14-16 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçirilən “Rebuild Karabakh” beynəlxalq sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə olaraq “Qarabağ Kuboku” – Milli Mətbəx İrsi Çempionatı təşkil olunub.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi və Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilən çempionatın əsas məqsədi Azərbaycan mətbəxinin zəngin ənənələrini, xüsusilə Qarabağ bölgəsinin kulinariya irsini nümayiş etdirmək, onu həm yerli, həm də beynəlxalq auditoriyada tanıtmaqdır.
“Qarabağ Kuboku” Qarabağ mətbəxi, müxtəlif ət məhsullarından hazırlanan ənənəvi və müasir milli mətbəx, həmçinin gənclər və böyüklər üçün komanda yarışları, regional milli qənnadı məmulatlarının sərgisi, Qarabağ mövzusunda qənnadı məmulatlarından hazırlanmış bədii heykəllərin nümayişi və sair istiqamətlər üzrə keçirilib.
Yarışlarda iştirak edən aşpazlar həm fərdi, həm də komanda şəklində çıxış edərək, Azərbaycan mətbəxinin zəngin ənənələrini, xüsusilə Qarabağ bölgəsinin unikal kulinariya irsini nümayiş etdiriblər.
Peşəkar kulinariya ustalarından, tanınmış qida ekspertlərindən və milli mətbəx üzrə mütəxəssislərdən ibarət münsiflər heyətinin rəyi əsasında çempionatın qalibləri “Qarabağ Kuboku”, həmçinin fərdi və komanda nominasiyaları üzrə qızıl, gümüş və bürünc medallarla mükafatlandırılıblar.
Qeyd edək ki, üç gün davam edən tədbir çərçivəsində yerli aşpazlarla yanaşı, Türkiyə və Özbəkistanın tanınmış qastronomiya nümayəndələri tərəfindən ustad dərsləri də təşkil olunub. Ustad dərslərində iştirakçılar, xüsusilə gənc aşpazlar Qarabağ və ümumilikdə Azərbaycan milli mətbəxinin incəlikləri, ənənəvi və müasir kulinariya texnikaları ilə yaxından tanış olub, beynəlxalq təcrübə mübadiləsi aparıblar.