image-rt-reklam
image-1backend

“Azərbaycanda Rusiyanın 3 ən təhlükəli adamı var, ikisi yüksək vəzifədədir”

image-728x90
Ulusal.az Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “AzPolitika”-ya müsahibəsindən bir hissəni təqdim edir:  

– Rusiyanın daxilindəki vəziyyət sabit deyil, müharibədən qaynaqlanan çox ciddi problemlər var. İqtisadi vəziyyətin çətinləşəcəyi gözlənilir, güc strukturları arasında qarşıdurma hiss olunur. Hətta bizim region ölkələrinə münasibətdə də biz bunu görürük. Rusiyada nə gözləmək olar?

– SSRİ dağılmamışdan əvvəl amerikanların Rusiya ilə bağlı bir analitik təhlil yazısını oxumuşdum. Orada deyilirdi ki, 50 ildən sonra biz Rusiyanın simasında böyük bir müsəlman dövləti görəcəyik və buna hazırlaşmaq lazımdır. Bu nə deməkdir? Rusiya böyük sürətlə müsəlmanlaşır. Burada 3 faktor var – türk xalqları böyük sürətlə artır, ruslarda artım mənfidir, müsəlman ölkələrindən olan miqrantlar durmadan Rusiyaya axın edir, Rusiyada xristianların İslamı qəbul etməsi sürətlə populyarlaşır. Bu faktorlar ona gətirib çıxaracaq ki, Rusiya həqiqətən də getdikcə türklərin və müsəlmanların təsirinə düşəcək. Bu demoqrafik proses ya Rusiyanın parçalanmasına gətirib çıxaracaq, ya da rusların mütləq ağalığına son qoyacaq. Bu gün görürük ki, Putin İslam dünyası ilə bağlı ehtiyatlı bir siyasət aparır. Putin çalışır ki, İslam dünyasını həmişə müdafiə eləsin. Fələstində bunu edir, İranla və Türkiyə ilə dostuq münasibətləri qurur. Sırf öz daxilindəki İslam faktoruna görə. Eyni zamanda İslam dünyasının gücündən istifadə edib Amerikaya qarşı durmaq məqsədi güdür. Yəni, burada çox mürəkkəb proseslər gedir.

– Azərbaycanla münasibətlər də Rusiyadan qaynaqlanan məlum hadisələrə görə gərginləşib…

– Bu, təbii gərginlikdir və onun 200 illik tarixi var. Təyyarə hadisəsi bunun kiçik bir hissəsidir. Sadəcə, gərginliklər bəzi zamanlarda üzə çıxır. Məsələn, 20 yanvar o gərginliyin açılmasından biri idi. Eləcə də 31 mart soyqırımı, Xalq Cümhuriyyətinin ləğvi, Çar Rusiyası dönəmindəki üsyanlar və s. Bunlar həmin o gərginliyin üzə çıxmasıdır. İndi də Rusiya Ukraynada məqsədinə çatmır. Dediyim kimi, rusların məqsədi Ukraynadan torpaq qoparmaq deyil, məqsəd Ukraynanı tamamilə özlərinə uyğun bir dövlət halına salmaq, SSRİ yaratmaq, digər ölkələri də buna birləşdirib ittifaq dövləti qurmaqdır. İndi ruslar istəyir ki, Azərbaycanı bu işə cəlb eləsinlər. Hazırda Azərbaycanla bağlı rusların dörd ciddi narahatçılığı var:

Birincisi, Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi;

İkincisi, transmilli layihənin Rusiyadan kənar keçirilməsi;

Üçüncüsü, Azərbaycanın Suriya məsələsində Türkiyə ilə bir yerdə olması;

Dördüncüsü, Azərbaycanın Türk Dövlətləri Təşkilatının aktiv yaradıcılarından biri olması. Bu dörd faktor Rusiyanın strateji maraqlarına ziddir. Ona görə də Azərbaycanı öz təsirinə salmaq istəyir. Məqsəd də özündən yan keçən transmilli layihələrə nəzarət etmək, Türk Dövlətləri Təşkilatını zəiflətmək, Türkiyənin Cənubi Asiyaya doğru inkişafının qarşısını almaqdır. Rusiya indi başa düşür ki, əslində Azərbaycan Ukraynadan 10 dəfə daha əhəmiyyətlidir.

Bu təyyarə məsələsi nə vaxt oldu? İlham Əliyev MDB liderlərinin qeyri-rəsmi görüşünə gedən zaman. Həmin sammitdə SSRİ-nin bərpası məsələsi ortalığa çıxa bilərdi. Bu da Azərbaycanın suverenliyini təhlükə altına atırdı. Prezident İlham Əliyev suverenlik və müstəqillik məsələsində qəti fikirdədir. Prezident birdən-birə bu ili niyə suverenlik ili elan etdi? Biz 1990-cı ildə müstəqillik əldə etmişik, 40 ilə yaxın vaxt keçəndən sonra suverenlik ili elan olunur. Bu, Rusiyanın bizim suverenliyimizi məhdudlaşdırmaq səylərinə İlham Əliyevin cavabıdır. Bu il millətin və dövlətin diqqəti suverenliyin qorunmasına yönəlməlidir. Gərginlik Rusiyadan gələn təhlükə bitənə qədər saxlanılacaq. 4-5 ildir rus məktəbləri məsələsini qaldırıram. Azərbaycanda siyasi partiya liderləri arasında məndən başqa bu məsələdə radikal çıxış edən biri yoxdur. Bu gün müxalifəti söyən Elşad adlı deputat məndən də qat-qat radikal çıxış edir ki, niyə ökədə rus məktəbi olmalıdır?

– Bu çıxış nə deməkdir ki?

– Bu o anlama gəlir ki, necə ki, “Rus Evi” bağlandı, yaxın vaxtlarda rus məktəbləri də qapadılacaq. Çünki rus məktəbləri Rusiyanın Azərbaycanda mədəni təsirini yaratmaq məqsədi güdür. Ondan sonra siyasi təsir gəlir. Sən öz düşüncənə görə rusu ağıllı, mədəni xalq hesab edirsənsə, müttəfiq ölkə olaraq özünə Rusiyanı seçməlisən. Əvəzində Türkiyəni gözdən salırdılar. Amma indi Türkiyə öz hərbi sənayesini elə səviyyədə gücləndirib ki, bu gün onun əleyhinə heç kim danışa bilmir. Bu baxımdan, Azərbaycandakı ruspərəst qüvvələrin əli zəifləyib. Bundan istifadə edib rus məktəblərini, mədəniyyət mərkəzlərini bağlayacaqlar. Beləcə, Azərbaycanın suverenliyi üçün real təhlükə aradan qalxacaq. Rusiyanın artıq Azərbaycanla zor dili ilə danışmaq imkanı yoxdur.

– Bəs daxildəki şəbəkələr necə?…

– Bilirsiz, əgər onlar öz xalqını rusa satıbsa, rusu da bizə satar. Burda ciddi siyasət aparılsa, hətta milyonlarını qurban verib, xalqa xidmət etməkdən başqa yolları yoxdur. Sadəcə, hələlik lazım olan konsentrasiyaya gəlib çıxmamışıq. Rusiyanın təsiri zəflədikcə, həmin məmurların fəaliyyətində dönüş olacaq.

– Onlara qarşı konkret tədbirlər görülə bilərmi? Bu yaxınlarda adlar çəkildi. Ramiz Mehdiyevin, başqalarının…

– Ramiz Mehdiyev hakimiyyətdə qalan rus emissarlarını diqqət mərkəzindən yayındırmaq üçündür. Azərbaycanda 3 ən təhlükəli adam var. Onlar bilavasitə Rusiyanın Azərbaycandakı maraqlarını təmin edir və dövlət orqanları üzərində nəzarəti həyata keçirməyə çalışırlar. Onun biri Ramiz Mehdiyevdir. İkisi isə hakimiyyətdədir. Özü də yüksək vəzifədədirlər.

– Kimlərdir, deyə bilərsinizmi?

– Hər halda, onların kimliyini hökumət özü yaxşı bilir.

– Yəni, onların ölkənin daxili və xarici siyasətinə təsir etmək imkanları varmı?

– Biri iqtisadi sektordadır, digəri isə hüquq-mühafizə orqanlarına nəzarət edir. Amma indi burada Türkiyə faktoru var. Orduda müşavir türk generalıdır. Zabitlərimizin bir çoxu Türkiyədə təhsil alıb. Rusiya da öz adamını “yuxarı” yerləşdirib. Amma, orduda da, DİN-də də qüvvələr nisbəti tamamilə Rusiyanın xeyrinə deyil.

– Suverenlik ili çərçivəsində referendum gözləyirsinizmi? Konstitusyada müəyyən məhdudiyyətlər var. Məsələn, xarici bazaların ölkədə yerləşdirilməsinin yolverilməzliyi kimi. Konstitusiya ilə bağlı referendum ola bilərmi?

– Əvvəla, Türkiyənin Azərbaycanda bazasının olmasına ehtiyac yoxdur. Türkiyə ilə Azərbaycan arasında Şuşa, eyni zamanda Türkiyə və Pakistanla Azərbaycan arasında Bakı müqavilələri var. Hər iki müqaviləyə görə, bu ölkələr bir-birilə hərbi müttəfiqdir. Birinə bir şey olsa, digəri avtomatik müdaxilə edəcək. Baza o ölkələr arasında olur ki, bir ölkənin digərinin ərazisində məhdud mövcudluğu olsun. Belə demək olarsa, bu gün Azərbaycan bütünlükdə Türkiyə üçün bazadır. İkincisi, Azərbaycan ordusu Türkiyə modelində formalaşdırılır. Bazaya nə ehtiyac var? Türkiyəyə baza versək, Rusiya da, ABŞ də eynisini istəyəcək. Belə bir dönəmdə konstitusiya dəyişərsə, Rusiya aktivləşəcək və baza yaratmağa çalışacaq. Ən yaxşısı Qoşulmama Hərəkatında qalmaq və konstutusiyanın bu maddəsini saxlamaqdır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90