyni zamanda Azərbaycan Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya “yaşıl enerji” ixrac etmək niyyətindədir. Bu da ondan xəbər verir ki, 2026-cı ildən sonra Azərbaycan Avropa İttifaqının “yaşıl enerji”yə olan tələbinin ödənməsində xüsusi paya malik olacaq. Bu istiqamətdə də sürətli işlər həyata keçirilir. Belə tədbirlər bir tərəfdən turizm sektorunun dəstəklənməsi və inkişafına xidmət edir, digər tərəfdən isə ölkənin iqtisadi potensialı ilə daha yaxından tanış olmağa fürsət yaradır.
COP29-un Bakıda təşkilinin iqtisadi dividendlərinə gəldikdə isə bu turizm və xidmət sektorunun gəlirliyini artırmaqla yanaşı, həm də sərmayələrin cəlb edilməsi baxımından vacibdir, çünki praktik olaraq həm Azərbaycan iqtisadiyyatının potensialını təqdim etmək imkanı verəcək, həm də bu ölkəmiz üçün birmənalı şəkildə yeni sərmayələr və xüsusən də xarici sərmayələrin cəlbi baxımından səmərəli olacaq. Nəzərə alsaq ki, cənab Prezident yeni dövrün əsas hədəflərini müəyyənləşdirən zaman xarici sərmayələrin cəlb edilməsini əsas istiqamətlərdən biri kimi qeyd etmişdi. Xüsusən də qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsi vacibdir. COP Azərbaycan üçün iqtisadi üstünlüklər və dividendlər gətirəcək. Qeyd edək ki, bərpaolunan enerjinin quruda iqtisadi potensialı 27 QVt təşkil edir, o cümlədən külək enerjisi üzrə 3 QVt, günəş enerjisi üzrə 23 QVt, bioenerji, geotermal və kiçik çaylarının birgə potensialı 1 QVt həcmində qiymətləndirilir.
Maliyyə resurslarının cəlb edilməsi də iqlim dəyişmələrinə qarşı mübarizədə əsas yer tutur. Çünki problemin həlli üçün böyük vəsait tələb olunur. Bu istiqamətdə qlobal təşəbbüslərin və səylərin gücləndirilməsinə ehtiyac var. COP29-un açılışında da Azərbaycan bu istiqamətdə öz çağırışlarını etdi. Çünki COP29-un hədəflərinə uyğun olaraq qlobal iqlim dəyişmələri ilə mübarizədə daha çox maliyyə resurslarının ayrılmasına ehtiyac var.
Eyni zamanda bu mötəbər toplantıda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın müsbət imicinin üzərinə kölgə salmaq istəyənlərə layiqli mesaj göndərib: “Hər dəfə Azərbaycanda mötəbər tədbirlərin, beynəlxalq konfransların, idman yarışlarının keçirildiyi ərəfədə bəzi dairələr tərəfindən ölkəmizə qarşı böhtan və qarayaxma kampaniyalarının aparılmasının şahidi oluruq. Düz bir ildir ki, COP29-la bağlı da Qərb mediasında və bəzi platformalarda anti-Azərbaycan kampaniyası aparılır. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, paytaxtımızda keçirilən COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Ancaq hər dəfə də onların bu arzuları həyata keçməmiş, ürəklərində qalır”.
Azərbaycan lideri bugünkü bəyanatları ilə başçılıq etdiyi dövlətin qüdrətini bir daha dünyaya göstərdi: “Əvvəla onu vurğulayım ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycan COP29-a ev sahibliyi edir. Bu da bizim ölkəyə, onun uzaqgörən dövlət başçısına hörmətin əlamətidir. COP29-un Bakıda keçirilməsi həm də ölkəmizin aparıcı rolunun beynəlxalq miqyasda qiymətləndirilməsi deməkdir”.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru