“Zaqrebdəki ilk oyun kifayət qədər maraqlı və gərgin alındı. Meydanda bərabər səviyyəli mübarizə gördük. Sadəcə, “Qarabağ”dan fərqli olaraq, “Dinamo” əlinə düşən fürsətləri qola çevirməyi bacardı”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sabah” klubunun sabiq baş məşqçisi Jelko Sopiç UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”la Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası arasında keçiriləcək cavab matçı barədə danışarkən deyib.
Xorvatiyalı mütəxəssis Zaqreb təmsilçisinin mərhələ adlamağa daha yaxın olduğunu bildirib: “Düzdür, “Qarabağ” Bakıda “Dinamo”ya 4 qol vura bilər. Amma Azərbaycan çempionunun mərhələni keçəcəyinə inanmıram. Çünki ilk matçda böyük hesabla uduzduqları üçün daha çox hücumda olmalıdırlar. Bu isə “Qarabağ”ın qol və ya qollar buraxması ilə nəticələnə bilər. Təbii ki, mən “Dinamo”ya azarkeşlik edəcəyəm. Fikrimcə, onlar bu şansı əldən verməyəcəklər”.
Avqustun 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 0:3 hesabı ilə uduzub.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin “Dinamo”nu Almaniyanın “Nürnberq” klubuna dəyişməsinə də toxunan J.Sopiç əlavə edib: “Zaqreb klubunda rəqabət həddindən artıq böyükdür. Buna görə də Mahir əsas heyətə düşməkdə çətinlik çəkirdi. Buna baxmayaraq, oynadığı matçlarda özünü yaxşı tərəfdən göstərirdi. Təsadüfi deyil ki, o, meydanda olduğu müddətdə müsbət göstəricilərə malik idi. “Nürnberq”ə keçidinə gəlincə, düşünürəm ki, Almaniyaya getməsi düzgün qərardır”.
Qeyd edək ki, Mahir Emreli “Nürnberq”lə 1+1 illik müqavilə imzalayıb.