image-rt-reklam
image-1684809698_sebine-xasayeva-ggbackend

Azərbaycanda işğaldan əlamət qalmayacaq!..

image-728x90

Bütün müharibələr torpağa, ərazi iddiasına görə başlayır, ədalətsiz, işğalçılıq müharibəsi kimi tarixləşir. Belə müharibələrin davamı sonda ərazisi işğala məruz qalmış dövlətin ədalətli müharibəsi olur. Xislətində işğala meyil, işğalçıya tərəfdaşlıq olmayan dünya ictimaiyyəti bu müharibəni bəyənir. Onun bəşəri niyyətini dəstəkləyir, dünyanın sabahları üçün gərəkliyini bildirir. Azərbaycanın məruz qaldığı işğalçılıq müharibəsinə görə işğalçı dövləti qınayan dövlətlər az oldu. Niyə? Bu sual çox mətləblərin çözülməsini tələb edir…

Azərbaycan bu problemin (əslində, Ermənistanın əsassız ərazi iddiasının) danışıqlar vasitəsi ilə həllinə çalışırdı,  BMT işğalçı Ermənistana təzyiq göstərmirdi, əslində göstərmək istəmirdi, Ermənistan BMT Təhlükəsizlik Şurasının Qətnaməlirini yerinə yetirmirdi.
2020-ci ilin 27 sentybarından  sonra  Azərbaycanın ədalətli müharibəsinə görə onu dəstəkləyən dövlətlər həm də dünyəvi niyyətləri dəstəkləyirdi, bəşəri istəkləri dəstəkləyirdi. Bu müharibə başlamaya bilərdimi? Ermənistan sülh danışıqlarından yayınmasaydı, atəşkəsə ciddi əməl etsəydi, regionda mövcud status-kvonu saxlamağa cəhd göstərməsəydi, yeni ərazilər işğal etmək niyyəti ilə Azərbaycanın ərazilərində müxtəlif miqyaslı təxribatlar törətməyə meyillənməsəydi, Xankəndidə, işğal etdiyi ərazilərdə fəaliyyət göstərən silahlı dəstələri koordinasiya etməsəydi, bu müharibə başlamazdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə bildirmişdi ki, Azərbaycan dövləti və Azərbaycan xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Bu qətiyyət Ermənistanın xarici siyasətində ciddi dəyişiklik yaranmasını zəruriləşdirmişdi. Ermənistan havadarlarının siyasi və hərbi dəstəyinə ümidlənib işğalçılıq siyasətini davam etdirirdi…
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələri Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutdu. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərini atəşə tutdu. Bu, Ermənistanın ərazilərimizə geniş miqyaslı hücumu idi.  Azərbaycan Ordusunun hissələri bu hücumun qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin döyüş əmri ilə ordu hissələrimiz əks-hücuma keçdi. Bu əmr İkinci Qarabağ müharibəsinin başlanğıcı oldu. Ölkə başçımız  xalqa müraciətində bu müharibənin ədalətli müharibə olduğunu bildirdi. “Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindədir…”. Ali Baş Komandanın bu qətiyyəti ədalətli  müharibəmizdə Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu daha da yüksəltdi…
Ordu hissələrimiz düşmənin müdafiə sədlərini darmadağın edərək irəlilədi, döyüşlərdə ilk qələbələr qazandı. Müharibənin ilk günündə Ağdərə və Mudovdağ istiqamətində yüksəkliklər, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri işğaldan azad edildi. Düşmən işğal müddətində müdafiə sədlərini Cəbrayıl rayonunda da möhkəmləndiribmiş.  Ölkə başçısının dediyi kimi, “Cəbrayıl rayonunun Soltanlı kəndi uğrunda bir neçə gün şiddətli döyüşlər gedirdi. Orada elə istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə istehkamlar olmayıb”.
Hamı, Birinci Qarabağ müharibəsinin veteranları da, tələbələr də, müəllimlər də, orta məktəb şagirdləri də döyüşlərə getmək istəyirdi. Dövlət məhdud səfərbərliklə kifayətləndi. Hamının ruhu döyüşənlərin sırasında idi. Bu baxımdan İkinci Qarabağ müahribəsi xalqın müharibəsi idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabr ayının 30-da Mərkəzi Hərbi Klinik Hospitalda müalicə olunan yaralı hərbi qulluqçularla görüşdə bu döyüşləri “Vətən uğrunda gedən döyüşlər” kimi xarakterizə etdi. Oktyabr ayının 26-da xalqa müraciətində bu müharibəni “Vətən müharibəsi” adlandırdı. İkinci Qarabağ müharibəsi Vətən müharibəsi kimi tanındı…
Vətən müharibəsində Azərbaycan Ordusu əhəmiyyətli mövqe qələbələri qazandıqca Erənistanın məğlubiyyətə yaxınlaşdığını hiss edən bəzi dövlətlər – Ermənistanın siyasi və hərbi havadarları döyüşlərin, müharibənin dayandırılmasını tələb edəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti bu tələbləri ciddi səviyyədə susdurdu: “Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik”.
Azərbaycan Ordusu döyüşə-döyüşə irəliləyir, irəliləyə-irəliləyə döyüşürdü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətləri müharibə gündəliyi idi. Ordumuz noyabrın 9-dək 5 şəhəri, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Vətən müharibəsini tarixi Zəfərlə tamamlayan qadir sərkərdə oldu. İkinci Qarabağ müharibəsi, mahiyyəti etibarilə Vətən müharibəsi belə yaşanıldı. Noyabrın 8-də Şuşa işğaldan azad edildi. Müharibə bu qələbə ilə başa çatdı. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu sənəd azərbaycanın qalibiyyət sənədi idi.
Dekabrın 10-da Bakıda Azadlıq meydanında Zəfər paradı keçirildi. Bu parad ədalətli müharibənin dünyaya boy göstərməsi kimi tarixləşdi. Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etdi. Paradı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdi. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etdi.
Lakin məğlub Ermənistanın silahlı birləşmələri qalib Azərbaycanın ərazilərini tamamilə tərk etməmişdi, dağılmış ordu hissələri son 30 ilin ideoloji mərkəzinə çerilmiş Xankəndidə separatçı erməni silahlı qüvvələri ilə birləşmişdi, Ermənistanın göstərişi ilə müxtəlif təxribatlar törədirdi.  2023-cü ilin sentyabr ayının 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin döyüş əmri ilə antiterror əməliyyatı başladı. Ağdərə, Əsgəran, Xocalı rayonları, Xankəndi şəhəri işğaldan azad olundu, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Dünya gördü ki, hərbi əməliyyatı istiqamətləndirən siyasət, siyasəti, hərbi əməliyyatı Zəfərə çatdıran qüdrətli sərkərədəlik belə olur!..
Bu müqəddəs Zəfərin müqəddəsliyini ölkə başçısının “Mən ata vəsiyyətini yerinə yetirdim” qüruru tamamladı…
Noyabrın 10-da Xankəndidə hərbi parad keçirildi. Bu parad Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasının paradı kimi izlənildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Bakıda Qənimətlər Parkı yaradıldı.
Vətən müharibəsində qələbəyə görə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olundu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır” fikri hər bir azərbaycanlının azərbaycançılıq şüarıdır.
Tarixi Zəfər qazanıldı. İşğaldan azad edilmiş ərazilərimizdə dövlət bayrağımız dalğalandırıldı, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə tarixi Zəfərin davamı kimi quruculuq işləri uğurla davam edir.
Sakinlərin işğaldan azad edilmiş kəndlərə, şəhərlərə qayıdışı da tarixi Zəfərin davamıdır. Ali Baş Komandan kimi İkinci Qarabağ müahribəsini Zəfərlə tamamlayan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaxın vaxtlarda işğaldan əlamət qalmayacaq!..

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90