Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Dövlət başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.
İyunun 2-də Bakı Ekspo Mərkəzində öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində dövlət başçısı İlham Əliyev diqqətə çatdırdı ki, “Əsrin müqaviləsi” regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi. Ölkə başçısı deyib ki, “Artıq qeyd edildiyi kimi, 1994-cü ildə ilk sərgi təşkil olunmuşdur və həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə müqavilə bağladı. Daha sonra bu, “Əsrin müqaviləsi” adlandırıldı. O, əslində, regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi”.
“Bu, Prezident Heydər Əliyevin baxışına uyğun idi”, – deyə dövlətimizin başçısı əlavə edib.
Tədbirdə 39 ölkədən 267 şirkətin iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Dövlət başçısı İlham Əliyev bu tədbirin sərgilərinin açılış mərasimində bir daha qeyd etdi ki, qaz təchizatımızın coğrafiyası bundan sonra da genişlənəcək.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, bu gün Azərbaycan sabit siyasi sistemə malikdir, iqtisadiyyatımız inkişaf etməkdədir. Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyən dövlətimizin başçısı xarici borcumuzun ümumdaxili məhsulun 7 faizini təşkil etdiyini vurğulayıb.
Hazırda Azərbaycanın yaşıl enerji gündəliyi çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da ölkəmizin məsuliyyətini nümayiş etdirir. Dövlətimizin başçısı, həmçinin bildirib ki, bütün bu yaşıl enerji potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpaolunan enerji hesabına təmin edəcəyik.
Artıq ölkəmizin neft-qaz sahəsində əməkdaşlıq təcrübəsi nümunə göstərilir. Yeni yataqların aşkarlanması neft-qaz ehtiyatlarının həcminin artmasına geniş imkanlar açır ki, bu da yeni layihələrin gündəmə gətirilməsini zərurətə çevirir. Bu gün enerji inkişafımızın yeni bir mərhələsindəyik. Avropa təsisatları ilə münasibətlərimiz çox əhəmiyyətlidir. Yeni qaz yataqlarının kəşfi ölkəmizin qaz potensialına böyük töhfədir.
Keçirildiyi 30 il ərzində “Bakı Enerji Həftəsi” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə verib, dünyanın 80 ölkəsindən 9 mindən çox şirkəti, 170 mindən artıq ziyarətçini cəlb edib.
Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksəksəviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir.
“Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilmişdir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür. Dövlətimizin başçısı bildirib ki, ötən illər ərzində bu təşəbbüs enerji sahəsində qlobal meyillərə uyğun şəkildə genişlənmiş və “Bakı Enerji Həftəsi” formatını almışdır. Ənənəvi enerji mənbələrindən bərpaolunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır.
Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciətində bildirb ki, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün də ölkəmizin əsas prioritetləri sırasındadır. Bu istiqamətdə görülən işlər qlobal enerji bazarında Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş mövqeyini daha da gücləndirir. Tədbirin geniş miqyası və beynəlxalq əhatə dairəsi də bunu təsdiq edir. Dünyanın səksən ölkəsindən şirkətlərin iştirak etdiyi “Bakı Enerji Həftəsi” beynəlxalq enerji əməkdaşlığında Azərbaycanın tutduğu yerin göstəricisidir.
Dövlətimizin başçısı qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı isə dayanıqlı enerji strategiyasının əsas istiqamətidir. Uğurlu strateji yanaşmalar enerji sektorunda Azərbaycanın davamlı inkişafı üçün yeni imkanlar yaradır. Həyata keçirilən təşəbbüslər, həmçinin ətraf mühitin qorunmasına məsuliyyətli münasibətimizi və enerji sahəsində liderlik iddiamızı əks etdirir. “Əminəm ki, “Bakı Enerji Həftəsi” öz zəngin ənənəsinə və innovasiyaya açıqlıq prinsipinə sadiq qalaraq, beynəlxalq dialoqun dərinləşməsinə, yeni tərəfdaşlıqlar qurulmasına və faydalı əməkdaşlığın inkişafına mühüm töhfə verəcəkdir”, – deyə Prezident vurğulayıb.
Beləliklə qeyd etmək lazımdır ki, Azərbaycanda keçirilən növbəti mötəbər tədbir ölkəmizə və Prezident İlham Əliyevə böyük etimadın nümayişidir.
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor