image-2000x150
image-1685631489_4backend

Azərbaycandan qat-qat zəngin ölkələr var, amma bu, onlara uğur gətirmədi…

image-728x90

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi artıq üçüncü onillikdir ki, dünyanın aparıcı şirkətləri arasında əhəmiyyətli əməkdaşlıq platformasına çevrilib. Mayın 31-də Bakıda keçirilən 28-ci Sərgidə 35 ölkəni təmsil edən 320 şirkət iştirak edirdi. “Caspian Oil&Gas” sərgisi və onunla eyni vaxtda təşkil olunmuş 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji- “Caspian Power” platforması ölkəmizin bu illər ərzində əldə etdiyi uğurları nümayiş etdirməklə yanaşı, aparıcı şirkətlər arasında faydalı əlaqələrin qurulmasına yeni imkanlar yaratdı. Azərbaycan Prezidentinin ənənəvi olaraq Sərginin açılış mərasimində iştirakı bu platformanın yüksək statusunu bir daha təsdiq etdi. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında platforma qurulanadək ölkəmizin və tərəfdaşlarımızın üzləşdiyi çətinlikləri yada saldı və bugünkü uğurların arxasında Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin dayandığını xüsusi olaraq vurğuladı: “Biz 1994-cü ildə neft strategiyamızın-Ulu Öndər Heydər Əliyevin neft strategiyasının astanasındaydıq. Bu il biz müasir Azərbaycanın yaradıcısı Ulu Öndərin 100 yaşını qeyd edirik. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il məhz “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və əlbəttə ki, Azərbaycanın firəvan gələcəyinin təməli qoyuldu”.
Dövlətimizin başçısı onu da yada saldı ki, həmin dövrə qədər torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi, milyondan artıq soydaşımızın qaçqın-köçkün vəziyyətinə düşməsi, ölkəmizin vətəndaş qarşıdurmasına sürüklənməsi nəhəng investorların tərəddüdünə səbəb olmuşdu. Azərbaycan Prezidenti diplomatik dilin nəzakət üslubuna uyğun şəkildə onu da xatırlatdı ki, artıq 30 illik tərəfdaşımız olan BP şirkətini, eləcə də ilk konsorsiumun ovaxtkı üzvlərini Azərbaycana gətirmək böyük səylər tələb etdi. Bu da səbəbsiz deyildi. Prezident İlham Əliyev həmin səbəblərin bir qismini yada saldı: “Yəni, o zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyini yeni əldə etmişdi, müstəqilliyimizin 3 yaşı var idi və əlbəttə ki, bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi, ölkəmizin harada yerləşdiyini bilmirdi və ölkəmiz keçid dövründə idi, sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı”.
Bütün bunlara ölkəmizin dirçəlməsini istəməyən bədxah dairələrin məqsədli maneələrini, təzyiq və təhdidlərini, eləcə də onların qardaş Türkiyəni layihədən kənarda saxlamaq cəhdlərini əlavə etsək, Ulu Öndər Heydər Əliyevin neft strategiyasını reallaşdırmaq üçün hansı çətinliklərdən keçməli, hansı nüfuzlu dairələrin müqavimətini qırmalı olduğunu indi yalnız təxmin edə bilərik. Çünki Ulu Öndərin həmin dövrdə təməlini atdığı neft strategiyası ölkəmizin inkişafı ilə yanaşı, müasir Azərbaycanın iqtisadi müstəqilliyinin bünövrəsini də qoyurdu. O vaxt iqtisadi müstəqilliyimizin təməli atılmasaydı və bu strategiya 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilməsəydi, bu gün siyasi müstəqilliyimizdən danışmaq olduqca çətin, bəlkə də mümkünsüz olardı. Xaricdəki məlum bədxahlarımız və onların gəzişdiyi notlarda oynamaqda davam edən radikal müxalifətin ayrı-ayrı nümayəndələri dil boğaza qoymadan hələ də iddia edirlər ki, uğurlarımıza görə yalnız təbii sərvətlərimizə borcluyuq. Bu, həmin siyasət xəsislərinin həqiqətə söykənməyən və ictimai fikri çaşdırmağa hesablanmış çoxsaylı uydurmalarından biridir. Azərbaycandan qat-qat zəngin ölkələr var, amma bu, onlara uğur, rifah və müstəqillik gətirmədi. Yaxın Şərq nümunələrinə diqqət yetirmək bu iddianın nə qədər qərəzli və absurd olduğunu görmək üçün yetərlidir. Liviyanın, İraqın təbii sərvətləri ölkəmizin təbii resurslarından dəfələrlə çox idi. Bəs, nə oldu? İndi həmin ölkələrin təbii sərvətləri və iqtisadi inkişaf imkanları deyil, yalnız viran qalmış coğrafiya və tökülən qardaş qanı yada düşür. Bədxahlarımız qalsın bir tərəfdə. Amma bu reallığı görməyən və ya görmək istəməyən öz içərimizdəki siyasət uğursuzlarının nəzərinə mayın 30-da öləmizə rəsmi səfər edən İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun mövqeyini çatdırmaq tam yerinə düşür: “Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm”. Mayn 31-də Bakıda səfərdə olan ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində lider mövqeyə yüksəldiyini xüsusi qeyd etdi. ABŞ Prezidenti Cozef Baydenin və Böyük Britaniyanın Baş naziri Rişi Sunakın 28-ci Beynəlxalq Xəzər Neft-Qaz sərgisi ilə bağlı Prezident İlham Əliyevə ünvanladıqları məktublarda qeyd olunmuş yüksək səviyyəli fikirlər müasir Azərbaycanın dünyanın yenidən qurulan təhlükəsizlik arxitekturasında hansı əhəmiyyətli mövqeyə yüksəldiyinə dəlalət edir. Bu nailiyyətin arxasında təbii resurslardan yalnız dövlət maraqlarımıza uyğun səviyyədə istifadəyə təminat verən Azərbayvan Prezidentinin qətiyyətli siyasi iradəsi dayanır. Baxmayaraq ki, bu nəticəyə mane olmaq istəyən bədxahlarımızla yanaşı, iqtisadi rəqiblik səbəbindən müqavimət göstərən çoxsaylı, bizdən də böyük neft-qaz potensialı olan ölkələr olub. Ona görə də müasir Azərbaycanın uğurlarını həzm edə bilməyən bədxahlarımıza, xüsusən də öz içərimizdən olub həqiqətləri görə və ölkəmizin uğurlarına sevinə bilməyənlərin nəzərinə ABŞ Prezidenti Cozef Baydenin məktubundan bu misraları çatdırmaq istərdim: “Bu tədbir ölkələrimizin təhlükəsiz və təmiz enerji ilə bağlı gələcəyə birgə sadiqliyini vurğulayır. Azərbaycan bu səylərin həyata keçirilməsində vacib rol oynayır”.

Ülvi Quliyev,
Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90