Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun fizioterapiya və tibbi bərpa kurslarının rəhbəri, tibb elmləri doktoru, professor Nailə Məmmədova ilə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Quliyev arasında işgüzar görüş keçirilib.
Görüş zamanı Azərbaycanda sağlamlıq turizminin inkişaf perspektivləri, ölkənin zəngin təbii müalicə resursları və bu sahədə mövcud potensial geniş müzakirə olunub. Xüsusilə Naftalan nefti, Qalaaltı mineral suları, eləcə də Şərqi Zəngəzur və Qarabağ bölgələrinin sağlamlıq turizmi imkanları diqqət mərkəzində olub.
Eyni zamanda qeyri-ənənəvi müalicə üsulları, o cümlədən pant vannaları və talassoterapiya istiqamətində əməkdaşlıq imkanları da nəzərdən keçirilib.
Tərəflər sağlamlıq və müalicə turizmi sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.























